Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verdi.
Pakistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Nəvaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Pakistanın Baş naziri Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Məhəmməd Nəvaz Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin qarşısından keçdi.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif rəsmi foto çəkdirdilər.
***
Qarşılanma mərasimindən sonra İlham Əliyevin Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.
***
İlham Əliyev:”Pakistan bizim üçün ən yaxın dost və müttəfiqlərdən biridir”
– Çox şadam ki, mənim dəvətimi qəbul etmisiniz və bu gün ölkəmizdə səfərdəsiniz. İlin əvvəlində Davosda keçirdiyimiz görüş zamanı razılaşdığımız kimi, bu gün biz görüşürük və qarşılıqlı maraqlarımıza, dostluğa, tarixə, tərəfdaşlığa və xalqlarımız arasındakı qardaşlığa əsaslanan əməkdaşlığı davam etdiririk.
Pakistan bizim üçün ən yaxın dost və müttəfiqlərdən biridir. Pakistan Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk üç ölkədən biridir. Xalqımıza bildirmək istəyirəm ki, həmin vaxt Baş nazir cənab Şərif idi. O vaxtdan biz çox yaxın dostluq əlaqələri qurmuşuq. Biz beynəlxalq təşkilatlarda – BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda hər zaman bir-birimizi dəstəkləyirik. Biz Kəşmir və Dağlıq Qarabağ məsələlərində bir-birimizi dəstəkləyirik. Azərbaycan Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Həmçinin Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həllini tam dəstəkləyir. Təəssüf ki, onilliklər bundan əvvəl qəbul edilmiş bu qətnamələr yerinə yetirilmir. Bu, ikili standartlarla yanaşmanın göstəricisidir. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə bu qədər uzun müddət çəkir. Ölkələrimiz üçün bu ağrılı məsələlərlə bağlı qarşılıqlı dəstəyimiz də bizi birləşdirir. Biz Pakistana çox minnətdarıq ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımadı və Ermənistanla diplomatik əlaqələr qurmadı. Bu, qardaşlığın göstəricisidir. Azərbaycan xalqı bu qardaşcasına yanaşmanı yüksək qiymətləndirir. Biz, həmçinin minnətdarıq ki, 2012-ci ildə Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıdı. Bu, dostluq və tərəfdaşlığın daha bir göstəricisidir. Ona görə də Azərbaycan xalqı Sizin ölkəni sevir. Biz bu dəstəyə görə çox minnətdarıq və öz tərəfimizdən hər zaman hər məsələdə sizi dəstəkləyirik.
Siyasi təmaslar çox yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz beynəlxalq təşkilatlarda da bir-birimizi dəstəkləyirik. Bu gün biz, əlbəttə ki, cənab Baş nazirlə bu məsələlərə nəzər saldıq və gələcəkdə nə etməli olduğumuz barədə söhbət apardıq. Sözsüz ki, siyasi təmaslarımız uğurla davam edəcək. Lakin biz iqtisadi sahədə, investisiya və qarşılıqlı faydalı birgə müəssisələrin yaradılması sahəsində daha çox işləməliyik. Biz iqtisadi sahədə ticarət mübadiləsinin səviyyəsindən razı deyilik. Ona görə də bu gün biz ticarət mübadiləsini necə artıra biləcəyimizi müzakirə etdik. Biz Pakistana nə ixrac edə bilərik, Pakistan Azərbaycana nə ixrac edə bilər kimi məsələlər qarşıdakı aylarda həll olunacaq. Düşünürəm, elə bir əməkdaşlıq mexanizmi yarada bilərik ki, bizim idxal etdiyimiz və Pakistanın təchiz edə biləcəyini Pakistandan alaq və əksinə, Pakistanın idxal etdiyi və bizim təchiz edə biləcəyimiz bizdən alınsın.
Bu gün biz, həmçinin Azərbaycanda xüsusilə də əczaçılıq sənayesi sahəsində birgə müəssisələrin yaradılması ilə bağlı məsələləri müzakirə etdik. Pakistan bu sahədə çox inkişaf etmiş ölkədir. Biz Azərbaycanda bu sənaye sahəsini inkişaf etdirmək istəyirik, çünki əsasən idxaldan asılıyıq.
Müzakirələrimizin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunmuşdur. Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik. Eyni zamanda, biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var.
Bu gün iqtisadi əməkdaşlığın digər sahələrində, xüsusilə kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Ümidvaram ki, elektron viza sistemi Azərbaycanda tam tətbiq olunandan sonra bizim pakistanlı qardaşlarımız üçün Azərbaycana gəlmək çox asan olacaq və qardaş ölkəyə səfər etmək istəyən vətəndaşlarımız da eyni imkana sahib olacaqlar.
Bu gün biz qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə etdik. Bütün məsələlərdə bizim tam qarşılıqlı anlaşmamız var. Bu da bir daha göstərir ki, əlaqələrimiz dostluğa, tarixə əsaslanır. Tarixən xalqlarımız ünsiyyətdə olub, birgə işləyiblər. Bakıda Pakistan mədəniyyətinin çoxlu nişanələri var. Bugünkü əlaqələr regional təhlükəsizlik və əməkdaşlıq üçün çox mühüm rol oynayır.
Düşünürəm ki, qarşıdakı illərdə məşğul olacağımız məsələlərdən biri nəqliyyatdır. Çünki Azərbaycanın qonşuları ilə birlikdə həyata keçirdiyi yeni nəqliyyat layihələri Asiyadan Avropaya, Şimaldan Cənuba daşınmalar üçün yeni imkanlar yaradacaq və yeni marşrutlar açacaq. Azərbaycan bu nəqliyyat layihələrinin kəsişməsində yerləşir.
Cənab Baş nazir, bir daha ölkəmizə səfər etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istərdim. Mən əminəm ki, səfər çox uğurlu olacaq və qardaşlıq əlaqələrimizin güclənməsində mühüm rol oynayacaq.
Məhəmməd Nəvaz Şərif: “Bu, bir daha onu sübut edir ki, mən buradan ən xoş arzularla ayrılacağam”.
-Zati-aliləri əziz qardaşım Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, ölkələrimizin əməkdaşlığı ilə bağlı bu qədər gözəl sözlər dedi. Bu sözləri Prezidentdən eşitmək mənim üçün böyük şərəfdir.
Bu gün bu gözəl ölkədə olmaq da mənim üçün xüsusi qürurverici bir haldır. Mən və məni müşayiət edən həmkarlarımla birlikdə səmimi dəvətə və mənim nümayəndə heyətimə göstərilən səxavətli qonaqpərvərliyə görə təşəkkür edirəm. Bu, bir daha onu sübut edir ki, mən buradan ən xoş arzularla ayrılacağam.
Qeyd etmək istərdim ki, mən Bakıya ilk dəfə səfər edirəm. “Küləklər şəhəri” adlandırılan Bakı bir çox pakistanlıya doğma vətənini xatırladır. Bakının mərkəzində yerləşən Multanı karvansarayı, – mən dünən oranı ziyarət etdim, – xalqlarımız arasında tarixi bağlılığın təsdiqidir. Həmkarlarıma bildirmək istərdim ki, bu karvansaraya Multan şəhərinin şərəfinə “Multanı” adı verilib. Bura çox gözəl bir yerdir, vaxtilə insanlar burada gecələmişlər. Mən də dünən böyük məmnuniyyətlə bu karvansarayla tanış oldum. Dediyim kimi, bu, bizim tarixi bağlılığımızın təsdiqidir. Regionumuzda mövcud olan belə karvansaraylar böyük bir həqiqəti ifadə edir ki, biz minilliklər boyu əsas ticarət marşrutları kimi istifadə edilən regionun mərkəzində yerləşirik. Belə bir şərəfli ənənənin davamçısı kimi, biz haqlı olaraq deyə bilərik ki, gələcək bizimdir və bununla biz regional inteqrasiya ilə nəticələnəcək bağlılığımızı gücləndirmək üçün enerji və səylərimizi bu istiqamətə yönəltməliyik.
Azərbaycanda diqqətəlayiq siyasi sabitlik, ictimai həmrəylik və böyük iqtisadi inkişaf məndə dərin təəssürat yaratdı. Prezident Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi təqdirəlayiq iqtisadi inkişaf və sosial tərəqqi Pakistanda böyük rəğbətlə izlənilir. Pakistan və Azərbaycan hər zaman bir-birinə bənzər baxışlara malik olmuşlar və Prezident Əliyev ilə bu görüşümdən sonra məmnunluqla əmin oldum ki, bizim ideallarımız da üst-üstə düşür.
Biz hesab edirik ki, regional və qlobal məsələlər beynəlxalq hüquq çərçivəsində, sülh və dialoq vasitəsilə həll edilməlidir. Biz sülh prinsipinə sadiq olan ölkəyik. Biz digər dairələrin açıq-aşkar təcavüzünə baxmayaraq, sülh naminə inkişaf prinsiplərinə sadiqik. Ancaq sülh prinsipinə cəsarətli sadiqliyimiz heç vaxt yanlış olaraq, zəiflik kimi qəbul edilməməlidir.
Görüşlərimizdə regional və beynəlxalq məsələlər də daxil olmaqla bir çox mövzuları müzakirə etdik. Cənab Prezident artıq bunların bəzilərini qeyd etdi. Kəşmir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin nə dərəcədə üst-üstə düşməsini sübut edir. Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı aydın mövqeyə malikdir. Biz Azərbaycanın işğal olunmuş bütün torpaqlarının tamamilə azad edilməsinin, Dağlıq Qarabağdan və ətraf rayonlardan erməni silahlı qüvvələrinin çıxarılmasının, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının tərəfdarıyıq. Mən Kəşmir münaqişəsi ilə bağlı Pakistanın mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsini, yəni, məsələnin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun dialoq və sülh vasitəsilə həll edilməsinin tərəfdarı olmasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, hər iki məsələnin tam həllinə qədər qarşılıqlı dəstək sarsılmaz olaraq qalacaq. Bizim regionlarımızın inkişafının və firavanlığının, əmin-amanlığının və təhlükəsizliyinin perspektivləri həmin münaqişələrin girovuna çevrilib.
Bizim siyasi əlaqələrimiz ardıcıl olaraq inkişaf edir. Görüşlərimizdə razılığa gəldik ki, iqtisadiyyat, sərmayə qoyuluşu, ticarət, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, elm, mədəniyyət və digər sahələrdə əlaqələrimizi daha da inkişaf etdirək. Bizim hazırkı ticarət dövriyyəmiz potensialımızı heç də əks etdirmir və burada canlanmaya ehtiyac duyulur. Eyni zamanda, iki ölkə arasında əlaqələndirmənin vacibliyi və gələcək ilə bağlı baxışlarımıza dair fikir mübadiləsi apara bildik. Biz beynəlxalq müstəvidə – BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızı davam etdirməklə bağlı razılığa gəldik.
Hesab edirəm ki, Bakıya səfərim tərəqqi, firavanlıq, inkişaf, əlaqələndirmə və bütün regionun inteqrasiyası ilə bağlı vahid məqsədlərimiz ətrafında müzakirə aparmaq üçün imkan yaratdı. Biz sıx siyasi münasibətlərimizin bütün sahələr – iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu və sair sahələr üzrə real əməkdaşlığa təkan verməsi ilə bağlı qərarlı olduğumuzu vurğuladıq.
Etikxeber.az