“Koronavirus epidemiyasının yayılması iyun ayına qədər bitəcək və dünyada iqtisadi əlaqələr aktivləşəcək” – TAHİR MİRKİŞİLİ – VAHİD ƏHMƏDOVLA ƏLİ MƏSİMLİ ETİRAZ ETDİ, MUSA QULİYEV RAZILAŞMADI – YENİLƏNİB – (5)

Milli Məclisin (MM) martın 13-də keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az məlumat verir ki, qanun layihəsində əmanətlərin tam sığortalanması müddətinin 9 ay, bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur.

“Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb. Xatırladaq ki, 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. 4 mart 2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanıb. Beləliklə, qanuna əsasən, 4 Mart 2016-cı il – 4 Mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub. Bu müddət bu il martın 4-dək uzadılıb. Xatırladaq ki, qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.

“Proqnozlara görə, koronavirus epidemiyasının yayılması iyun ayına qədər bitəcək və dünyada iqtisadi əlaqələr aktivləşəcək”. Bunu MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Komitə sədri deyib ki, Azərbaycan hökumətinin apardığı tədbirlər nəticəsində iqtisadiyyatıın dayanıqlılığı artıb: “İqtisadiyyatın xarici şoklardan qorunması üçün immunitet yaranıb. Neftin qiymətinin 30-35 dollar olması büdcə gəlirlərinin 270-340 milyon dollar azalda bilər ki, bu da büdcənin gəlirlərində çox cüzi faizdir. Son iki ayda büdcəyə proqnozlaşdırılandan 250 milyon manat əlavə vəsait daxil olub. Bu da göstərir ki, neftin qiymətinin düşməsi büdcə gəlirlərinə elə ciddi təsir göstərməyəcək”.

***

Millət vəkili Vahid Əhmədov öz növbəsində bildirib ki, əmanətlərin 3 il müddətinə tam sığortalanaması öz bəhrəsini verdi: “Belə ki, manatla olan əmanətlər kifayət qədər artmağa başladı. Mən, sadəcə, bilmək istəyirəm ki, tarix niyə 9 ay müddətinə artırılır? Bu, qısa olan öhdəlikləri 8 aya endirir. Hesab edirəm ki, əmanətlər 3 il müddətinə tam sığortalanmalıdır. Əhali faktik olaraq təşviş içindədir. Mən şəhərin küçələrini gəzib-dolaşmışam, görmüşəm ki, bankların qarşısında kifayət qədər növbələr var. Elman Rüstəmov dedi ki, “B” variantı hazırlanıb. Ancaq mən istərdim ki, Maliyyə Sabitliyi Şurası əhaliyə geniş məlumat versin. 9 ay müddətinə uzadılaması heç bir effekt verməyəcək. Buna səbəb neftin qiymətinin aşağı düşməsi və yayılan koronavirusdur. Mən ölkə başçısına müraciət edirəm ki, bu müddət 3 il müddətinə uzadılsın. Belə olmasa, əhali banklardan əmanətlərini geri çəkə bilər”.

***

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli də 9 ay müddətinə etiraz edib. Bildirib ki, bu müddət uzadılmalıdır.

***

MM-in Əmək və sosial siyasət komitəsinin sədi Musa Quliyev isə ondan öncə çıxış edən həmkarları-V. Əhmədov və Ə. Məsilmli ilə razılaşmadığını bildirib. Qeyd edib ki, ciddi narahatçılığa, ajiotaja əsas yoxdur. Onun sözlərinə görə, Azərbaycan dövləti və hökuməti, ölkə Prezidenti tərəfindən müvafiq addımlar atılır və bundan sonra da atılacaq: “Heç bir ciddi narahatçılığa ehtiyac və əsas görmürəm. Ölkəmizdə uzunmüddətli şoklar olmayacaq”. M. Quliyev deyib ki, neftin qiymətinin düşməsi əslində koronavirusla bağlıdır: “Büdcədə dövlət Neft Fondundan transfert büdcə gəlirlərinin 15%-ni təşkil edir. Hətta bundan sonra 7 il də neftdən gəlirimiz olmasa, Dövlət Neft Fondunun ehtiyatları bu həcmdə vəsaiti transfert etməyə imkan verir. Xalqımız bilsin ki, hansısa narahatlığa ehtiyac yoxdur. Milli valyuta bizim müstəqilliyimizin göstəricisidir. Bu gün isə görürsünüz ki, yüzlərlə vətəndaş manatı dollara dəyişməklə bağlı növbələrə düzülür. Türkiyədə bir neçə il əvvəl lirənin məzənnəsinə təhlükə yaranarkən hətta 100 dolları olan pensiyaçı da onu aparıb lirəyə dəyişirdi”.

***

Millət vəkili İlham Məmmədov da M. Quliyev kimi, ölkədə narahatçılığa heç bir əsas olmadığını və ajiotaj yaratmaq istəyən dairələrin öz niyyətlərinə çata bilməyəcəyini bildirib: “Ajiotajın aradan qaldırılması üçün rəsmilər tərəfindən daha geniş açıqlamalar verilməsinə ehtiyac var”.

***

Sonda yenidən çıxış edən T. Mirkişili bildirib ki, əmanətlərin tam sığortalanması müddətinin artırılması əmanətlərin qorunması ilə bağlıdır: “Azərbaycan hökuməti yeni mexanizm hazırlayır. Mərkəzi Bank və Milli Məclis arasında dialoq olacaq. Keçən il qoyulan əmanətlərin müddəti bu ilin yay aylarında bitəcək. Ona görə də 9 ay məqbuldur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Azərbaycan hakimiyyətilə siyasi dialoqa açığıq” – PA-DAN GÜLTƏKİN HACIBƏYLİYƏ DƏ DƏVƏT GƏLDİ

Read Next

MM-in iclası: DEPUTATLARA VƏSİQƏLƏRİ VERİLDİ – OQTAY ƏSƏDOVLA VASİF TALIBOV İCLASA QATILMADI, SİYAVUŞ NOVRUZOV MEDİADAN ŞİKAYƏTLƏNDİ, MUSA QASIMLI TELEKANALLARI SƏRT TƏNQİD ETDİ… – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir