Kürdəmirin İgidləri, Qəhrəmanları, İkinci Vətən Müharibəsi Şəhidləri-CƏMİL, NAHİD, RAMİL, NURLAN, İLQAR… ATALARININ ADINI DAŞIYAN ŞƏHİD ÖVLADLARI-NAHİD VƏ RAMİL… – FOTOLAR

Bu gün daha bir bölgəmizə-İkinci Vətən Müharibəsində 36 İgidini, Qəhrəmanını Vətən, Qarabağ uğrunda Şəhid vermiş Kürdəmir rayonuna-Şəhid ailələrini ziyarətə, onlara baş çəkməyə getmişdim…

Və bir az olar ki, ziyarətimi başa vurub geriyə-Bakıya dönmüşəm…

Kürdəmirdə ilk öncə haqqında bir neçə dəfə “Facebook” səhifəmdə və Etikxeber.az-da bəhs etdiyim İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Həşimlinin ailəsini ziyarət etdim…

Şəhid anası: “Cəmil mənim üçün yaşayır…Hər gün onun yolunu gözləyirəm, elə bilirəm ki, bu dəqiqə qapını açıb içəri girəcək…Yalnız mən öləndə, Cəmil də öləcək…Neçə ki, mən yaşayıram, Cəmil də yaşayır və yaşayacaq!”

Ziyarət zamanı Cəmilin anası-Qəhrəman-Şəhid, Qazi və Əsgər-çempion anası Simuzər xanımla, Şəhidimizin Qazi qardaşı, hərbçi-zabit Mərahimlə, Şəhidimizin can dostu, bir övlad atası Müzəffərlə və Şəhidimizin xalası qızı ilə görüşdüm, söhbətləşdim, hal-əhvallaşdım, dərdləşdim…

Bəli, əsl Qəhrəman-Vətənpərvərlər ailəsidir Cəmil Həşimlinin-Şəhidimizin ailəsi…

Böyük qardaşı, ali təhsilli Mərahim Azərbaycan Dövlət İqtisad Universitetini (ADİU) bitirdikdən sonra hərbi xidmətini 13 ay Əfqanıstanda-sülhməramlı olaraq, keçirib, başa vurub…

Sonra bir müddət peşəkar hərbçi kimi, Orduda xidmətini davam etdirib…

İkinci Vətən Müharibəsi başlayan gündən də qardaşı Cəmil kimi, döyüşlərə atılıb, vuruşub və Xocavənd istiqamətində ağır dpyüşlərin birində kəllə-beyin travması, kontuziya alıb, amma buna baxmayaraq, yenə döyüş yoluna davam edib…

İkinci Vətən Müharibəsinindən cəmi bir neçə gün sonra isə Şəhid qardaşı olduğu üçün hərbi xidmətdən, Ordudan tərxis olunub…

Hazırda Kürdəmirdə məktəblərdən birində hərbi hazırlıq fənni üzrə dərs deyir…

Amma yenə də hərbi xidmətə, Orduya qayıtmaq istəyir…

Hətta Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə müsabiqədən yetərli bal toplasa da (40 bala rəğmən 60 bal), əsaslı səbəb gətirilmədən, işlə təmin olunmayıb…

Bu isə həm Şəhid qardaşını-Qazimizi, həm də Şəhid-Qazi-Əsgər anasını narahat edir, incidir və bir an bu haqsızlığın aradan qaldırılmasını istəyirlər…

Şəhidimiz Cəmil texnikum, kollec təhsilli olsa da, o da böyük qardaşı Mərahim kimi, həyatını hərblə, Ordu ilə bağlayıb…

Və İkinci Vətən Müharibəsinin ilk saniyəsindən, ilk günündən də qardaşı kimi, döyüşlərdə olub, döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

Füzuli-Əbdürrəhmanlı istiqamətində ağır döyüşlərin birində,oktyabrın 5-də, axşam saatlarında qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb Gizirimiz…

Ali Baş Komandan tərəfindən də, Şəhidimiz ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 4 medalla təltuf olunub…

Qanı, canı bahasına Haqqını əldə edib, qazanıb bu medalları…

Oktyabrın 6-da da Kürdəmirdə-Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidimizin sonuncü-üçüncü qardaşı Cavid də digər qardaşları kimi, Azərbaycanın dəyərli, fəxr ediləcək övladlarındandır…

Ali təhsilldir, idmançıdır, respublika çempionudur, hazırda da hərbi xidmətdə, Naxçıvan Muxtar Respublikasında əsgər kimi, Vətənin keşiyini çəkməkdədir…

Şəhidimizin anası-Qazi və Əsgər anası Simuzər ana isə qarşısında baş əyiləcək Azərbaycan-Türk anası, xanımıdır…

Məğrur, Qürurlu, Dik duruşlu…Uşaqlarının, övladlarının həm anası, həm də atası…

Şəhidimizin anasının dediklərindən:

“Cəmillə sonuncu dəfə Şəhid olduğu gün, saat 17:00 radələrində danışmışdım…Əhvalı, kefi də yaxşıydı, mənə ürək-dirək verirdi…Mənimlə, bizimlə danışdıqdan bir neçə saat sonra isə balam Şəhidlik məqamına ucladı…Mən bu haqda axşam 9-un yarısında xəbət tutdum…Həmin vaxt Bakıda idim…Birtəhər gəlib rayona çıxa bildik, 6-sı gecə saat bir-birin yarısı olardı(Gözləri dolur)… Mən oğlumla fəxr edirəm, qürur duyuram…Başqa bir oğul idi balam…Onun Şəhidliyini qəbul edirəm, amma yoxluğunu qəbul edə bilmirəm və etməyəcəm də…O, mənim üçün yaşayır…Hər gün onun yolunu gözləyirəm, elə bilirəm ki, bu dəqiqə qapını açıb içəri girəcək…Yalnız mən öləndə, Cəmil də öləcək…Neçə ki, mən yaşayıram, Cəmil də yaşayır və yaşayacaq!”

***

Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı, 3 övlad atası-Şəhid Nahid Mikayılov…

Bir qədər də söhbətləşdikdən sonra Simuzər xanımla Kürdəmirimizin, Azərbaycanımızın daha bir İgid, Qəhrəman oğlu-20 ilin peşəkar və qüsursuz hərbçisi-baş gizir, Aprel döyüşlərinin iştirakçısı və İkinci Vətən Müharibəsinin Şəhidi Nahid Mikayılovun adını daşıyan “Şəhid bulağı”nın açılış mərasiminə yollandıq…

Açılış mərasimində Şəhidin ailə üzvləri-xanımı Jalə xanım, 3 övladı, döyüş-hərbçi yoldaşları, Şəhid, Qazi ailələri, rayon ziyalıları, din xadimləri, məktəblilər iştirak edirdi…

Şəhidimizin həyat yoldaşı və övladları öncə bulağın açılışını etdilər, sonra mərasim iştirakçılarından bir neçəsi Şəhidimizlə bağlı ürək sözlərini söylədilər, məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər…

Qeyd edək ki, bu gün Şəhidimizin həm də 39 yaşı tamam olurdu…

39 illik ömrünün 20 ilini Orduda, hərbdə keçirən İgidimiz Aprel döyüşlərindən sonra şəkər xəstəliyinə tutulsa da, Vətən, Torpaq sevdasından əl çəkməyib, İkinci Vətən Müharibəsində də peşəkar hərbçi kimi, ilk gündən döyüşlərdə iştirak edib…

Ağdam istiqamətində döyüşlərdən birində, oktyabrın 30-da ağır yaralanıb, hospitlada əməliyyat olunsa da, İgidimizin həyatını qurtarmaq mümkün olmayıb, Vətən sevdalımız gözlərini bu dünyaya birdəfəlik-əbədiyyən yumub, Şəhid olub və bir gün sonra-oktyabrın 31-də də Kürdəmirdə-Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

İgidliyinə, Qəhrəmanlığına görə də, bir neçə medalla təltif olunub…

Şəhidimizin 3 övladı, 3 oğlu Vətənə əmanət qalıb…Nihad, Nicat və atasının adını daşıyan 2 yaşlı Nahid

Şəhidimizin yoldaşı deyir ki, oğlunun adı Rinat olub, ancaq yoldaşının Şəhidliyindən sonra onun adını dəyişdirib və Nahid etdirib…

Adi ilə, torpağı sanı yaşasın, balaca Nahid, ataların torpağı sanı sanı yaşasınlar, Şəhid balaları, atalarının ruhu bir ömür boyu köməkləri olsun!

***

Noyabrın 5-də Şəhid olan və 15 gün sonra nəşi torpağa tapşırılan İlqar Əhmədov…

“Şəhid bulağı”nın açılışından sonra Kürdəmirin ucqarında yerləşən, İkinci Vətən Müharibəsində bir şəhid vermiş İsmayılı kəndinə, Şəhid İlqar Xəqani oğlu Əhmədovgilə üz tutduq…

İlqar 1999-cu ilin martın 18-də sadə, zəhmətkeş, kasıb bir ailədə dünyaya gəlib…

Hərbi xidmətini başa vurduqdan bir müddət sonra-İkinci Vətən Müharibəsi başlamazdan bir həftə əvvəl, sentyabrın 21-də isə səfərbərliyə cəlb olunub…

Döyüş yolu Xocavəndəcən davam edib və müharibənin başa çatmasına 5 gün qalmış, noyabrın 5-də Şəhdlik məqamına ucalıb…

Amma nəşini 15 gündən sonra əldə etmək mümkün olub və noyabrın 20-də dəfn olunub Şəhidimiz…

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub…

İlqargil ailədə iki uşaq-iki qardaş olublar…

Ziyarət zamanı Kürdəmirin imamı, nüfuzlu və tanınmış din xadimi Aqil bəy də iştirak edirdi, o, Şəhid ailəsinə hədiyyəsini təqdim etdi, eyni zamanda, Şəhidimizin-Şəhidlərin ruhuna dualar oxudu…

Ailəsi övladının adının əbədiləşdirilməsini istəyir və bununla təsəlli tapacağına ümid edir…

İnşallah, Şəhidimizin adı da əbədiləşdirilər və ailəsi də azaclıq olsa belə, təsəlli tapar…

Nur icində yatsın, Şəhidimiz, Allah ailəsinə səbrlər versin!

***

İkinci Vətən Müharibəsi başlayan gün 19 yaşı tamam olan, əsgərliyinin bir ilinin tamamında isə Şəhidlik xəbəri gələn Nurlan Dadaşov…

Sonra Kürdəmirin daha bir İkinci Vətən Müharibəsi Qəhrəmanı, İgidi, Şəhidi Nurlan Dadaşovun ailləsinin yaşadığı Qarasaqqal kəndinə getdik…

2001-ci il təvəllüdlü Şəhidimiz anadan olduğu gündə-sentyabrın 27-də də əsgər-XTQ kimi döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, igidliklər göstərib Füzuli-Cəbrayıl istiqamətlətində…

Və əsgərliyinin bir ilinin tamamı günü, 2020-ci ilin oktyabrın 3-də də ailəsinə Şəhidliyi xəbəri gəlib…

Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Şəhidimizin nəşi elə həmin gün Kürdəmir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib və oktyabrın 4-də də əbədiyyətə uğurlanıb, torpağa tapşırılıb…

Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin alınmasına görə” medalları ilə təltif olunub…

Məkanı cənnətlik olsun, Şəhidimizin!

Onu da qeyd edək ki, Şəhidimiz ailədə 3 övlad-3 qardaş olublar-Novruz, Şahzadə və Nurlan…

Böyük və bir övlad atası olan böyük qardaşı Novruz da İkinci Vətən Müharibəsinin iştirakçılarından, peşəkar hərbçilərdəndir…

Novruz əsasən Suqovuşan istiqamətində döyüşlərdə olub, həmçinin, 2016-ci ilin Aprel döyüşlərində iştirak edib…

Şəhidimizin ortancıl və bir övlad atası olan qardaşı Şahzadə isə hələ də işsizdir…

Nurlanın da ailəsi Şəhidimizin adının əbədiləşdiriləcəyi, kənd məktəbinə onun adının veriləcəyi günü səbrsizliklə və ümidlə gözləyir…

Həmçinin, yaxın zamanlarda, Şəhidimizin adını daşıyacaq “Şəhid bulağı”nın açılışını gerçəkləşdirməyi düşünürlər…

***

12-ci ayın 12-də dünyaya gələn, 29 illik ömrünün 14 ilini hərbdə keçirən Şəhidimiz-Ramil Babayev…

Kürdəmirdə son ziyarətimiz 14 ilin peşəkar hərbçisi-Baş leytenant Ramil Taqət oğlu Babayevin ailəsi oldu…

1991-ci ilin dekabrın, ilin 12-ci ayının 12-də dünyaya gələn Ramil 15 yaşında, 9-cu sinfi bitirdikdən sonra həyatını hərblə bağlayıb, əvvəlçə Naxçıvanski adına məktəbi bitirib, sonra Hərbi Akademiyaya daxil olub və oranı bitirib…

Vətən sevdalısı Ramil 2016-ci ilin Aprel döyüşlərinin iştirakçısı olub…

İkinci Vətən Müharibəsi başlayan zaman isə Murovdağ istqamətində döyüşlərdə olub, böyük şücaətlər, igidliklər göstərib və sentyabrın 29-da Şəhadətinə qovulub…

Ancaq nəşini düz 4 ay iki gündən sonra əldə etmək mümkün olub, Şəhidimizin nəşi 2021-ci ilin yanvarın 31-də Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ölümündən sonra 3 medalla-“İgidliyə görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqqını da alıb və daha artığını Haqq edir…

Ramilgil ailədə 4 uşaq-iki qardaş-iki bacı olublar…

Bacıları da, qardaşı Röyal da ailə sahibi, valideyndirlər…

Şəhidimizin ozü də ailəli, iki övlad atası olub…

Aprel 2-də 2 yaşını tamam edən körpə Mədinə və atasının dəfnindən 14 gün öncə dünyaya gələn və hələ də dünyadan, olanlardan bixəbər və atasının adını daşıyan balaca-oğul Ramil…

Ramil Babayevin oğlu Ramil Babazadə…

Ramil adını yaşatmağı isə İgidimizin döyüşçü-hərbçi yoldaşları Şəhidimizin ailəsindən xahiş edib və xahişləri də yerə salınmayıb…

Atasının adı ilə böyüsün, torpağı sanı yaşasın, balaca Ramil!

Atasının ruhu kömək olsun, balaca Mədinəyə!

Şəhidimiz anası İlhamə xanımın dediklərindən:

“Biz heç nə istəmirik, bizə heç nə lazım deyil…Bizə, sadəcə, mənəvi dəstək, diqqət lazımdır…İstəyirik ki, övladlarımız unudulmasın, yadda çıxarılmasın, xatırlanılsın, xatirələri əbədiləşdirilsin…Bizim acımız, dərdimiz onsuz da qaysaq bağlayan deyil…Bizimlə əbədiyyətəcən davam edəcək…Ancaq diqqət, mənəvi dəstək bizə az da olsa, təsəlli olardı…Bununla təsəlli tapar, bir az ovunardıq…”

Həmçinin, bu yerdə xatırlatmağa dəyər ki, İkinci Vətən Müharibəsində Ramilin iki tələbə yoldaşı və iki dostu – Şabranlı Tərlan, İmişlili Cavid də Şəhid olub, Şəhidlik məqamına ucalıblar…

Məkanları behiştlik olsun!

Bir az da söhbətləşdikdən sonra Ramilgildən ayrılırıq, ayrılıram və üzü yenidən Bakıya yol alıram.

Allah cəmi Şəhidlərimizə qəni-qəni rəhmət etsin, ruhları qarşısında baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

25.04.2021, Bakı-Kürdəmir-Bakı

Etikxeber.az

Read Previous

Seçiciləri nəyə görə millət vəkilinə-TƏŞƏKKÜR ETDİLƏR? – FOTOLAR

Read Next

“Siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməlidir”-MİLLƏT VƏKİLİNDƏN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir