Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hadi Rəcəbli: “Büdcənin 33, 5 faizi sosial məsələlərə ayrılıb. Bu da büdcənin sosialyönümlülüyünə dəlalət edir”
Büdcə zərfinin parlamentin komitə iclaslarında müzakirəsi bu gün də davam etdiriləcək.
Etikxeber az xəbər verir ki, büdcə zərfinə daxil olan qanun layihələri bu dəfə Milli Məclisin (MM) daha 5 komitəsinin – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasının müzakirəsinə çıxarılacaq.
Müzakirələrdə adıçəkilən komitənin sədrləri və üzvləri ilə yanaşı, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, maliyyə nazirinin müavini Azər Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edəcəklər.
Komitələrin birgə iclasına MM-in Əmək və sisial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli sədrlik edəcək.
***
H. Rəcəbli birgə komitələrin iclasını açaraq, büdcə zərfinin müzakirəsinin ölkənin əlamətdar günlərinə – Dövlət Bayrağı , Konstitusiya və Milli Dirçəliş Günlərinə təsadüf etdiyini bildirib:
“Biz ölkənin bu əlamətdar günlərində ali sənədin-büdcə zərfinin müzakirəsinə yığılmışıq. Növbəti ilin büdcə zərfi də çox yüksək səviyyədə tərtib olunub. Təsadüfi deyil ki, büdcənin 33, 5 faizi sosial məsələlərə ayrılıb. Qeyd edim ki, bu göstərici əvvəlki illərdə 26-28 faiz civarında olub. Bu da büdcənin sosialyönümlülüyünə dəlalət edir”.
Komitə sədrinin sözlərinə görə, ümumiyyətlə, büdcə sosialyönümlü olaraq, vətəndaşa xidmət etməlidir:
“Prezident İlham Əliyevin siyasəti də bu məqsədə xidmət edir. Sevindirici haldır ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb”.
***
Azər Bayramov: “Sosial mənzillərin tikintisi və ipoteka layihələrinin icrası üçün növbəti ildə büdcədə 250 milyon manat vəsaitin ayrılması nəzərə tutulur…”
Büdcə müzakirələrində çıxışı zamanı maliyyə nazirinin müavini A. Bayramov bildirib ki, sosial mənzillərin tikintisi və ipoteka layihələrinin icrası üçün növbəti ildə büdcədə 250 milyon manat vəsaitin ayrılması nəzərə tutulur:
“Bu da ötən illə müqayisədə 100 milyon manat çoxdur”.
***
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, büdcə zərfi hərtərəfli təhlil olunub və müvafiq rəy hazırlanıb.
Qeyd edək ki, komitələrdə büdcə müzakirələri noyabrın 13-də başa çatdırılacaq.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az