“Komitə sədri seçiləcəyimi gözləmirdim…”- MM-İN AQRAR SİYASƏT KOMİTƏSİNİN YENİ SƏDRİ BUNU YÜKSƏK ETİMAD ADLANDIRDI

Mənə göstərilən yüksək etimada, Aqrar siyasət komitəsinin sədri seçilməyimə görə, parlamentin rəhbərliyinə və üzvlərinə, Milli Məclisdə (MM) çoxluğu təşkil edən hakim Yeni Azərbaycan Partiyasına (YAP) minnətdarlığımı, dərin təşəkkürülərimi bildirirəm. Bu, böyük etimad və böyük məsuliyyətdir, üzərimə böyük məsuliyyət qoyur.

Bunu Etikxeber.az-a açıqlamasında MM-in Aqrar siyasət komitəsinin yeni sədri, 5-ci dəfə millət vəkili olan Tahir Rzayev deyib.

“Tam səmimi şəkildə deyirəm ki, bu, mənim üçün gözlənilməz oldu. Komitə sədri seçiləcəyimi düşünmürdüm. Çox sağ və var olsunlar bir daha etimadlarına görə. 20 ilə yaxındır ki, parlamentdə təmsil olunuram. Regional siyasət, sonuncu çağırışda isə həm də Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü olmuşam”-deyən komitə sədrinin sözlərinə görə, 20 il az müddət deyil, böyük təcrübədir.

“Odur ki, 20 illik təcrübəmdən aqrar qanunvericiliyin hazırlamasında və daha da təkmilləşdirilməsində əlimdən gələni əsirgəməməyə, mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Parlamentin yeni rəhbərliyi, yeni sədarət, ümumiyyətlə, yeni heyət çox əladır. Kimsə bir söz deyə, irad tuta bilməz. Eyni zamanda, parlament rəhbərliyində, komitələrdə müavinlər səviyyəsində digər partiyaların, müxalifətdən olan parlamentarilərin təmsilçiliyi də çox müsbət və təqdirəlayiq hadisədir. Demək olar ki, parlamentdə bütün siyasi palitra təmsil olunub və bunun özü ölkəmizin demokratikliyindən, çoxpartiyalılığın inkişafından, demokratik imicin yüksəlməsindən xəbər verir. Hər kəsə, parlamentin yeni rəhbərliyi başda olmaqla, bütün həmkarlarıma Azərbaycanın inkişafı, tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıram. Hesab edirəm ki, parlament çox gözəl işləyəcək. insanların, seçicilərin etimadına layiq olacaq”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Qeyd edək ki, indiyə qədər, 5 çağırış MM-də (1995-2020-ci illərdə) Aqrar siyasət komitəsinə professor Eldar İbrahimov rəhbərlik edib.

Bu dəfə isə həmin komitəyə 2001-ci ildən MM-in üzvü olan T.Rzayev seçilib.

E. İbrahimov isə MM-in İntizam Komissiyasının (Ağacan Abiyevin yerinə) sədri seçilib.

Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, 4-cü dəfə millət vəkili olan Sabir Hacıyev də Aqrar siyasət komitəsinin sədr müavini vəzifəsində professor Eldar Quliyevi əvəzləyib.

Aqrar siyasət komitəsinin üzvlərinə gəlincə, tərkib hələ tam müəyyənləşməyib.

Bununla belə, komitə üzvləri arasında sabiq komitə sədri E.İbrahimov, sabiq sədr müavini Eldar Quliyev, o cümlədən, Novruz Aslan, İqbal Məmmədov, Cavanşir Paşazadə, Eldəniz Səlimov və digərləri var.

Həmçinin, üzun illər T. Rzayevlə Regional məsələlər komitəsində təmsil olunan Azər Badamov Aqrar siyasət komitəsinə keçib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik…” – İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

Milli Məclisin komitələrinin tərkibləri-AYIN 13-DƏ PLENAR İCLASDA TƏSDİQLƏNƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir