Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
HƏRBİ-QIRICI TƏYYARƏMİZİN QƏZASI BARƏSİNDƏ FİKİRLƏRİM…
Müdafiə Nazirliyi pilotumuz Rəşad Atakişiyevin faciəli ölümü ilə nəticələnən MİQ-29 hərbi-qırıcı təyyarəmizin Xəzər dənizi üzərindəki qəzasının səbəbləri barədə rəsmi açıqlama yayıb.
Bir-neçə gündür ki, bu açıqlama və xüsuslilə, onun mətnində yer almış, təyyarənin quşlarla toqquşa bilməsi ehtimalı cümləsi cəmiyyətdə və ölkədə gərgin stressli müzakirələrə səbəb olub.
Mən, açığı bu məsələyə müdaxilə edib Müdafiə Nazirliyi, ölkə müdafiə sistemini, ordunu müzakirə obyektinə çevirmə fikrində deyildim və indi də deyiləm. Çünki Ordunu yeganə strukturdur ki, dövlətdən çox, xalqın hesab edir, müqəddəs qədər sayıram və onuн maksimum qədər tənqiddən kənar saxlanma tərəfdarıyam.
Ancaq bu neçə günün müşahidəsi baş verən hadisə ilə bağlı bəzi anlaşılmazlıq və bunun da qəsdən qızışdırılması nəticəsi olaraq cəmiyyətin, xüsusilə də sıravi insanlarımızın müxalifət və iqtidaryönlülər tərəfindən siyasi rəqabət motivi ilə məntiqsiz, başyozma istiqamətinə yönləndirilmə hallarının güclənməsini göstərir, təəssüf ki.
Bu səbəbdən, çalışıb müdafiə sistemimizə zərər gətirmədən və həm də cəmiyyətə, xalqımıza bu qəza və onun səbəbləri barədə bəzi, səthi də olsa aydınlıqlar gətirmək cəhdi ilə şəxsi fikirlərimi bölüşüm. Bunun üçün heç də uzağa getməyib həmin MN və araşdırma Komissiyasının rəyi-məlumatını təhlil etmək kifayət edər. Mahiyyəti üzrə, rəydəki əsas məqamları götürək.
1. “Təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub”.
2. “Hadisənin başvermə səbəblərinin öyrənilməsi zamanı məlum olub ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb”.
3. “Bəzi kütləvi informasiya vasitələrində aviasiya vasitələrinin gövdəsində yerləşən bort qeydiyyatçısında – “qara qutu”da olan məlumatların oxunması üzrə ölkəmizdə mütəxəssislərin və xüsusi avadanlığın olmaması barədə iddiaları əsassızdır. “MiQ-29” tipli döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısında (“qara qutu”) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib”.
Buradan, fikrimcə nə nəticələr hasil etmək olar?

1. Bu rəy bəzi məcburi səbəblərə görə tələsik hazırlanıb, tam yekun rəy deyil. Çünki təyyarə qalıqları yenicə tapılıb da çətin və ciddi ekspertizalar keçirilməlidir. Məsələn, rəydə göstərilən kimi təyyarə ilə toqquşmuş o Cismin hissəciklərinin, toqquşma izinin, əzintisinin xarakteri, zədənin təyyarəni qəzaya uğrada bilən ağırliq dərəcəsi və sair digər ixtisaslı trassoloji, ballistik və s. ekspertizalar.
Dəqiq müəyyən edilməlidir və edilə də bilər ki, nə xassəli, nə bərklik, böyüklük, ağırlıq, hərəkət istiqamətində Cism olub təyyarə ilə toqquşub sıradan çıxaran. Bundan başqa da pilotun meyitinin məhkəmə-tibbi kompleks ekspertizası da keçiirilməlidir ki, ölümün konkret səbəbi nədir, xəsarətlərin yetirilmə mexanizmi və xarakteri, onların həmin o Cism tərəfdən uçuş vaxtı göydə yetirilməsi və yaxud, təyyarənin suya zərblə dəyməsindən yaranması fərqi və s. və i. xüsusatlar aydınlaşdırılmalıdır.
Bioloji, kimyəvi, histoloji və sair ekspertizalar da keçirilməlidir. Bütün bunlar isə, xeyli zəhmət və vaxt aparır. Adicə məktəbdə yıxılan qız Elinanın ekspertizasının cavabı 6 aydır ki, yoxdur. Yəni hələ bu təyyarə qəzası barədə ciddi istintaq gedir və istintaq bitməmiş yekun rəy ola bilməz.
2. Bu rəy, əsasən siyasi xarakterlidir, eyhamlıdır və cəmiyyətə deyil, bəzi beynəlxalq siyasi tərəflərə, ola bilsin ki, dövlətlərə ünvanlanıb. Bəyan edilir ki, uçuşdan əvvəl bizim təyyarəmiz tam yoxlanılıb və uçuşa tam hazır və hətta “saz!” vəziyyətdə olub. Yəni, texniki, nasazlıq səbəbi qəti istisnadır və səbəbin də məhz o, Cismə yönəldilməsi ilə. Bəyan edilir ki, təyyarənin “qara qutusu” bizm əlimizdədir, özümüz yoxlamışıq, yoxlamaq da imkan, iqtidarındayıq və dövlət olaraq təyyarəmizin Cismlə toqquşmasından sonrakı bütün proseslər barədə dəqiq, hərtərəfli məlumatı “qara qutudan” artıq almışıq.
Bəyan edilir ki, əlimizdə digər əhəmiyyətli Sənədlər (ola bilsin kosmik və s çəkilişlər İ. A.) də var! Bəyan edilir ki, bu ilkin nəticədir və qarşıdakı dərin müayinələr ilə həmin Cismin konkret, meteorit, ildırım vurma, başqa təyyarə ilə taran, raket və s. olması barədə nəticəni göstərəcək. Əlavə mötərizədə də ikinci dərəcə kimi qeyd edilir ki, bəlkə də quş və quş sürüsü ilə toqquşma nəticəsi də yarana bildi. Ona görə də, hörmətli cəmiyyətimizin aparıcı, xüsusən ölkə idarə etməyə iddialı siyasi və ictimai başbilənlərin bu rəy və onun “quş” hissəsi barədə bu qədər baş sındırması və ajiotaja düşməsinə, üzr istəyirəm “quş qovalamaya” ehtiyac yox idi. Bu iqtidar qəza səbəbi barədə cəmiyyətə belə təcili və yarımçıq rəy bildirmə məcburiyyəti tanımır. Yenə qeyd edirəm, intihar etmiş və ölümü ilə ölkəni gözü yaşlı etmiş qızcığaz Elinanın rəyindən və istintaqından yarım ildən çoxdur ki, xəbər yoxdur.
3. Əsas məsələ. Bu rəy, mötərizədən kənardakı əsas cümlədə, ciddi və dəqiq olaraq qəzanın səbəbini Cismdə görür. Elə bir Cism ki, bərkliyi və ağırlığına görə nəinki təyyarənin gülləkeçirməz şüşəsini və kabinəsini dağıdıb içəri keçib, hətta, içəridə kifayət qədər sərt müdafiə materilallı geyimli pilota xəsarət, üstəlik də, təyyarəni və heç olmasa, özünü bir katapult düyməsi basaraq xilas edə bilmə imkanı verməyən, çox da ağır xəsarət yetirib! Yəni, rəy səbəb kimi toqquşmanı görür və bütün başqa variantları, hava şəraiti, texniki, pilot səhvi və eləcə də, elektron, REM və lazer versiyalarını kateqorik inkar edir. Həmin Cismin də meteorit ya başqa təyyarə, ya yerdən-gəmidən ya başqa təyyarədən atılan raket atəşi ola bilməsini eyham edir. Amma mötərizəarası quş ya ildırım və sair kimi əlavə gümanlara da yer qoyur.
Qaldı ki, MN-in bu rəy-məlumatından kənar suallar çoxdur və ilk əvvəldə göstərdiyim dövlətçilik səbəbindən müzakirə etmək istəmirəm, yalnız bir sualı mütləq qaldırmalıyam. Nədən Xəzər dənizinə düşmüş təyyarənin və onun pilotu Rəşad Atakişiyevin axtarışı MDB-yə yox, Türkiyə mütəxəssislərinə həvalə edildi? Bu təyyarənin göydəki qəzası və ya dənizə çırpılmasını izləyə və onun dəqiq yerini biləcək NATO öz üzvü olan Türkiyəyə bu işdə nə dərəcə kömək etdi? Bu təyyarə qəzası niyə belə, çox beynəlxalq siyasi əhəmiyyət (bəlkə də ziddiyyət) kəsb etdi?
Nə isə, bir daha təsdiq olunur ki, ölkəmiz beynəlxalq dartışma obyekti və meydanıdır.
Xeyirlisi, uca-böyük Tanrıdan, xalqımız, millətimiz, dövlətimiz üçün!
İlqar Altay,
Hüquqşünas, ekspert
Etikxeber.az





