Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.
Etikxeber.az-ın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.
Saxlanılanların olduğu bildirilir.
***
Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Kürdəmirdə keçirilən əməliyyat zamanı icra başçısı da daxil olmaqla bir neçə vəzifəli şəxs saxlanılıb.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar.
Hazırda əməliyyat davam edir.
Qeyd edək ki, əslən yevlaxlı və 55 yaşı olan C. Cəfərov 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Ölkə Prezidentinin 16 aprel 2014-cü il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
15:15, 19 avqust
***
Kürdəmirin icra başçısı C. Cəfərova qarşı irəli sürülən ittihamlar məlum olub.
Elektron Məhkəmə Sistemi xəbər verir ki, C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.
C.Cəfərov bu gün-20 avqust tarixində məhkəmə qarşısına çıxarılacaq.
Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılacaq.
Qeyd edək ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Onunla birlikdə birinci müavin T.Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri N. Kərimov və digər vəzifəli şəxslərin də məsuliyyətə cəlb edildiyi bildirilir.
12:45
***
C. Cəfərov məhkəməyə gətirilib.
13:30
***
C. Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.
Binəqədi rayon Məhkəməsində C.Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.
Məhkəmə təqdimatı təmin edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
13:52
***
Kürdəmirin icra başçısı C. Cəfərovla birgə saxlanılan icra başçısının birinci müavini T. Novruzov və şöbə müdiri N. Kərimov barəsində də həbs qətimkan tədbiri seçilib.
Binəqədi rayon Məhkəməsində onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.
Təqdimat təmin edilib və təqsirləndirilən şəxslərin hər ikisi barəsində 4 ay müədditinə həbs qətimkan tədbiri seçilib.
14:10
***
Baş Prokurorluq qanun pozuntularının törədilməsində şübhəli bilinən Kürdəmir rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin tutulması haqqında məlumat yayıb.
Baş Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, ölkədə həyata keçirilən çoxşaxəli və sistemli islahatlara mane ola biləcək korrupsiya və sair neqativ hallara qarşı mübarizə tədbirləri çərçivəsində prokurorluq orqanlarının qətiyyətli və ardıcıl tədbirləri davam etdirilir.
Həmin tədbirlərdən biri kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində baş vermiş qanun pozuntularına dair aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaqla Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olmaqla və onlar vasitəsilə rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət müəssisələrindən, habelə bir sıra özəl müəssisələrdən müxtəlif məbləğdə pul vəsaitlərini, eləcə də, dövlətin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vuran digər qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Belə ki, istintaqla həmin şəxslərin birbaşa və icra hakimiyyətinin digər vəzifəli şəxsləri vasitəsilə ayrı-ayrı vaxtlarda rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrindən ümumilikdə 137 min manat, Kommunal Müəssisələr Kombinatından 58 min manat, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrindən 120 min manat, “Azbiyan” Məhdud Məsuliyyətli Cəmiyyətindən 71 min manat məbləğində vəsaiti rüşvət qismində istəyərək almalarına əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilənlərə əsasən, 19 avqust 2020-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətinin İnzibati binasında, habelə rayonun Suvarma sistemləri və Yaşıllaşdırma idarələrində, Kommunal Müəssisələri Kombinatında və Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində əməliyyat-istintaq tədbirləri keçirilmiş, görülmüş tədbirlər nəticəsində həmin şəxslər tutularaq, Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Kürdəmir rayon icra hakimiyyətinin tabeliyindəki qurumlarda və rayon ərazisində fəaliyyət göstərən digər qurumların fəaliyyətində yol verilmiş qanun pozuntularının araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. İş üzrə təqsirləndirilən şəxslərin dairəsinin dəqiq müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri və istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcəkdir.
14:16
***
C. Cəfərov vəzifəsindən azad edilib.
Bu gün Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Etikxeber.az