Komitədə dəyişiklik, pensiyaların artımı, inhisarçılıq, “leş mafiyası”…. – YENİLƏNİB – (1)

Parlament komitəsinin tərkibi dəyişdirildi

Parlamentin Gənclər və idman komitəsinin tərkibinə dəyişiklik edilməsi təklif olunur.

Etikxeber.az  xəbər verir ki, bu barədə məsələ Milli Məclisin (MM) fevralın 19-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, deputatlar Adil Əliyev və Rauf Əliyev sözügedən komitənin üzvlüyündən çıxarılır. Komitə üzvlüyünə 3 deputatın – Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

İclasda sonra “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihələri sonuncu-III oxunuşda müzakirəyə çıxarılıb.

Hər iki qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Belə ki, “Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsində dövlət himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər konkretləşib. Qanun layihəsinə əsasən, Azərbaycan Prezidenti seçilən şəxsin andiçmə mərasimində (Prezident and içdikdən sonra), Prezidentin Milli Məclisin iclaslarına gəldiyi zaman, Milli Məclisin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Naxçıvan Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı, Azərbaycanın bayramlarına həsr edilən təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı, Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda, Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və milli qəhrəmanların abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı, dövlət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycanın dövlət bayrağı qaldırılarkən və ya asılarkən), Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra) mütləq ifa edilir.

Bununla yanaşı, Azərbaycanın dövlət himni musiqisinə uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir. Himn ifa edildikdə Azərbaycanın vətəndaşları himni ayaqüstə, farağat vəziyyətdə, sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar. Eyni zamanda, himn ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər himni ayaqüstə, farağat vəziyyətdə və sona qədər dinləməlidirlər.

Ə. Hüseynli qeyd edib ki, himni oxuyarkən və dinləyərkən hansı vəziyyətdə  durmaqla bağlı həmkarları tərəfindən təkliflər irəli sürülüb: “Əsas təklif farağat vəziyyətdə durmaqla bağlı olub və bu üçüncü oxunuşda nəzərə alınıb. Artıq bundan sonra dövlət himni farağat vəziyyətdə oxunulub dinləniləcək”.

“Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində də dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib.

Qanun layihəsində qeyd olunur ki, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Bununla yanaşı, sənəddə göstərilir ki, dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanun layihəsinə əsasən, tələbləri pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Hər iki qanuna dəyişikliklər səsə qoyularaq qəbul edilib.

***

hadi racabli-hadi

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirədə…

İclasda həmçinin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

Bu haqda parlamentin Əmək və sosial siyasət komitəsinin sdəri Hadi Rəcəbli məlumat verib. O, qeyd edib ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq: “Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə, əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq”.

Fazil Mustafa: İnhisarçılığı aradan qaldırmaq lazımdır

“Mən bu yaxınlarda “talkuçka”ların birində oldum. Orada satıcıların vəziyyəti ürəyimi ağrıtdı”.

Bunu müzakirələr zamanı  deputat Fazil Mustafa  deyib.

Millət vəkilinin  sözlərinə görə, ələbaxımlı vətəndaşların sayını artırmaq dövlət siyasətinə uyğun deyil: “Bizi haqsız rəqabət, inhisarçılıqla bağlı vəziyyət narahat edir. Yavaş-yavaş inhisarçılığı aradan qaldırmaq lazımdır. Tikinti sektorunda vəziyyət bəllidir. Çünki pilot layihələr həyata keçirilir. Xarici investorların ölkəyə gəlməsinə imkan yaratmalıyıq. Pensiyaları artırmaq aztəminatlı ailə üçün vacibdir. Bir vaxtlar kiçik problemlərini həll etməyənlər ciddi problem yaşadılar. Azərbaycanda vəziyyət stabildir. Lakin elə vəziyyət yarana bilər ki, insanların kiçik narazılığından istifadə edilə bilər. Ən yaxın zamanda Rəqabət Məcəlləsi qəbul edilməlidir. Hansı sahibkarın, investorun hüququ pozulursa, qısa zamanda bu problem aradan qaldırılmalıdır.Məsələn, qonşu Gürcüstana sahibkarlar investisiya qoyurlar. Gürcüstan sahibkarların problemini məhkəmələrdə islahatlar yolu ilə həll etdi. Biz yolu açmasaq, problemlər üst-üstə gələcək.  Eyni zamanda ölkə başçısına neqativ hallarla bağlı dərhal məlumat verəcək mexanizm hazırlanmalıdır”.

***

Aydın Mirzəzadə: İnsanların mənzillə təmin edilməsi üçün  hər dəfə yeni yollar axtarılır

aydinnn

YAP-çı deputat Aydın Mirzəzadə  deyib ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda əmək haqlarının, pensiyalarının artımı inflyasiyaya və qiymət artımına gətirib çıxarmır:

“Bu, yeridilən siyasətin düzgünlüyündən və uzaqgörənliyindən xəbər verir”. Millət vəkili bildirib ki, Azərbaycan bütün bu addımları öz gücü hesabına həyata keçirir: “Bir çox ölkələr isə bu kimi addımları xaricdən aldığı kreditlər hesabına edir. Amma biz öz gücümüzə bunları reallaşdırıq.Burada deputat həmkarımın pilot layihələrlə bağlı çıxışı ilə bağlı deyə bilərəm ki, pilot layihələrlə bağlı məsələ həllini tapacaq. Sadəcə, texniki məsələlər var ki, onlar da tezliklə həll olunacaq. İnsanların mənzillə təmin edilməsi üçün  hər dəfə yeni yollar axtarılır”.

Deputat Siyavuş Novruzov  çıxışında qeyd edib ki, ölkə prezidenti seçildiyi gündən islahatların keçirildiyini bəyan etmişdi: “Ayrı- ayrı sahələrdə insanların təminatı ilə bağlı proqramlar hazırlanmışdı. Lakin bəziləri ölkə başçısının atdığı addımları özlərinə çıxmaq istəyirlər. Bu, onların naşılığıdır. Vətəndaşlar tərəfindən bu atılan addımları müsbət qarşılanır. Bu addımlar kiminsə yürüş piket keçirilməsinin nəticəsi deyil”.

Çingiz Qənizadə: Bunun arxasında “leş mafiyası” dayanır

cingizzzzzzzzzzzzzzzzzzzzz

Millət vəkili Çingiz Qənizadə  öz növbəsində əmanətlərin tam sığortalanamsı haqqında qanunun müddətinin daha bir il uzadılmasının ölkədə 7 milyon vətəndaşı əhatə etdiyini vurğulayıb: “10 milyonluq əhali üçün bu böyük rəqəmdir.  Ancaq vətəndaşlara verilən kreditlərin faiz dərəcələrinin həddi yüksəkdir. Artıq banklar bu faiz dərəcələrin xeyli aşağı endirməlidirlər”. Deputat həmçinin Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini təqdir edib. Bildirib ki, bu qurumun gördüyü işləri gözdən salmaq istəyən qüvvələr var ki, bunun da arxasında “leş mafiyası” dayanır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu il bu məsələ həll olunmalıdır” – İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

“Vəkildən məmur obrazı düzəltməyə nə ehtiyac var?” – DEPUTATDAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir