Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hər dəfə özümə söz verirəm ki, artıq heç nəyə qarışmayacağam, heç nəyə münasibət bildirməyəcəyəm, çoxları kimi “yaxşı oğlan”lardan olacağam, amma çifayda…
Alınmır, haqsızlıq, açıq-aşkar ədalətsizlik, siyasi qısqanclıq, paxıllıq baş alıb gedəndə sakit dayana, əlimi çənəmin altına qoyub,“müdrik” görkəm alıb, poz verib, səssiz qala bilmirəm…
Çünki daşıyıcısı olduğum, daşıdığım dəyərlər buna imkan vermir…
…Milli Məclisin sədri, professor Sahibə xanım Qafarovanın İran İslam Respublikasına səfəri başlayıb, daha doğrusu, Cənub qonşumuzun yeni prezidentinin inaqurasiya mərasimində iştirak etmək üçün nümayəndə heyəti ilə İrana gedib…
Və İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf və İranın yeni Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb, həm də məlum mərasimdə iştirak edib…
Hamıya məlumdur və heç kim üçün də sirr deyil ki, qonşu dövlət İslam Respublikası, yəni, dini dövlət olduğu üçün İrana səfər edən istənilən yüksək ranqlı siyasətçilər, rəsmilər, dövlət adamları-xanımlardan söhbət gedir- həmin ölkənin qaydalarına, şərtlərinə uyğun qiyafət seçir, paltar geyinir, başlarına örpək bağlayırlar…
Burada da artıq təəccüb və təəssüf doğuracaq bir məqam, məsələ yoxdur…
1979-cu ilin məlum hadisələrindən sonra belədir və çox güman ki, uzun illər də belə davam edəcək…
Sahibə xanım da məhz həmin qaydalara, belə demək mümkünsə, prosedurlara uyğun hərəkət edib, davranıb, səfər etdiyi təyyarənin trapından enəndən məhz uzun ətəkli paltar geyinib, başına qara örpək örtüb və koronavirus pandemiyası səbəbi ilə maskadan istifadə edib…
Və onu da mütləq şəkildə qeyd edim ki, İran parlamentinin sədri görüşdə Sahibə xanımı əsl peşəkar siyasətçi, dövlət xadimi kimi manevr, şahmat gedişi edib, qonşu ölkəyə, onun ali qanunverici orqanına 20-ci əsrin ən qanlı qətliamlarından olan Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa çağırış edib…
Spiker kimi, Azərbaycan parlamentin sədri kimi, dövlətini, vətənini sevən, onun maraqlarını hər şeydən uca tutan əsl Azərbaycanlı kimi üzərinə, çiyinlərinə düşən vəzifəni, missiyanı yerinə yetirib…
30-35 milyona yaxın soydaşımızın, Güney Azərbaycan türklərinin yaşadığı ən böyük Cənub qonşumuzu haqlı olaraq, Haqqın yanında olmağa, bir çox ölkələr kimi, Xocalı qətliamınını pisləməyə, rəsmən tanımağa səsləyib…
İndi qarşı tərəf bununla bağlı hansı addım atacaq, bu, hələlik məlum deyil və məsələnin digər tərəfidir, həm də görünən odur ki, yenə bunun üstündən sükutla keçilməyə çalışalacaq, necə ki, illərdir belə edilir…
Amma Sahibə xanımın bu cür davranışı, usta, mahir gedişi, Azərbaycanın maraqlarının yüksək səviyyədə ifadəsi qalıb bir tərəfdə, sosial şəbəkələrdə onun geyimi “müzakirə” mövzusuna, əslində isə dedi-qoduya, şər-böhtana çevrilib…




Bilən də “yazır”, “danışır”, bilməyən də…
Bəziləri Sahibə xanımı dəstəkləsələr də, bəziləri də “babam mənə kor deyib, hər ötənə vur deyib” “prinsipi” ilə hərəkət edərək, Sahibə xanıma “cəbhə” açıblar, ona qarşı” fürsət bu fürsət” deyərək, əsassız və haqsız iradlara, ittihamlara, iftiralara baş vurublar…
Hətta bəzilərinin gözləri o dərəcədə “tutulub” ki, Sahibə xanımın istifadə etdiyi maskanı belə yaşmaqla “səhv” salıb, eyniləşdiriliblər…
Cənablar, yoldaşlar, əfəndilər, bəylər…, bu qədər də olmaz, özünüzə gəlin, olanı qoyub, görünəni görüb, görməzdən gəlməyin, olmayanı danışmayın, çamur, çirkab atmayın…
Xüsusilə də, bütünfəaliyyəti dövründə-istər sıravi millət vəkilliyi, istər spikerliyi dönəmində-hər zaman Azərbaycanın mənafe və maraqlarının təmsilçisi kimi çıxış edən, hörmət və izzət sahibi olan bir Azərbaycan xanımına qarşı yumşaq şəkildə desəm, insafsız və ədalətsiz davranmayın…
Sevməyə, qəbul etməyə bilərsiniz, bu, sizin öz işiniz, öz seçiminizdir, amma göz görə-görə həqiqətləri, olanları təhrif, təftiş etməyə, çamur atmağa, iftira yağdırmağa isə düşərgənizdən, hansı qruplaşmada olmağınızdan asılı olmayaraq, haqqınız, hüququnuz yoxdur…
Kimsə sizə belə bir haqq-hüquq verməyib…Elə düşünürsünüzsə, yanlışınız var, düz yolda deyilsiniz…
Kənardan özünüzə baxın və görəcəksiniz ki, hərəkətləriniz, davranışlarınız uşaq cığallığı təsiri bağışlayır və komik görünür…
Yenə də seçim sizindir, komik görünmək istəyirsinizsə, buyurun, davam edin!!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az