“Kreml sahibi Paşinyanı hansısa yolla cəzalandırmağa çalışacaq…”-POLİTOLOQ ERMƏNİSTANDAKI SON DURUMU DƏYƏRLƏNDİRDİ

Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketləri ilə bağlı açıqlamasının Rusiya ilə münasibətlərdə başına bəla açacağını anlayaraq bir gün sonra yeni açıqlama ilə əvvəlki sözlərinə düzəliş etməyə çalışıb. Paşinyan hökumətin iclasında bildirib ki, Ermənistan silahlı qüvvələrinin islahatlarını sürətləndirmək məqsədilə “yol xəritəsi” hazırlanacaq və bu istiqamətdə “Ermənistanın təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşı – Rusiya Federasiyası ilə sıx əməkdaşlıq ediləcək”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Paşinyanın sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik və hərbi-texniki sahədəki əməkdaşlıq daha effektiv olacaq. Nikol Paşinyanın yeni açıqlaması çətin ki, Kremlin acısını soyutsun. Əksinə, Paşinyanın yeni açıqlamasını da belə oxumaq mümkündür: “Ermənistanla Rusiya arasında hərbi-texniki sahədə buna qədərki əməkdaşlıq işə yaramadı, Sizdən aldığımız hərbi texnika yararsız çıxdı, bu əməkdaşlığı daha effektiv şəkildə qurmaq istəyirik”. Bu kimi açıqlamalardan sonra Paşinyan hakimiyyətdə olduğu dönəmdə Moskvanın Ermənistana hansı növ silah satacağı və peşkəş edəcəyi maraq doğurur”-deyən politoloqun sözlərinə görə, müharibədən sonra Kreml Paşinyanın hakimiyyətdə qalmasını istəyirdi.

Çünki Paşinyan Moskvanın vasitəçiliyi ilə 10 noyabr və 11 yanvar bəyanatlarına imza atıb, onları yerinə yetirməlidir.

“Digər tərəfdən Moskva görür ki, hələ ki, Ermənistanda Paşinyana real alternativ yoxdur. Ancaq Paşinyan “İsgəndər” raketlərinin keyfiyyətsiz olmasıyla bağlı açıqlamasıyla Rusiyanın hərbi-sənaye kompleksinə elə zərbə vurdu ki, Kreml sahibi bunu unutmayacaq və fürsət düşən kimi Paşinyanı hansısa yolla cəzalandırmağa çalışacaq. Gələn son xəbərlərə görə, Ermənistan ordusu içərisində Nikol Paşinyanı devirmək istəyən qrup formalaşıb…”-deyə, politoloq əlavə edib.

Politoloq eyni zamanda qeyd edib ki, Ermənistandakı son hadisələri diqqətlə izləyib Dağlıq Qarabağda yarımçıq qalmış işlərimizi tamamlaya bilərik.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.

Paşinyan isə Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm” – deyə, o, yazıb.

Etikxeber.az

Read Previous

Baş Prokurorluqdan Bərdədə keçirilən əməliyyatla bağlı-RƏSMİ AÇIQLAMA

Read Next

Millət vəkilindən vaksinasiya ilə bağlı-ÇAĞIRIŞ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir