Qənirə Paşayevadan himnlə bağlı sərt – ETİRAZ – YENİLƏNİB – (2) – VİDEO

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.

Etikxeber.az-ın xəbərinə görə, qanun layihəsi Azərbaycan Respublikasının 1996-ci il 17 may tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə uyğunlaşdırmaq və Milli Məclis haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsində 6 yeni dəyişikliyin edilməsi təklif olunur.

Dəyişikliklərdə Milli Məclisin həll etdiyi məsələlərdən Auditor Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatasının sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulur.

Qeyd olunur ki,  Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur.

Eləcə də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi parlamentin  İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olunur.

***

Dövlət Gerbi və Dövlət Himni haqqında qanun layihələri müzakirəyə çıxarıldı

İclasda həmçinin, “Dövlət Gerbi haqqında” və  “Dövlət Himni haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihələr barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli deyib ki, “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir.

O qeyd edib ki, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin hazırlanması və istehsalı qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:

“Dövlət Gerbinin təsviri olan möhürlərin və blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Dövlət Gerbi “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında”  Konstitusiya qanununa uyğun təsvir edilməli və bu qanunda nəzərdə tutulmuş qaydada istifadə edilməlidir. Sənədə əsasən, bu qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.

Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi Azərbaycan Konstitusiyasının 23-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənməsi və istifadəsi hallarını və qaydalarını müəyyən edir.

***

GANIRE

Millət vəkili qolu sarıqlı vəziyyətdə iclasa gəldi və himnin müəllifləri ilə mübahisələrə sərt reaksiya verdi…

Qeyd edək ki, bugünlərdə Türkiyədə cərrahi əməliyyat keçirən millət vəkili Qənirə Paşayeva əməliyyatdan sonra ilk dəfə parlamentin işinə- plenar iclasına qatılıb.

Millət vəkili qolu sarıqlı vəziyyətdə iclasa gəlib və dövlət himni ilə bağlı qanun layihəsinin müzakirələrində çıxış edib.

O, qeyd edib ki, bu gün çox təəssüflər olsun ki, illərdir oxuduğumuz himnin sözlərinin kimə adi olub-olmaması barədə polemika var. Onun sözlərinə görə, cəmiyyətimiz isə bu məsələdə daha çox Əhməd Cavadın ruhunun narahat edilməsindən narahatdır:“Himnimizin müəllifləri olan hər iki şəxs Azərbaycanın və ilk Cümhuriyyətimizin tanınmış şəxsidir. Əhməd Cavadın məzarı belə yoxdur. Onunla bağlı məsələ, polemika artıq cəmiyyəti qıcıqlandırır. Bu məsələyə nöqtəni qoymalıyıq. Bu himnin müəllifi Əhməd Cavddır, musiqisi Üzeyir Hacıbəylinindir. Mövzunun da polemikaya ehtiyacı  yoxdur. Bu himn cümhuriyyət tarixi ilə yaşıddır.  “Hüququndan keçən əsgər” kimi gözəl sözmü var? Himndə elə bir cümlə yoxdur ki, o, xalqda pessimistlik doğursun. Sözlərdə Azərbaycana məhəbbət  var, onun uğrunda savaşmaq var. Himnimizi bu günə kimi necə sevmişiksə bundan sonra da sevib qorumalıyıq”.

 

***

Tahir Kərimli: Müzakirələr əleyhimə yönəldi, amma cəmiyyətimizə xeyirli oldu

Deputat Tahir Kərimli isə deyib ki, himnlə bağlı müzakirələr onun əleyhinə yönəldi, amma cəmiyyətə xeyirli oldu:

“Himnin mahiyyəti ilə bağlı daha çox məlumatlar əldə edildi. Hazırda məlumat almışam ki, himn beynəlxalq səviyyədə yenidən oranjeman olunacaq”.

Deputat sonra qeyd edib ki, Dağlıq Qarabağı işğaldan azad etməyi istəyən bir millətin himni daha əzəmətəli və keyfiyyətli olmalıdır. T. Kərimli həmçinin söyləyib ki, Müsavat Partiyasının başqanı (Arif Hacılı) himnin sözlərinin dəyişməz olduğunu deyir: “Halbuki onun özü 1992-ci ildə himndə bəzi sözlərin dəyişilməsi ilə bağlı təkliflər vermişdi. Buna görə də, onun ittihamlarını qəbul etmirəm ”.

Müzakirələrdən sonra qanun layihələri birinci oxunuşlarda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Fazil Mustafa tıxac problemindən danışdı…

Read Next

“O qız dayılarını müdafiə edir, çünki genetik kodlar öz işini görür…” – FƏZAİL İBRAHİMLİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir