Aprel döyüşləri təkcə son Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın Azərbaycan torpaqlarının işğalına başladığı dövrdən, yəni 1918-ci ildən bugünədək ciddi tarixi dönüş nöqtəsidir. Düşününrəm ki, bunu belə qiymətləndirsək, daha ədalətli olar. Bu hadisə əslində Azərbaycanın növbəti qələbələrinin başlanğıcıdır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, çünki Azərbaycan ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə bu miqyasda qalibiyyətlə nəticələnən döyüşlər olmayıb.
O, qeyd edib ki, hazırkı mürəkkəb hərbi-siyasi vəziyyətdə Azərbaycan ordusunun bu cür qələbələr əldə etməsi heç şübhəsiz, bundan sonrakı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllində yeni şərtlər formalaşdırdı, yeni şərait yaratdı. Eyni zamanda bu prosesdə hərbi-psixoloji üstünlük Azərbaycan tərəfinə keçmiş oldu.
“Ötən üç il ərzində biz bu hadisənin Ermənistan cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə, nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət yaratdığının şahidi olduq.
2018-ci ldən başlayaraq bu günə qədər də dabam edən Ermənistandaxili “zəlzələ” də məhz Aprel döyüşlərinin yaratdığı yeni reallığın nəticəsidir. Göründüyü kimi, bu, təkcə hərbi məsələ deyil, eyni zamanda ciddi mənəvi-psixoloji və siyasi məsələdir.
Ancaq məsələ təkcə bununla da məhdudlaşmır.Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxalq tərəfləri var. Biz bilirik ki, bu konfliktdə iştirak edən təkcə işğalçı ölkə Ermənistan deyil. Azərbaycan torpaqlarını işğal edən Ermənistanın tərəfində olan, onu gizli və ya açıq şəkildə himayə edən imperialist güc mərkəzləridir.
Aprel döyüşlərindən sonra onlar da lazımi mesajlar aldılar və bir daha başa düşdülər ki, status-kvonun saxlanılması cəhdləri bu problemin həllində heç də yaxşı perspektivlər vəd etmir.
Hətta mən deyərdim, bəzi imperialist mərkəzlər onu da anladılar ki, belə davam edərsə bir gün Azərbaycan artıq nə BMT-nin mandatı ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə ehtiyacı olmadan özü bu problemi həll edə bilər. Düşünürəm ki, bütün bunlar, bu nəticələr 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun əldə etdiyi qələbədən sonra mümkün olub.
Başqa mühüm bir məsələ də var ki , Aprel döyüşləri mühüm bir taktiki qələbə kimi özündən cəmisi iki il sonra yeni bir qələbənin Günnüt qələbəsinin əsasını qoydu.Azərbaycan ordusu Naxçıvan ərazisində 90-cı illərin əvvəllərində işğalçı Ermənistan tərəfindən nəzarətə götürülən torpaqlarımızı qaytarmaqla strateji yüksəkliklərdə möhkəmləndi və İrəvan – Qafan strateji yolunu nəzarətə götürdü.
Artıq ermənilər bilir ki, bənzər hadisə yenə təkrarlana bilər və Azərbaycanın torpaqları işğaldan tam azad edilənə qədər bu davam də bilər. Aprel döyüşlərinin yaratdığı başqa bir reallıq isə azad edilmiş torpaqlarımıza “Böyük qayıdış”ın başlanmasının əsasının qoyulması oldu. Ona görə də mən düşünürəm ki, bu hadisə problemin həllidə yeni mərhələ yaratmaqla status – kvonun legitimləşdiriləsi cəhdlərinin mümkün olmadığını hər kəsə göstərmiş oldu”.
Etikxeber.az