Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabah daha bir neçə Birinci və İkinci Vətən Müharibəsi Şəhidinin Anım günləridir.
Kürdəmir rayonundan olan Birinci Qarabağ Savaşı Şəhidi Yaşar Həkim oğlu Seyidovun Əbədiyyətə uğurlanmasından 31 il, nəşi 3 ay 23 gündən sonra əldə edilən Ağdaşlı Atəm Vaqif oğlu Əliyevin torpağa tapşırılmasından 4 il keçir.
Sabah-25 yanvar 2025-ci il tarixində Yaşar Seyidovun Kürdəmir Şəhidlər Xiyabanında, Atəm Əliyevin isə Ağdaş rayonunun Abad kənd qəbiristanlığındakı məzarları ziyarət olunacaq.
Məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq.
Sonra hər iki Şəhidin ailəsinin yaşadığı evdə məclis düzənlənəcək, adlarına ehsan veriləcək.
Etikxeber.az xəbər verir ki, Atəm Əliyev 1982-ci ilin dekabr ayının 16-da Ağdaş rayonunun Abad kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin beş övladından, beş qardaşdan biri, evin böyük oğlu olub.
2000-ci ildə atasını vaxtsız və erkən itirib və həmin vaxtdan anası ona, eləcə də qardaşlarına həm analıq, həm də atalıq edib.
Əvvəlcə Abad kənd orta məktəbində oxuyub, sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.
Hərbi Liseyi başa vurduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə (AHİM) daxil olub və 2004-cü ildə ali hərbi təhsilini bitirib.
Həmçinin, Silahlı Qüvvələrin Təlim-Tədris Məkrəzində (TTM) kurs oxuyub və ali təhsilli-peşəkar hərbçi kimi Azərbaycan Ordusunda fəaliyyətə başlayıb, polkovnik-leytenant rütbəsinəcən yüksəlib.
Aprel döyüşlərinin iştirakçısı olub və bir peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb.
Şərəfli döyüş yolu 5 gün çəkib və oktyabrın 2-də Kəlbəcər-Murovdağ istiqamətində Şəhidlik məqamına ucalıb.
Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb, nəşi yalınız 3 ay 23 gündən sonra əldə edilib və 2021-ci ilin yanvar ayının 25-də Abad kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
O, həm də Abadın üç İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir neçə medalla, o cümlədən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Atəm Əliyev ailəli, iki övlad atası olub.
Oğlu atası Vaqif kişinin adını daşıyır, qızı Nuray isə ali məktəb tələbəsidir.
***

Ailənin 5 övladından biri olan Kürdəmirli Yaşar Seyidov isə 1968-ci ilin aprelin 25-də Kürdəmir rayonunda dünyaya gəlib.
Orta məktəbi bitirdikdən sonra-1986-cı ildə, keçmiş sovetlər dönəmində-Amur vilayətinə hərbi xidmətə yollanıb və 1988-ci ildə xidmətini yerinə yetirib Azərbaycana, Kürdəmirə, ailəsinə dönüb.
Hərbi xidmətini başa vurandan sonra Kürdəmirdə-Peşə Məktəbində oxuyub, qaynaqçı ixtisasına yiyələnib və və bir müddət Kürdəmirdəki “Neftbaza”da qaynaqçı işləyib.
1993-cü ilin payızında-Birinci Qarabağ Savaşı zamanı könüllü şəkildə Ordu sıralarına yazılan, Vətənin müdafiəsinə qalxan Yusif Seyidov cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.
Və Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində, 1994-cü ilin yanvar ayında ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Şəhidliyi xəbəri isə ailəsinə yanvarın 24-də verilib və nəşi Füzuli rayonundan Kürdəmirə gətirilərək, 25 yanvar tarixində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Kürdəmirdə Yaşar Seyidovun adını daşıyan küçə var.
İki övladı-bir oğlu və bir qızı Vətənə əmanət qalıb.
Məkanları cənnətlik, ruhları şad olsun!
Ruhları qarşısında baş əyirik!
Nur içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az