“Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil” – BAXIŞ

Moskva ilk dəfə rəsmi səviyyədə “Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı.

Doğrudur, buna qədər Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova REAL TV-nin Moskavadakı təmsilçisinin sualına cavab olaraq ünvan göstərmədən danışıqlar formatının dəyişdirilməsinin əleyhinə olduğunu vurğulamışdı.

Ancaq onun şefi xarici işlər naziri Sergey Lavrov “Valday” klubunun Yaxın Şərqə həsr olunan bugünkü sessiyasında ünvanı gizlətmədi:

“Qarabağ Ermənistandır” ifadəsi “Kosovo Albaniyadır” ifadəsinə bənzəyir və bu danışıqlar prosesində müsbət atmosferin yaradılmasına kömək etmir”.

Məlumdur ki, Kreml Kosovonun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır.

Ona görə də Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil.

Əgər Kosovo məntiqindən yanaşsaq Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır.

Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir. Kreml sadəcə Nikol Paşinyanı qəbul etmir, ancaq Ermənistandan vaz keçmək fikri yoxdur.

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilməsi eyforiyasından çıxa bilmir.

Guya toplantı ona görə İrəvanda keçirilib.

Halbuki, təşkilatın toplantısı sadəcə növbəlilik prinsipinə görə İrəvanda keçirilib və bunun Paşinyanla əlaqəsi yoxdur.

Buna baxmayaraq, toplantıdan dərhal sonda parlamentdə çıxış edən Paşinyan Avrasiya İqtisadi Birliyinin zirvəsinin “uğurlu nəticələrindən” və rusiyalı həmkarı Vladimir Putinlə görüşdən ağız dolusu danışıb.

Ancaq deputatlardan birinin “Rusiya Ermənistana satdığı qazın qiymətini bahalaşdırmayacaq ki” sadə sualına cavab verə bilməyib.

Putinin İrəvanda həbs olunan eks-prezident Robert Köçəryanın həyat yoldaşı ilə görüşü, üstəgəl Sergey Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil.

Ancaq bizim də bu gedişatdan çıxış edərək “Rusiya Ermənistandan üz döndərir” kimi eyforiyaya qapılmamız da doğru olmaz.

Bu Ermənistanda rəhbər Paşinyandırsa, sabah Kremlin görmək istədiyi başqa “yan” ola bilər.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

“Virtual dünyanın sakinləri”, xalqın gözü tərəzidir! – DEPUTAT VƏ YAP RƏSMİSİ YAZDI

Read Next

UEFA Gənclər Liqası: “Qəbələ” APOEL ilə heç-heçə etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir