Yaponiyanın “Konotori-6” pilotsuz yük gəmisi kosmik təmizləyici funksiyasını yerinə yetirməyə yollanıb.
Etikxeber.az-ın NHK telekanalına istinadən yaydığı məlumata görə, bir həftə davam edəcək sınaq müddəti ərzində gəmi kosmik tullantıların təmizlənməsi üçün yeni texnologiyaları yoxlayacaq.
Həmin gəmi yanvarın 28-də səhər saatlarında robotun köməyi ilə Beynəlxalq Kosmik Stansiyadan ayrılaraq müstəqil rejimdə uçuşa başlayıb.
Sınaq müddəti dövründə gəmidən kosmosa 700 metr uzunluğunda metal məftilin buraxılması və ona elektrik enerjisi ötürülməsi nəzərdə tutulur. Həmin prosedur Yerin maqnit sahəsindən istifadə edərək kosmik tullantıların atmosferin sıx qatlarında toplanmasının və sonradan yandırılmasının mümkünlüyünün aydınlaşdırılması məqsədini daşıyır.
Etikxeber.az