“Mədəni irs nümunələrinin “ticarəti” də Ermənistanın dövlət siyasətinin bir parçasıdır” – KOMİTƏ SƏDRİ

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin qurumun Paris qərargahında keçirilən növbəti toplantısı bir sıra mühüm məsələlərin ətraflı müzakirəsi ilə yadda qalıb. Komitə iclasında texnologiyaların inkişafı və insan hüquqları, Avropada milli azlıqların dillərinin qorunması və inkişaf etdirilməsi, demokratik seçkilərdə mətbuatın rolu kimi mövzular ətrafında aparılan fikir mübadilələrində qonaqlar və ekspertlər də iştirak edib.

Etikxeber.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq ölkəmiz üçün maraq kəsb edən məsələlərə münasibətini bildirib.

“AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsi ilə Avropa Şurasının Şimal-Cənub Mərkəzi arasında əməkdaşlıq” mövzusunda çıxış edən Şimal-Cənub Mərkəzinin icraçı direktoru səfir Antonio Qamito Assambleyaya təqdim edilmiş bir sıra məruzələrin bu əməkdaşlığın səmərəli nəticələrindən biri olduğunu qeyd edib.

O, komitə üzvü R.Hüseynovun hazırladığı və 2016-cı ildə Parlament Assambleyasında qətnamə layihəsi kimi qəbul edilmiş “Avropada etiqad və dini təcrübələr azadlığı” adlı məruzənin əhəmiyyətini xüsusi vurğulayaraq, belə balanslaşdırılmış, obyektiv mövqenin əks olunduğu hesabatların Avropada tolerant mənəvi mühitin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Assambleyanın yaz sessiyasından əvvəl keçirilən komitə iclasının başlıca mövzusu avstriyalı deputatın təqdim etdiyi “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni ticarəti” adlı məruzə olub.

Fransadan UNESCO-nun mədəni irs və muzey bölməsinin proqram mütəxəssisi Edvard Planşe, Beynəlxalq Muzeylər Şurasının Proqram və Əməkdaşlıq üzrə direktoru xanım Frans Demarye, Böyük Britaniyadan mədəni irs üzrə ekspert Con Bold müzakirələrə qatılaraq, komitə üzvlərinə bəhs edilən mövzu ilə bağlı maraqlı faktları və təfərrüatları çatdırıblar.

Müzakirələrə qoşulan R. Hüseynov məruzədə hətta Avropa Şurasına daxil olmayan bir sıra dünya ölkələrində, o cümlədən İraqda, Suriyada, Əfqanıstanda hərbi münaqişələr zamanı mədəni irs nümunələrinin dağıdılması, qəsb edilməsi ilə bağlı məqamların yer almasını müsbət qiymətləndirərək, məruzədə Azərbaycanın mədəni sərvətlərinə erməni təcavüzü ilə bağlı söz açılmamasına iradını bildirib və bunu aradan qaldırmağı tövsiyə edib:

“Bu mövzu ölkəmdən ötrü və mənim üçün son dərəcə həssas səciyyə daşıyır. Mən ömrüm boyu mədəniyyət məsələləri ilə məşğul olmuşam və bu gün də ölkəmdəki ən böyük muzeylərdən birinə rəhbərlik edirəm. Dərin təəssüf hissi ilə diqqətinizə çatdırıram ki, artıq 25 ildir Azərbaycandakı 200-dən artıq muzeydən 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərzilərdə qalıb. İşğalçı dövlət Azərbaycanın mədəni sərvətlərinin böyük hissəsini dağıdıb, bir çoxunu da qəsb edərək özününküləşdirmək xətti tutub.

Azərbaycanın Ağdam, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər və digər işğal altındakı rayonlarından, səma altında muzey olan Şuşa şəhərindən oğurladığı mədəni irs nümunələrinin ticarəti də Ermənistanın dövlət siyasətinin bir parçasına çevrilib. İşğal altında saxladığı nəzarətdən kənar ərazilərdə narkotiklərin becərilməsi və tranzitindən qazandığı çirkli pullarla yanaşı, Ermənistan Azərbaycandan qəsb etdiyi mədəni sərvətlərin satışından əldə etdiyi vəsaitləri də qanunsuz yollarla silahlanmaya və terrorizmi dəstəkləməyə yönəldir. Ona görə də mədəni sərvətlərə qarşı təcavüzlərdən bəhs edən bir məruzədə bu həqiqətlərin yer alması vacibdir”.

R. Hüseynov məruzəçiyə Azərbaycanın mədəni sərvətlərinə qarşı Ermənistanın qəsbkarlıq siyasətini əks etdirən zəngin illüstrativ materiallar və sənədlər təqdim edib.

Komitənin digər üzvləri də Azərbaycan nümayəndəsinin mövqeyinə şərik çıxdıqlarını bildirərək, belə bir məruzədə üzv dövlətlə bağlı problemlərin, ilk növbədə, əksini tapmasının zəruri olduğunu təsdiq ediblər.

Etikxeber.az

Read Previous

Deputat şəhid Elvin Əhmədovla Həsənəli Abbasovun ailəsini ziyarət etdi – FOTOLAR

Read Next

“Terraktı törədən şəxs britaniyalı olub…” – MEY

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir