“Kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində İşçi Qrup yaradılır” – ZİYAD SƏMƏDZADƏ

Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar öz bəhrəsini verəcək.

Etikxeber.az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Komitə sədri hesab edir ki, iqtisadi islahatların aparılması Azərbaycan iqtisadiyyatını yeni inkişaf mərhələsinə çatdıracaq:
“Hər bir vətəndaşın arzularının bu və ya digər dərəcədə nəzərə alınması ön plana çəkiləcək. İqtisadi islahatların davam etməsi, dərinləşməsi, onun keyfiyyətinin yüksəldilməsi prioritet vəzifə qoyulduğu üçün cənab Prezidentə minnətdaram. İslahatların dərinləşməsi prosesi obyektivdir. Bu gün İqtisadiyyat Nazirliyi kifayət qədər potensiala malik olan quruma çevrilib. Yeni hədəflər, yeni vəzifələr var. Bu vəzifələrə çatmaq, o hədəfləri keçmək üçün təşəbbüslər, yeni yanaşmalar olmalıdır. Fikrimcə, aparılan islahatlar öz bəhrəsini verəcək”.

Z.Səmədzadə qeyd edib ki, ümumilikdə Azərbaycan iqtisadiyyatı tarazlı inkişaf etməlidir:

“Regional inkişaf hər yanda olmalıdır. Paytaxtla region arasında müəyyən sahələrdə olan ciddi uyğunsuzluqlar aradan qaldırılmalıdır”.
Komitə sədri eyni zamanda bildirib ki, Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində İşçi Qrup yaradılır.

Onun sözlərinə görə, İşçi Qrupun yaradılması kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılmış növbəti addımdır:

“Bütün dünyada olduğu kimi Azərbaycanda da kölgə iqtisadiyyatı var. Lakin kölgə iqtisadiyyatının olması təbii hal kimi qarşılanmamalıdır. Biz bunun heç olmazsa, ildən-ilə azaldılmasına nail olmalıyıq. Almaniyada kölgə iqtisadiyyatı 100 milyard dollardan çox, təxminən 14-15 faizdir”.

Z.Səmədzadə qeyd edib ki, kölgə iqtisadiyat ilə mübarizə istiqamətində konkret işlər aparılır və bu işlər genişlənməlidir.

“Vergilər Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində çoxsaylı faktlar aşkar edilib. Bu fəaliyyətin nəticəsində 140 min nəfər əmək müqaviləsi bağlayıb. Sənədləşmə prosesi və Vergilər Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişiklərin bir hissəsi də kölgə iqtisadiyyatının azalması istiqamətində atılan addımlardır. Kölgə iqtisadiyyatının azalması ölkənin imicini qaldırır”.

Etikxeber.az

Read Previous

“Ölkə köklü dəyişiklik ərəfəsindədir…” – ELNUR ASLANOV YAZDI

Read Next

“Paşinyan Mütəllibovdan sitat gətirir ki…” – “MÜSAVAT” BAŞQANI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir