KREDİTLƏ QURULAN ORDU: KÖLƏLİK AZADLIQDAN BAHA BAŞA GƏLİR… – Zahid Orucun yazısı

“Exo Moskva” radiosunun baş redaktoru,səs-küylü açıqlamaları ilə diqqət çəkən Aleksey Venediktovun Putin, Qarabağ və silah mövzusunda müsahibəsi Azərbaycanda layiqli əks-sədasını tapmadı. Görünür,rusiyalı jurnalistin 20 il öncəki hərbi cinayətlər haqqında dedikləri 90-cı illər Rusiyasının mafiya stili ilə idarə olunmasına görə o vaxtlar müəllimi Sobçakla paytaxta yenicə gələn sovet çekisti “komissar Katani”nin dərin yaddaşı haqda sözlər kimi qəbul olunub.Halbuki,Yeltsin dərəbəyliyinin öz ölkəsini beynəlxalq irtica qarşısında necə təslim etməsini sona qədər araşdırmaq heç kəsə müyəssər olmadı.Satqın siyasətçilər,quldur məmurlar və ölməz mafiya ilə çarpışarkən öz barışmazlığı, dürüstlüyü və cəsarəti ilə böyük Siciliya qəhrəmanı Korradodan fərqli olaraq, onun rusiyalı həmkarı Vladimir Putin ölməyi deyil,qalib gəlməyi qarşıya məqsəd qoyduğundan aqibəti də fərqli oldu.

Venediktov ötən əsrin sonlarında Yeltsinin təmir üçün Murmanska göndərilən tankların “yollarını azaraq” Qarabağda necə peyda olmasını araşdırmağı tapşırır.Özü də kimə? Hələ Qaydar terapiyasının şokundan ayılmamış böyük bir imperiyanın mirası üstündə boğuşan paytaxt bürokratiyası və çekist şəbəkəsinə deyil,o vaxtlar inqilab mərkəzi sayılan proletariat vilayətinin yetirməsinə “əsrin xəyanətləri”nin izinə düşmək göstərişi verilir. Qəribədir, deyilmi? Cümlə pisliklərin baiskarları yuxarıda oturub günahkarları kənarda axtarmaq üçün məxfi xidmət orqanlarına azdırıcı yol göstərirlər.Halbuki, öz ölkəsinin vətənpərvəri – yüzlərlə alim,millət vəkili və gözəgörünməz cəbhənin adamları alkaş Çarın vasitəsilə dəyər-dəyməzinə satılan sərvətlərin hesabını hər addımda sormağa çalışırdılar.Lakin “mafiya ölməzdir” şüarı təkcə qədim Romanın sirli və bədheybət qala divarları üçün deyil,həm də Bizans imperiyasının varisliyinə can atan Moskvada da doğru idi.Taleyin hökmündən Yeltsin Putini seçir və yeni əsrin yol ayrıcında-son Pasxa müraciətini taxt-tacını sabiq sovet kəşfiyyatçısı Vladimir Vladimiroviçə təhvil verməklə özünü və əyanlarını edam kötüyündən qorumağa nail olur.

Ancaq ortada mütəşəkkil formada təşkil olunmuş və dövlətin ən yüksək zirvəsinin də qarışdığı bənzərsiz talançılığın qarşısını almaqdan ötəri Putinə qədər bir çox həqiqi generallar az qala hayqırırdılar. Dünyada demokrat imici qazanmaq naminə Vətəni tərəziyə qoyan möhtəkirlərlə-liberal ideologiya pərdəsinə bürünmüş çete ilə savaşa ilk çıxan Dövlət Duması Müdafiə komitəsinin sədri Lev Roxlin oldu.

Əfqanıstan və Çeçenistanda qanlı savaşlardan rəşadətlə keçən qızıl ulduzlu generalın ağlına da gəlməzdi ki,onu gözləyən vuruşlar hələ qabaqdadır.Özü də hərb meydanında yox,əsrlərlə çarların və bir kitelli sovet rəhbərinin canını tapşırdığı Kremlin divarları arasında o daha amansız düşmənlə üz-üzə qalacaqdı.Başı bədənindən üzülməmiş kürsüsünü tərk edən rus rəhbərləri kimi Boris Yeltsin də gələn dalğanı yaxşı hiss edirdi. O,bolşeviklərin əlində ailəlikcə qətliama uğrayan çar 2-ci Nikolayın aqibətini yaşamaq istəmirdi,lakin tarixin ironiyasına baxın ki,Leninin ac tərəfdarları vaxtilə Kremlin qeyri-ideoloji arxitekturasını dəyişikliklərə uğradarkən 2 pud qızılı,minlərlə qiymətli daşları, həmçinin,o vaxt üçün böyük dəyərə malik olan gümüş plitələri,bir sözlə “kilsə zənginliyini” yağmalayıb baş binadan çıxardıqları kimi onların varisləri də talançılıq ənənəsinə sadiq qalaraq, oğurlamağı həyat idealına çevirmişdilər.

Lev Roxlin 1997-ci ilin aprelin 2-də parlamentin qapalı iclasında Ermənistana verilən külli miqdarda texnika və döyüş sursatı ilə bağlı təkzibolunmaz faktlar təqdim etdi.O, Rusiya dövlətinin büdcəsinə və nüfuzuna vurulan zərbələrin baiskarlarının cəzalandırılması üçün Baş prokurorluğa, Federal Kəşfiyyat Xidmətinə və Müdafiə nazirliyinə çoxsaylı deputat sorğuları göndərir. Sonralar, ”ermənigeyt” adını almış bu beynəlxalq qalmaqalın dövlətin ali eşalonlarında əyləşən şəxsləri necə ifşa etdiyi məlum məsələdir, lakin Riçard Niksonun “uotorgeyt işi”ndən fərqli olaraq,müasir rus liderləri demokratiya dalğasında gəldiklərini iddia edərək heç bir qanundan və cəzadan qorxmurlar. Lakin qarşılarındakı parket generalı deyil.Roxlin sona qədər getməkdə israrlıdır.

İndi hər kəs üçün əlçatan olan hesabatda deyilir ki, Ermənistan SSRİ-nin çöküşündən sonra qalan mirasın bölgüsündən ona çatan payı ala bilmədiyini bəhanə gətirərək,davamlı şəkildə Moksvaya hücum çəkir,bütün səviyyələrdə azərbaycanlıların onlardan düz 20 dəfə artıq silah-sursata malik olması haqqında dezinformasiyalar yayır. Yeltsin,Çernomırdinə məxfi qriflə yazılı tapşırıq verir ki,məsələni həll etsin.O vaxta qədər Qarabağ müharibəsindən milyardlar qazanan voenşina artıq qarşısında heç bir maneə görmür və hərbi-hökumət mafiyası dişlərini qıcardaraq işə keçir.Materiallardan aydın görünür ki,silahlı kommersantlara bütün səviyyələrdə yardım göstərilib ki,”yük ünvanına çatsın”.Onların siyahısına nələr daxil deyil:92-94 cü illərdə daşınan raket-artilleriya silahları 9.5 min ədəd.Sonra Gümrü bazasından 25 ədəd T-72 tankı,rusların Vazianidə dislokasiya olunmuş hərbi hissəsindən 5 ədəd tank və 33 ədəd BMP,sonra yeni göstərişlərlə əlavə olaraq,17 ədəd BMP,tonlarla ehtiyat hissələri və döyüş sursatları Ermənistana təhvil verilir.Artıq işə ağır təyyarələrin və hərbi dəniz qüvvələrinin qoşulmasının vaxtıdır.Ən yaxın ərazi isə çeçen müharibəsinə görə hərbi resursların toplandığı Şimali Qafqazdır. Mozdok hava limanından qalxan İl-76 və AN-12 təyyarələri 70-ə yaxın reys edərək hərbi müttəfiqlərini döyüşdə tək qoymurlar.Çox keçmir təhqiqatlar nəticəsində Novorossiysk və Batumidən “general Ryabikov” gəmisi ilə Gürcüstan ərazisindən keçməklə İrəvana aparılan hərbi yüklər haqqında məlumatlar ələ keçirilir.
Təkcə 1995-ci ilin noyabr və 96-cı ilin yay aylarında AN-24 təyyarəsi ilə Jasmin aerodromundan Zvartnosa(Ermənistan) 50 T-72 tankı,36 ədəd D-30 qaubitsası,18 ədəd Qrad qurğusu,40 ədəd İqla zenit raket kompleksləri və 12600 artilleriya qurğusu və sair daşınır.
Cinayətin coğrafiyasına Axtubinskən tutmuş İrkutsk, Volqoqrad, Sverdlovsk, Perm və digər vilayətlər daxildir.Göründüyü kimi,Lev Roxlin bütün ölkə səviyyəsində təkcə Qafqazda iki xalqın axan qanı üzərində milyardlar qazananları deyil,eləcə də dövləti dağıdanlarla və Rusiya silahlı qüvvələrini dünənə qədər savaşdığı Şimali Avroatlantik orduları qarşısında əli yalın qoyanlarla üz-üzə gəlib.Hər halda Yeltsinin xaos epoxası yalnız bundan ibarət deyildi.Sonralar Birləşmiş Ştatlara su qiymətinə satılan 500 ton zənginləşmiş uranla bağlı da aparılmış məxfi razılaşmalardan hətta qaniçən Pavel Qraçovu əvəz edən İqor Radionovun özünün belə xəbəri olmamışdı.Kiloqramı 24 dollara razılaşdırlan nüvə məhsulu imperiya varisinin təkcə strateji sərvətləri deyil,ölkənin təhlükəsizlik maraqlarını da necə hərraca qoyduğunu təsdiq edirdi.
Roxlinin hesabatında adları keçənlər əvvəlcə onu elitar ziyafətlərə dəvət edərək,cəsarətli mövqeyindən dolayı ona təriflər yağdırır,izi özlərindən uzaqlaşdırmağa çalışır və dəbdəbə içərisində onu ram edəcəklərinə bel bağlayırdılar, lakin bunlar keçməyəndə “qaranlıq keçmişi” barəsində səs-küylü komrpamat yazıları Kremlin birbaşa diktəsi altında olan dövlət qəzetlərinə ötürülür, Dumanın yüksək rütbəli adamına qarşı hücum və qaralama kampaniyasına start verilir.Öz xalqının qatili olmaq istəməyən adamı “diz çökdürəcəkləri”ni deyəndə heç kəsin ağlına gəlməzdi ki,öz işini görmək üçün seçilən mavr onun həyatda ən yaxın silahdaşı qadın olacaq!

Məhz o illər generala hər cür informativ-siyasi və mənəvi dəstək verən rəsmi Bakının beynəlxalq səviyyələrdə qaldırdığı etirazlara və düşmənə edilən yardıma siyasi qiymət verilməsi tələbinə Qərbdən heç bir reaksiya olmamışdı.Hələ o vaxtlar Krım və Donbas fəhlələri özünün sakit və qayğısız günlərini yaşayırdılar və bütün Avropa keçmiş sovet respublikalarında “nə qədər çox vuruşsalar,bir o qədər əldən düşüb bizə tabe olacaqlar” fəlsəfəsi ilə hərəkət edirdi.Çox sonralar Çernomırdin balkanlarda böhranla bağlı Bakıya gələndə Heydər Əliyevin sərt siyasi ritorikası qarşısında “ o silahlar sizə deyil,Qərbə qarşı yönəlib” deyərək,diplomatiyada çox az hallarda özünü göstərən açıq danışıqla mənsub olduğu dövlətin üzünü örtməyə çalışmışdı.Ona görə də Roxlinin qətlə yetirilməsi “demokrat”ların hakimiyyətinin linç edilməsinə və Rusiyanın dünyada,məsələn, polloniumla zəhərlənib öldürülən Litvinenko qədər rüsvayçılığına səbəb olmadı.Halbuki 1 milyard dollarlıq cinayətin içərisində yer alan adamlar sonra çeçen müharibəsində “Nord-Ost”a gedib çıxan hərbi dəstələrin hamisi kimi çıxış edirdilər.Basayevin səsini paytaxtda eşidəndə Yeltsinin yüksək kürsüsünü tərk etməkdən başqa yolu qalmadı.Bax, Venediktov məhz həmin tarixlərdə familiyasını çox çətinliklə yada saldığı adamı öz radiosunda müsahibəyə çağırıbmış ki,görsün,ondan nə məlumat qopara bilir.Müsahibi isə efirə gəlir,lakin çox sonralar nifrət etdiyi jurnalistə deyir ki,”düşmən sənin qarşında olanda,sən onunla vuruşub sonda sülh bağlayırsan.Xəyanətkarı isə məhv edirsən.Venediktov sən düşmənsən”!

Gerçəkdən də demokratlardan sonra ölkədə intizam yaratmaq o qədər də asan olmadı.Putin təmizləmə əməliyyatına Kremldən başladı,lakin Qroznıda qalib gələn kimi bütün Qafqaz üzərində hakimiyyətini bərqərar etmək üçün əvvəlki illərdə oğurluq yollarla İrəvana gedən silah qatarına rəsmi və açıq razılığını bildirdi.Mərhum Roxlinin tələbinə görə qısa bir müddət dayandırılmış ticarət yolu yenidən bərpa edildi.
İndi rusiyalı ekspert Vladimir Yevseyev Moskvanın sanksiyalardan və aşağı neft qiymətlərindən bir qədər sıxılmış büdcəsindən İrəvana pay ayırdığı 100 milyon dollarlıq hərbi kreditə son dərəcə aydın bir izahat verib.O deyir ki, aprel döyüşlərindən sonra Ermənistan Azərbaycanın qarşısında hərbi geriliyini İskəndər raketləri vasitəsilə aradan qaldırandan sonra rəsmi Bakı İsraildən daha çox döyüş aviasiya qurğuları alır.Ona görə də hava məkanından gələn təhlükəni qarşılamaq üçün başqa yol yoxdur.Dəqiq və konkret deyilib.Yaxşı ki,yəhudilərin İran əleyhinə Azərbaycanı forposta çevirmək versiyası ağıla gəlməyib.Yoxsa,onu da Cənubi Qafqazın militaristləşdirilməsi kimi elan edərdilər.Ya da rəsmi Bakının NATO-nun regiondakı maraqları müstəvisində hərəkət etdiyi iddiasını ortaya atmaq da rus qırıcılarını Ağrı dağının ətəyində yerləşdirməyə əsas verərdi.Hər necəsə,nəticə dəyişmir!

Hələ iki əvvəl aldığı 200 milyon dollarlıq maliyyə yardımı ilə Ermənistan “Smerç” reaktiv sistemləri,”İqla-S” zenit raket qurğuları,TOS-1 a kimi alovsaçan ölüm silahlarını əldə edə bilmişdi.Lakin 4 oktyabrda erməni parlamentində ratifikasiya edilən sənədlə, rus-erməni silahlı birləşmələri ilə bir xalqın ordusu üzərində suverenlik hüququnu əlindən alan Rusiya Razdan meydanında onun əleyhinə donquldayan amerikapərəstləri mənən sındırıb məhv etdi.Yüz illik köləlikdən çıxmaq haqda düşünənlərinsə əlindən alınan təkcə müstəqillik deyil, həmçinin boyunlarına yüklənən borc öhdəliyidir ki,bu da “başqa orduları saxlamaq həmişə baha başa gəlir” kəlamını bir daha yada salır.
Hər bir ölkənin iqtisadi sistemini və vətəndaş rifahını nümayiş etdirən əsas göstəricilərdən birinin xarici dövlət borcu olduğunu inkar edən yoxdur.2017-ci ilin rəsmi rəqəmləri Ermənistanda düşünən beyinləri həyəcan təbilini çalmağa vadar edir.5.4 milyard dollarlıq öhdəliyi müstəqillikdən sonrakı 3-cü hakimiyyət sahibləri də xalqa miras qoyaraq,səhnəni tərk edirlər.Halbuki Serj Sarkisyan düşmən kəsildiyi sələfləri qarşısında çox böyük iddialarla hakimiyyəti zəbt etmişdi.O ələ keçirdiyi torpaqları nə özü yeyə bildi,nə də Bakıya qəbul elətdirdi.Xatırladaq ki,ÜDM-in 60 faizini təşkil edən borcun qorxu səciyyəsini inkar edənlər BVF-nin başqa bir hesablama qaydası ilə razılaşmağa məcburdular.Belə ki,xarci borcun ixracın dövriyyəsinə nisbəti 300 faiz təşkil edir.Bu o deməkdir ki,Ermənistan tankın və topun kölgəsində gələcəyini xəcləyib qurtarmaqda davam edir.

Çox az düşünən beyinlərdən biri və qoca Şərqin tarixindən baş çıxaran suriyalı seyid Levon ter Petrosyan isə hər növbəti çıxışında xəbərdarlıq edir:”Məgər ayılmağınız üçün ötən 18 il bəs etmədimi?Axı Ermənistanın boşalmasının səbəbi təkcə ağır sosial vəziyyət,yoxsulluq,ədalətsizilik deyil,eləcə də yenidən alovalanmaq qorxusu olan müharibədir.İndi “ordu-millət” yaratmaq xülyası ilə səngərdə ölən əskərlərimizin ailələrinə vermək üçün yığılan 1000 dram vəsait rüsvayçılıq və dövləti biabır etməkdir”.

Bəli,Rusiya İran-İrak müharibəsində olduğu kimi hər iki tərəfi sürətlə silahlandırmaqda davam edir.Çünki Qarabağ Qafqaza nəzarətin ən yüksək nöqtəsidir.Halbuki,Yaxın Şərqdə sülh üçün vuruşan rus əskərinin xilaskarlıq missiyası tələb edir ki,o bütün region xalqlarının qorxusunu deyil, sevgisini qazansın.Azərbaycan əskəri vətən döyüşündə qarşısında rus əskərini görməyi arzulamır. Çünki yeni əsri təzə sətirdən-dostluq və qardaşlıqdan başlamaq hər iki dövlətin xeyrinədir.Azərbaycan burada yaşayan bütün xalqların,o cümlədən,rusların da vətənidir! Düz 20 ildir birinci Qarabağ savaşını qazandığını düşünən erməni əskəri səngərdə ömrünü çürüdərək,üstündə oturduğu tankı və torpağı yeyə bilmədiyindən özünə sığınacaq əvəzinə məzarlıq qazır.

Hər halda,köləlik azadlıqdan baha başa gəlir!

Zahid Oruc,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Rusiyanın Ermənistana silah verməsi vəziyyətin daha da gərginləşməsinə yönəlib” – ELDƏNİZ SƏLİMOV

Read Next

“Ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir