“Li”, “li”,”lü”,”lu”, “oğlu”, “qızı”, “soy” və digər soyad sonluqları gündəmdədir…” – DEPUTAT

“Adlar və soyadlar haqqında” qanun layihəsində daha  nələr ehtiva oluna bilər?  

“Adlar və soyadlar haqqında” qanun layihəsinin hazırlanıb, müzakirələrə çıxarılmasına və qəbuluna ciddi ehtiyac duyulur”.

Bunu Etikxeber.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.
jala-yeni-jala
J. Əliyeva bildirib ki, Azərbaycan ötən əsrin 90-cı illərində – tarixində ikinci dəfə müstəqillik əldə etdikdən bu yana neçə illərdir ki, belə bir sənədin hazırlanması və parlament müzakirələrindən keçirilirək, qəbul olunması məsələsi yönündə müzakirələr gedir: “İstər cəmiyyətdə, istər ziyalılar, elm adamları arasında, istərsə də parlamentdə, üzvü olduğumuz komitədə bu yöndə dəfələrlə ciddi müzakirələr gedib, fikir mübadilələri aparılıb və bu gün də bu yöndə müzakirələr getməkdədir. Xüsusilə də, komitəmizin sədri, akademik  hörmətli Rafael Hüseynov tərəfindən bu məsələ zaman-zaman gündəmə gətirilib, hətta, onun özü tərəfindən ilkin qanun layihəsi də işlənilib, hazırlanıb. Demək olar ki, böyük əksəriyyət  də belə bir sənədin müzakirəsinin və qəbulunun tərəfdarıdır. Bu yerdə qeyd edim ki, komitəmizin Milli Məclisin 2018-ci il yaz sessiyası ilə bağlı ilk iclasında da bu məsələyə toxunulub və qanun layihəsinin  təkmil şəkildə hazırlanaraq, müzakirələrə çıxarılmasının vacibliyi, zəruriliyi vurğulanıb. Hətta,  məsələ komitəmizin yaz sessiyası dövründə qanunvericilik işləri planına da daxil edilib. Odur ki, yaxın gələcəkdə, nəhayət, hamımız, bütövlükdə cəmiyyətimiz tərəfindən qəbulu arzuolunan  adlar və soyadlarla bağlı qanun layihəsi müzakirələrə təqdim edilə, ortaya qoyula bilər”.
jala-6
Komitə sədrinin müavini qeyd edib ki, soyadlarla, milli soyad sonluqları ilə bağlı da müxtəlif variantlar səslənməkdə və ortaya qoyulmaqdadır:
“Burada da elə bilirəm ki, təzə məsələ, yenilik yoxdur. Təklif olunan variantlar əsasən bunlardır, yəni, milli soyadlarımızın, soyad sonluqlarımızın “lı”, “li”, “lü”, “lü”, o cümlədən, “soy”, “soylu”, “gil”, “zadə” formasında yazılması təklifləri var. Bununla yanaşı, “oğlu”, “qızı” kimi soyad sonluqlarından istifadə olunması təklif edilir. Hətta, bir neçə il öncə mətbuata geniş müsahibəsində  Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov tərəfindən soyad sonluqlarımızın “Az” kimi yazılması təklifi səsləndirilmişdi. Yəni, Azərbaycanlı olduğumuzun təsdiqi kimi, belə bir soyad sonluğundan istifadə edilməsinin mümkünlüyü vurğulanmışdı. Bu təklif də hesab edirəm ki, çox maraqlı və  çox diqqətçəkən təklifdir, Bununla belə, soyadlarımızın əsil-nəcabətə uyğun yazılması,  yəni, insanlarımızın soyadlarının onların məxsus olduğu nəsilin adı ilə adlandırılması, yazılması təklifləri də var. Onu da qeyd edim ki, Atatürkün vaxtında Türkiyədə bu formadan geniş istifadə olunmuşdu. Mən demirəm ki, Türkiyədə necədirsə, indi bizdə də o cür olsun, xeyr, amma onların da bu yöndəki təcrübəsindən istifadə etmək, yararlanmaq olar. Məsələn, Türkiyədə olduğu kimi, Azərbaycanda da kifayət qədər tanınmış nəsillər var ki, həmin nəsillərdən olanların soyadlarının məxsus olduqları  nəsillərin adları ilə adlandırılması, yazılması mümkün ola bilər. Demək istəyirəm ki,  bu yöndə də təkliflər var ki, kifayət qədər ağlabatan və məntiqlidir. Şəxsən mənim özümə gəlincə, daha çox “oğlu” və “qızı” soyad sonluqlarından istifadə edilməsinin tərəfdarıyam. Mən bu varianta daha çox üstünlük verirəm. Hər halda bunlar təkliflərdir və qanun layihəsinin  təkmilləşdirilərək, müzakirələrə çıxarılması prosesində digər variantlar da gündəmə gələ, müzakirə mövzusu ola, onlardan istifadə oluna bilər. Amma bütün hallarda bir daha hesab edirəm ki, belə bir qanuna ciddi ehtiyac var, o, cəmiyyətin  sifarişi olaraq ortadadır və mütləq nəzərə alınmalıdır”.
jala-rafael
Soyadlar, soyad sonluqları ilə müqayisədə adlar məsələsinin daha ciddi və narahatedici bir problem kimi mövcud olduğunu bildirən millət vəkilinin sözlərinə görə, bu məsələdə az qala özbaşınalıq, anarxiya hökm sürür və bu, bir ziyalı, bir alim, bir vətəndaş, bir millət vəkili kimi onu çox narahat edir: “Ad məsələsi dil məsələsi kimi qədər önəmli məsələdir. Ad məsələsi milli özünəməxsusluq, milli kimlik məsələsidir. Ad məsələsi hətta, deyərdim ki, dövlətçilik atributları qədər dəyərli bir məsələdir. Bu məsələni “mən belə istəyirəm, bu, mənim şəxsi işimdir” və ya “insan hüquqları pozula bilər” deyib, kimlərinsə kefinə buraxmaq olmaz. Bu məsələdə anarxiya, xaos, özbaşınalıq aradan qaldırılmalıdır, ümumiyyətlə, belə zərərli, ziyanlı hallara yol verilməməlidir. Ancaq çox təəssüflər olsun ki, son 20-25 illərdə Azərbaycanda dilmizə, kimliyimizə,ruhumuza, türklüyümüzə, milliliyimizə, azərbaycanlılığımıza uyğun gəlməyən və bir çox hallarda da mənası heç kimə məlum olmayan oğlan və qız adlarından istifadə olunur və bu, az qala tendensiya halını almaqdadır. Axı,özümüzün gözəl, diləyatımlı oğlan və qız adlarımız olduğu halda, nəyə görə əcnəbi, ruhumuza, kimliyimizə yad olan adlardan istifadə edək? Düzdür, son illər bu məsələdə qayda-qanun yaradılmağa cəhdlər göstərilir, hətta, müvafiq komissiya tərəfindən müəyyən addımlar atılır, xəbərdarlıqlar, tövsiyələr olunur. Amma hesab edirəm ki, bunlar yetərli deyil. Burada ciddi nizam-intizam, ölçü-biçi olmalı, hətta, sərtləşdirmələr nəzərdə tutulmalıdır. Yəni, hazırlanacaq qanun layihəsində bu məsələdə ciddi sətləşdirmələr özünün əksini tapmalıdır. Bu yaxınlarda telekallardan birində elə bu məsələylə bağlı bir verilişə dəvət olunmuşdum, çox maraqlı müzakirələr də getdi. Həmin verilişdə canlı bağlantı zamanı bir nəfər bizlərə etiraz etdi və dedi ki, “mən övladıma  tutaq ki, “Briqada” adı qoymaq istəsəm, kim buna nə deyə bilər ki? Bu, mənim şəxsi məsələmdir”. Buna heyrətlənməmək mümkün deyil. Biz bu yanaşma, bu təfəkkür, bu düşüncə ilə hara gedə bilərik? Çox yanlış və çox ziyanlı bir yanaşmadır bu. Ona görə hesab edirəm ki, adlar məsələsində ciddi nizam-intizama ehtiyac var və bu baxımdan da, bu məsələni, eləcə də, soyadlar məsələsini tənzimləyəcək ciddi qanun olmalıdır”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqləndi

Read Next

Gərək, gedib edam olunaydı… – ZAHİD ORUCUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir