“Lazımsız yerlərdə də radar yerləşdiririk” – HİKMƏT BABAOĞLU

“Yol hərəkəti haqqında” qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə məsələyə yeni yanaşma olmalıdır

Etikxeber.az xəbər verir ki, bu fikri millət vəkili Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlara dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, təhlükəsizliyimizi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq:

hikmet_babaoglu_2

“Məsələn, əvvəlcə qanun qəbul etmişdik ki, sürücü avtomobil idarə edərkən üzərində sürücülük vəsiqəsi yoxdursa, bu müxtəlif cərimələrin tətbiq olunmasına gətirib çıxarmırdı. Bu gün Azərbaycanda elektron hakimiyyət yaradılır. Bütün hüquqi münasibətlər electron internet sistemi üzərindən qurulur. Belə olanda sürücünün üzərində sürücülük vəsiqəsinin olub olmamasının yol polisi üçün nə fərqi var? Onlar xüsusi vasitə ilə bunu dəqiqləşdirə bilərlər. Bu, süni maneədir”.

Millət vəkilinin fikrincə, “Yol hərəkəti haqqında” qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır: “Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaradır. Yəni, nəticə etibari ilə təhlükəsizlik əvəzinə, təhlükəli vəziyyət yaradırıq. Ona görə də yaxşı olardı ki, bu sahədə yeni qanunlar, yeni dəyişikliklər təhlükəsizliyə xidmət etsin”.

Qeyd edək ki, sözügedən qanuna edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarixi və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda, yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Layihədə qeyd edilib ki, sənət abidələrinin xaricə müvəqqəti aparılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun həyata keçirilir.

Qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“O, David Qareci kilsəsi deyil, Keşikçidağdır” – QƏNİRƏ PAŞAYEVA

Read Next

“Bu, ölkəmiz üçün olduqca əhəmiyyətlidir” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir