“Dünyada, elə Azərbaycanda beş nəfər saf insan varsa, biri Səfiyyə xanım olar, rəhmətlik suyu da üfürə-üfürə içərdi”
Azərbaycan dövlətinin və xalqının tarixində öz layiqli yeri, böyük xidməti olan insanlardan, şəxsiyyətlərdən biri də tanınmış partiya-sovet işçisi, dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı mərhumə Səfiyyə xanım Dibiravadır. Səfiyyə xanımı da belə demək mümkünsə, Azərbaycanda tanımayan çox az insan olar.Çünki onun uzun illər rəhbərlik, birinci katiblik etdiyi rayonlarda üzə çıxardığı, tanıtdırdığı, etimad göstərdiyi, irəli çəkdiyi yüzlərlə layiqli yetişdirməsi, kadrı olub və onlar bu gün də vardırlar, bu gün də Azərbaycan dövləti , xalqı naminə fəaliyyət göstərirlər. Belə insanlardan, kadrlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. Əhməd müəllimlə də söhbətimiz məhz Səfiyyə xanımla, onun fəaliyyəti, xidmətləri ilə, eləcə də onun özünün keçdiyi yolla bağlıdır. Onu da xatırlatmaq yerinə düşər ki, bu söhbət-müsahibə S. Dibirova haqda işıq üzü görəcək kitabda əksini tapacaq və müsahibənin maraqlılığını nəzərəq alaraq onu saytımızda da verməyi məqsədəuyğun saydıq.
Əhməd müəllim söhbətə belə başlayır:
– O zamankı Azərbaycan Politexnik İnstitutunu ( indiki Texniki Universiteti) qurtarandan sonra işləməyə doğulub boya-başa çatdığım Qax rayonuna qayıtdım, məni Suvarma Sistemləri İdarəsində işə götürdülər. Həmin vaxt bizdə də birinci katib Asiyət xanım Yusifova idi. Burada bir az işlədim, sonra elə oldu ki, bizim idarənin müdirini çıxardılar, Asiyət xanım da xanım çalışırdı ki, mən müdir işləyirəm. Mən də institutu təzə qurtarmışdım, vəzifədə işləmək mənim üçün çətin, həm də böyük məsuliyyət idi. Mən əvvəlcə Asiyət xanımın bu təklifinə razılıq vermədim, 3-4 gün aramızda bu barədə söhbət getdi. Ancaq elə oldu ki, razılaşdıq ki, Bakıya gedim. Nə isə Bakıya, Meliorasiya və Su Təsərrüfatı Nazirliyinə gəldim. Su təsərrüfatı naziri də o vaxt yoldaş Əbdürrəhimov idi. Ondan əvvəl müavinlər, şöbələr hamısı məni qəbul etmişdi , söhbət etmişdi, amma bir şey də deyə bilmirdilər, çünki institutu təzə qurtarmışdım , təcrübəm də yox idi.
Əbdürrəhimovun kabinetində-qəbulunda olanda da, o, bütün kollegiya üzvlərini yığmışdı. Məni qəbul edərkən birdən şəxsi işimi üstümə atdı ki, uşaq-muşağı göndərirlər birinci katiblər. Onu da deyim ki, Əbdürrəhimovdan əvvəl birinci müavinindən də xahiş etmişdim ki, mənim üçün hələ tezdir, işləyə bilmərəm, nazirə deyin məni təsdiq etməsin, beləliklə, birinci katib məndən inciməsin ki, özüm istəmədim, getmədim. Ancaq nazirin də mənimlə işləməmək istəməməsi, şəxsi işimi üstümə atması, uşaq-muşaq deməsi mənə bir az toxundu. Mən özümdə cəsarət tapdım, o vaxt yoldaş nazir deyirdilər, dedim ki, yoldaş nazir, əvvəla, uşaq deyiləm, uşaqlar məktəbdə , bağçada olur. İkincisi, mən orta məktəbi qurtarmışam, attestat almışam, institutu qurtarmışam, diplom almışam. Özü də diplomumda hamısı əla qiymətlərlədir. Bizim katib də siz deyən kimi deyil. Bizim katib çox məsuliyyətli, çox təcrübəli partiya işçisidir. Ən əsası da qadındır. O, bir şey hiss etməsə, bilməsə, yəqin mənu bura elə-belə göndərməz. Bu zaman nazir duruxdu, dedi ki, deyəsən, bunda bir şey, hərəkət var. Bir az danışdırdı, kollegiya üzvlərindən də kimlər ki, mənimlə söhbət etmişdilər, onlar da söhbətə müdaxilə etdilər, dedilər ki, çox savadlı cavandır, belədir-elədir. Uzun sözün qısası Əbdürrəhimov mənim Su İdarəsinə müdir təyin edilməyimə razılıq verəsi oldu və mən başladım işləməyə…
“Onda xanımlıq yox, bir kişi xarakteri vardı, kişi təbiətli bir insandı, insanların hamısına da bacı kimi, qardaş kimi yanaşırdı”
-Neçənci il idi?
– 1967-ci ilin mart ayı idi. Bir neçə il işləyəndən sonra rayonda dəyişiklik oldi, birinci katibimizi dəyişdilər Balakənə. Bizə də Oğuzun birinci katibi işləyən Səfiyyə Dibirovanı göndərdilər. Səfiyə xanımı da kənardan tanıyırdıq, bir yerdə işləməmişdik, amma haqqında çox eşitmişdik. Eşitmişdik ki, yaxşı partiya işçisidir, çox təmiz adamdır, çox etibarlı dövlət adamıdır, dövlətini, xalqını sevən adamdır, savadlı adamdır, çox hörmətli birinci katibdi… O, Qaxa gəldi, başladı işləməyə, tamam başqa bir təbiətli adamla qarşılaşdıq. Onda xanımlıq yox, bir kişi xarakteri vardı, kişi təbiətli bir insandı, insanların hamısına da bacı kimi, qardaş kimi yanaşırdı. Başladı işləməyə, bizim üçün də əslində fərqi yox idi ki, birinci katib kimdir, nəçidir, təki hökumətin işi getsin…
– Onda Siz hələ Suvarma Sistemləri İdarəsinin müdiri idiniz də?
– Bəli, Suvarma Sistemləri İdarəsinin müdiri idim. Eşitmiş olarsınız, o vaxtları təhkimçilik deyilən məsələ var idi. Belə ki, vəzifədə işləyənləri kolxoz-savxozlara təhkim edərdilər. Biz də təhkim olurduq gedirdik, qayıdıb gələndə də bir yerdə məsələlərə baxırdıq ki, hansı işləri gördük, təsərrüfatda nəyə kömək etdik və sair. Yəni, öz işlərimiz ilə də bağlı Səfiyyə xanımla mütəmadi kontaktda olurduq və hiss edirdim ki, mənə münasibəti çox yaxşıdır, yaxşı münasibəti var. Beləcə bir neçə il birlikdə işlədik , məni partiya komitəsinin üzvü etdi, sonra raykomun büro üzvü seçdirdi. Özü də o zaman respublikada təcrübədə olmayan bir şey idi ki, Su İdarəsinin müdiri raykomun büro üzvü olsun. Həmçinin, Rayon Xalq Deputatları Sovetinin deputatı idim. Bax, bu minvalla onunla işlədik bir xeyli. Büro üzvü kimi fəaliyyətim də artıq rayonda çox genişlənmişdi, hamı işimə, fəaliyyətimə görə mənə hörmətlə yanaşırdı. Öz işim də yaxşı gedirdi, bu tərəfdən də bu siyasi təşkilatda, partiyada, ümumən rayonda yeddi nəfərdən biri sayılırdım . Bunlar hamısı Səfiyyə xanımın mənə olan münasibətinin, təvazökarlıqdan uzaq olmasın, bəlkə də potensialımı düzgün qiymətləndirməyinin nəticəsi idi. Düzdür, məni dediyim kimi vəzifəyə Asiyət xanım qoydurmuşdu, çünki məni tanıyırdı, yerli adam-qaxlı idi. Mənim atamı da, babamı da hamısını tanıyırdı. Amma Səfiyyə xanım kənardan gəlmişdi, bir-birimizi tanımırdıq. Bununla belə, o da işimə, savadıma, fəaliyyətimə, həm də gəncliyimə görə mənə yüksək qiymət verirdi. Deyim ki, onun özü də çox gənc yaşlarında vəzifəyə irəli çəkilmişdi, cəmi 25 yaşında ispalkomun sədri , sonra birinci katib olmuşdu. Hətta, Şəki-Oğuz rayonları bir yerdə olanda oranın birinci katibi işləmişdi. Yəni, çox erkən yaşlarından böyük vəzifələr tutmuş adamıydı, həmçinin, Ali Sovetin deputatı idi və sair. Görünür, insanlara, kardlara münasibətində də bunlar çox mühüm rol oynayırdı.
Günlərin bir günü də Səfiyyə xanım məni çağırdı, dedi ki, bir məktub var, onu aparıb vermək lazımdır Mərkəzi Komitəyə. O, mənə ya yoldaş Əhmədzadə deyirdi, ya selloid deyirdi, sel-su işləri ilə məşğul olduğuma görə (gülür). Dedi, selloid, bir dənə məktub var, bunu çatdırmaq lazımdır Mərkəzi Komitəyə. Amma sənin Bakıya getməyini Qaxda heç kim bilməməlidir. Bu yerdə onu xatırladım ki, bizim onunla həm də müəyyən ailə söhbətlərimiz olmuşdu…
“KQB”, Kommunist Partiyasının Mərkəzi Komitəsi də diktator kimi durmuşdu başımızın üstündə”
-Nəyə görə?
– Çünki mənim həyat yoldaşım Qaxda komsomol işçisi idi. Özü də bizi çağırıb ayrı-ayrılıqda söhbət etmişdi ki, ikiniz də perspektivlisiniz, amma bu rayonda biriniz qabağa gedə bilərsiniz. Mən demişdim ki, istəyirsiniz, məsləhətdirsə, yoldaşımı komsomola birinci katib qoyun işləsin, mənə yeni vəzifə lazım deyil. Məndən sonra yoldaşımı da çağırmışdı ki, vəziyyət belədir, o da demişdi ki, yox, mən qadınam, mənim ev işlərim var, evin kişisidir, qoy o getsin qabağa, qoy, o, olsun. Dediyim odur ki, aramızda belə səmimi söhbətlər olmuşdu. Çox incə, çox diqqətli adam idi, hər şeyi ölçürdü-biçirdi. Bir də ailə məsələsini başa düşürdü ki, nə ola bilər… Yəni, o tarazlığı gözləyirdi. Nə isə, sonra dedi ki, bunu heç kəs bilməsin. Dedim ki, mən evli adamam, ailə sahibiyəm, heç kəs bilməsə də, yoldaşım bilməlidir hara getdiyimi. Hara getdiyimi bilməlidir ki, mən olmayacağam, axşam evə gəlməyəcəyəm. Güldü, dedi, yaxşı, ona da de, amma get, burda heç kəs bilməsin, o da heç bilməsin ki, Bakıya gedirsən. Dedim, yaxşı. O vaxt elmi rəhbərim var idi Gürcüstanda. Dedim, yaxşı, onda deyərəm, gedirəm Tiflisə. Beləliklə, məktubu da götürüb Zaqataladan təyyarə ilə gəldim Bakıya. Ancaq düzünü desəm, bilmirdim məktubun içində nə var. O vaxtı da bəzi gürcü şovinistləri var idi ki, Gürcüstandan gəlirdilər Qaxda yaşayan gürcülər arasında anti-təbliğat aparırdılar Azərbaycanın əleyinə. Dedim, yəqin məktub onunla bağlıdır, birinci katib də istəmir ki, kimsə bilsin, birdən məktub itər-filan, ona görə məndən göndərir. O vaxtı “KQB”, Kommunist Partiyasının Mərkəzi Komitəsi də diktator kimi durmuşdu başımızın üstündə. Dedim, vəziyyətlə bağlı yəqin onlara cavab təcili çatmalıdır. Gəldim Mərkəzi Komitəyə, çünki məktubu kuratora təhvil verməli idim. Kurator dedi ki, sənin buraxılışın var, gəl bura. Buraxılış vərəqəsini də götürüb çıxdım kuratorun kabinetinə, kurator da aldı məktubu, açdı, oxudu…
-Məktubun içindəkilər barədə Sizə bir söz demədi, bəs?
-Heç nə demədi, mən də, yenə deyirəm, bilmirəm məktubun içində nə var… Heç məktubun məzmunundan da, həcmindən də xəbərim yox idi. Amma gördüm ki, bir vərəqdir. Fikirləşdim ki, bir vərəqdə böyük şey olmaz, yəqin arayış olar. Mənim qabağıma anket qoydu, dedi, doldur. Dedim, bu, nədir? Dedi ki, sən büro üzvüsən? Dedim ki, bəli. Dedi, sənin şəxsi işin olmalıdır, gərək anketi doldurasan. Şəxsi işi doldurandan sonra dedi ki, səni rəhbərlik qəbul edəcək. Apardılar məni Mərkəzi Komitənin şöbə müdiri İsmayıl Əsgərov yanına, onunla da haradasa iki saat danışdıq, söhbət etdik.
“Heydər Əliyev məni qəbul etdi, bir 10-15 dəqiqə mənimlə söhbət etdi…”
-Sizi ondan əvvəlcə kim qəbul etmişdi?
-Əvvəlcə, Ramiz Hüseynov. O, Mərkəzi Komitədə inspektor idi. Nə isə, İsmayıl Əsgərov mənimlə söhbət etdi, söhbətimiz də iki saata yaxın çəkdi, amma o da mənə heç nə demədi. Bu, nədir, nə məsələdir, heç nə demədi. Sadəcə, onu dedi ki, gözlə bala, səni rəhbərlik qəbul edəcək. Sonra da məni götürdü apardı bir- iki mərtəbə yuxarıya, ordan da kabinetə daxil oldum. Mən də bilmirəm , tanımıram bura kimin qəbul otağı, kabinetidir, mən nə bilim ki, bura haradır… İsmayıl müəllim də məni köməkçinin yanına qoydu, özü keçdi içəri. Bu şəxsi işi – başqa bir yoldaş var idi, onunla bir yerdə içəri qoydu çıxdı. Çıxdı içəridən və dedi ki, səni qəbul edəcəklər, oğul. Beləliklə, sonradan bildim ki, bura haradır, kimin kabinetidir. Beləliklə o zaman Mərkəzi Komitənin birinci katibi işləyən rəhmətlik Ulu Öndər Heydər Əliyev məni qəbul etdi, bir 10-15 dəqiqə mənimlə söhbət etdi…
(Ardı var)
Etikxeber.az