“Kreml Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır: Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə çalışmalıyıq!”-POLİTOLOQ YAZDI

Rusiyada sentyabr ayında parlament seçkisi keçiriləcək.

Partiyalar hazırlıq mərhələsində əsas şüarlarını müəyyənləşdirirlər.

Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” partiyası özünəməxsus şüar seçib:

“Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq!”

Rusiya ərazisinə görə dünyanın ən böyük dövlətidir. Bu dövlət olan ərazilərini inkaf etdirməkdə, əhalinin tamamını mimimum yaşayış imkanları ilə təmin etməkdə çətinlik çəksə də, rusiyalı bir qrup siyasətçi hələ də ərazilərin daha da böyüdülməsi xəyalı ilə yaşayır.

Bəs Rusiya prezidenti Vladimir Putinin Sank-Peterburqlu dostu Sergey Mironovun partiyası “böyümə” dedikdə hansı “yeni əraziləri” nəzərdə tutur?

Bunu gizlətmirlər: “Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsi, Donbas və… Dağlıq Qarabağ”…

Yəni, keçmiş SSRİ məkanında harda separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər. Yaxşı Abxaziyanın, Cənubi Osetiyanın və Donbassın Rusiya ilə birbaşa sərhəddi var, bəs Dağlıq Qarabağı Rusiyaya necə “birləşdirməyi” planlaşdırırlar?

Azərbaycanın bir parçası olan Qarabağın ki, Rusiya ilə sərhəddi yoxdur. Tutaq ki, Moskvadakı qüvvələr Dağlıq Qarabağdakı erməniləri “birləşdirməyə” həvəsləndirdilər və ermənilər yeni şüar ortaya atdılar, bəs azad etdiyimiz ərazilər necə olacaq?

Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə “birləşdirməyi” təsəvvür edirlər?

Sergey Mironov tez-tez fikir dəyişdirən siyasətçidir. Onun 2010-cu ildə Dağlıq Qarabağla bağlı verdiyi açıqlamaya diqqət yetirək:

“Dağlıq Qarabağ problemini yalnız münaqişə tərəfləri həll edə bilər və onlar da qarşılıqlı maraqların təmin olunması şərti ilə bunu etməlidir. Onlar razılaşmaya gəldikdən sonra Rusiya bu razılaşmaların qarantı rolunda çıxış etməyə hazırdır. Lakin əraziyə qoşun yeritmək yolverilməzdir, bu düzgün olmazdı”.

Üstündən 10 il keçdikdən sonra, müharibənin başlamasından cəmi iki gün sonra Mironov artıq fərqli açıqlama verirdi:

“Ölkələr arasında atəşkəs və əsgərlərin çıxarılması barəsində razılığın əldə olunmasından sonra, Rusiya tərəfindən sülhməramlı qüvvələrin daxil edilməsinin lazım gəlməsi mümkündür”.

Mironov müharibə günlərində ermənilərə xoş gəlsin deyə Türkiyənin münaqişənin həllindəki rolunu da mənfi yöndə dəyərləndirmişdi:

“NATO-nun üzvü Türkiyə, bu köhnəlmiş münaqişənin inkişafına imkanlar yaradır”.

Əslində Mironovun dediyini daha əvvəl qatı şovinist Vladimir Jirinovski səsləndirmişdi. Jiirnovski həm Dağlıq Qarabağı Rusiyaya “birləşdirməyə”, həm də Türkiyəni uzaq tutmağı təklif etmişdi. Əraziləri “ilhaq” etmək Rusiyanın köhnə siyasətidir.

Kreml Krımdan sonra Donbassı da ilhaq etməyə çalışır, artıq Ukraynanın şərqində vəziyyət gərginləşib, separatçıların təxribatları nəticəsində atəşkəs intensiv pozulur, ölənlərin sayı artır.

Ona görə rusiyalı rəsmilərin Dağlıq Qarabağ haqqındakı açıqlamalarını qulaqardına vurmaq olmaz.

Unutmayaq ki, Kreml məhz Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır.

Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə var gücümüzlə çalışmalıyıq!

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

“Gizli düşmən”lə mübarizədə Azərbaycan örnəyi! Daha bir İlham Əliyev Zəfəri, daha bir İlham Əliyev Qələbəsi!”-JALƏ ƏLİYEVA YAZIR – (ÜÇÜNCÜ-SONUNCU YAZI)

Read Next

“Hansı medallarla təltif edildiyini soruşuram: Cavab verir ki, “Medal üçün getməmişdim. Torpaqlarımızı geri qaytarmaq üçün getmişdim”…”-MİLLƏT VƏKİLİ DAHA 3 QAZİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir