Kreml Qarabağ ermənilərinə də Rusiya pasportları paylaya bilərmi?

“Separatçı Abxaziya, Cənubi Osetiya (Gürcüstan) və Dnestr (Moldova) bölgələrində yaşayanlar rahat şəkildə Rusiya pasprotları ala bilirlər. Bu o deməkdir ki, gələcəkdə Gürcüstanın və ya Moldovanın hərb yoluyla bu bölgələri geri qaytarması problematikdir”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, çünki  Kreml bu bölgələrdə yaşayan vətəndaşlarının ölümünə seyrçi qalmayacaq, onları qorumalıdır.

O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin fərman verərək, separatçı Donetskdə və Luqanskda yaşayanların “yerli” pasportlarını da tanıdı, halbuki oradakı insanlara da Rusiya pasportları dağıda bilərdi:

“Sadəcə, Ukraynanın şərqində hələ müharibə gedir, həmin bölgənin separatçıları ciblərində Rusiya pasportları ilə döyüşlərdə həlak olsalar, Moskva istər-istəməz öz vətəndaşlarını qorumaq üçün Ukrayna ilə müharibəyə başlamaq məcburiyyətində qalacaq. Ona görə də Putin hələ ki, Ukraynadakı separatçılara Rusiya pasportları dağıtmağa tələsmir. Ancaq həmin gün uzaqda deyil.

Bəs Kreml Dağlıq Qarabağdakı ermənilərə də Rusiya pasportları paylaya bilərmi? Bu Ermənistan hakimiyyətinin çoxdankı arzusudur. Moskva hələ ki, buna getmir. Ancaq bu Kremlin Azərbaycana hörmət və izzətindən irəli gəlmir. Sadəcə, münasibətlərdə ciddi suallara rəğmən, Rusiya Azərbaycanla tərəfdaşlıq münasibətlərinə xələl gətirmək istəmir.

Ancaq əgər rəsmi Bakı xarici siyasətdə Gürcüstan və Ukrayna kimi Qərbin xeyrinə korrektələr etsə və ya işğal altındakı torpaqları geri qaytarmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayarsa, bu halda Kremldən təxribat gözləmək mümkündür. Bu o deməkdirmi ki, biz hər addımımızda Rusiya amilini nəzərə almalıyıq. Bunun da uğurlu yol olduğunu düşünmürəm.

Onda gərək işğal altındakı torpaqları geri qaytarmaq haqqında düşünməyək və müharibənin ömrü də keçən il olduğu kimi cəmi 4 gün çəksin. Biz daima “Rusiya amilini” nəzərə almaqdansa, qoy Rusiya “Azərbaycan amilini” nəzərə alsın”.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub

Read Next

Bu gün su çərşənbəsidir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir