Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə əlaqədar komissiya yaradıldı-BİRGƏ MƏLUMAT

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb.

Etikxeber.az xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında öz əksini tapıb.

Bildirilib ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası məqsədilə kompleks tədbirlər davam etdirilir.

Müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından ibarət birgə komissiya yaradılıb.

Komissiyanın aşkarlayacağı çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaq.

Komissiya, həmçinin görülmüş işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə məsələ qaldırılacaq.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanına əsasən, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını DTX, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə isə DTX həmin funksiyaları XRİTDX ilə birgə həyata keçirir.

Etikxeber.az

Read Previous

Hələ də orden Haqqını ala bilməyən Aprel döyüşlərinin iştirakçısı və İkinci Vətən Müharibəsinin Şəhidi-Mayor Emin Süleymanov-YAŞASAYDI, BU GÜN 48 YAŞI TAMAM OLACAQDI…

Read Next

“Özünün də arzuların var idi…Üç övladının olmasını arzulayırdın…Hətta övladlarına adlar da seçmişdin…”-22 İYUL 2025-Cİ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ OLAN SAMUXLU ŞƏHİD EMİL SADIQZADƏNİN ANASI ŞƏLALƏ ƏSƏDOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir