“Məhkəmə işləri bəzən illərlə uzanır, insanlar böyük əziyyətlər çəkir…” – DEPUTAT – YENİLƏNİB

Mediasiya ilə bağlı qanun layihəsinin müzakirələrinə başlanıldı

Azərbaycanda ailə, əmək, iqtisadi mübahisələrin həlli ilə bağlı alternativ qurum yaradılır.

Etikxeber.az  xəbər verir ki, bununla bağlı “Mediasiya haqqında” yeni qanun layihəsi hazırlanıb.

Qanun layihəsi parlamentin 29-da  keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ƏIi Hüseynli  məlumat verərək, qeyd edib ki, ölkə prezidentinin imzası ilə MM-ə təqdim olunmuş yeni qanun layihəsinin ilkin variantı 5 fəsil  və 39 maddədən ibarətdir: “Qanun layihəsinə görə, mediasiya – tərəflər arasında yaranmış ailə, əmək, iqtisadi və s. xarakterli mübahisənin mediatorun vasitəçiliyi ilə qarşılıqlı razılıq əsasında həllinə yönəlmiş prosesdir. Bu qanun məhkəmələrin iş yükünün azaldılmasına xeyli dərəcədə kömək edəcək. Eyni zamanda, “Mediasiya haqqında” qanun bu prosesin təşkili sahəsində ictimai münasibətləri tənzimləyəcək, mediasiyanın məqsəd və prinsiplərini, həyata keçirilmə qaydalarını, həmçinin mediatorun statusunu müəyyənləşdirəcək. Qanun layihəsinin komitədə ilkin müzakirəsindən sonra 31-ci maddə ilə bağlı müvafiq təkliflər olundu. Bu təkliflər qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektə çatdırıldı. Beləliklə, qanunun 31-ci maddəsi çıxarıldı”.

Qeyd edək ki, 31-ci maddə cinayət və inzibati xətalar haqqında işlər üzrə mediasiyanın xüsusiyyətlərini özündə ehtiva edirdi.

elmira-1

ELMİRA AXUNDOVA: Heç kimə sir deyil ki, ölkədə hakimlərin iş yükü həddindən artıq çoxdur və nəticədə də məhkəmə işləri bəzən illərlə uzanır, insanlar bundan böyük əziyyətlər çəkir….

Müzakirələrdə çıxış edən deputat Elmira Axundova bu qanunun tətbiqinin 2021-ci ilə keçirilməsini təklif edib.

Eyni zamanda, bu quruma kimin nəzarət edəcəyini və hansı yolla maliyyələşdiriləcəyi ilə bağlı məsələni də qaldırıb: “Bu, çox inqilabi bir sənəddir. Çünki Azərbaycanda məhkəmə mübahisələri, hakimlərinin yükünün azaldılması ilə yeni qurumun yaradılması nəzərdə tutulur. Heç kimə sir deyil ki, ölkədə hakimlərin iş yükü həddindən artıq çoxdur və nəticədə də məhkəmə işləri bəzən illərlə uzanır, insanlar bundan böyük əziyyətlər çəkir. Bu baxımdan, yeni qurumun, moderatorların institutunun yaradılması bu məsələdə öz mühüm rolunu oynaya bilər və oynayacaq”.

***

Millət vəkili: 25 yaşlı şəxsin hüquqi təhsili yoxdursa, tərəflər arasında  necə vasitəçilik edəcək?

“Mediasiya haqqında” qanun layihəsinə görə mülki və ailə mübahisələri ilə bağlı icbari olaraq məhkəməyə müraciət etməzdən əvvəl mediasiya orqanına müraciət edilməlidir”.

Bunu çıxışında  deputat Qüdrət Həsənquliyev söyləyib. Deyib ki, bu halda tərəflər müəyyən xərclər ödəməlidirlər: “Mediasiya xərcləri kifayət qədər genişdir. Tutaq ki, rüsum müəyyənləşəcək, digər məsələlər açıq qalacaq”. O, bildirib ki, mediasiya institutu məhkəmələrin işinin azaldılması üçün nəzərdə tutulur: “Qanuna görə mediator 25 yaşlı, ali təhsilli, 3 il iş təcrübəsinə malik olmalıdır. Ancaq 25 yaşlı şəxsin hüquqi təhsili yoxdursa, bu şəxs necə tərəflər arasında vasitəçilik edə biləcək? Mediatorların hüquqşünas olması tələb olunmalı, eyni zamanda hüquqi təcübələrinin olması tələb edilməlidir.Keçmiş vəkillər, hüquqşünaslar, hüquq-mühafizə oranlarının sabiq işçilərinə mediator olmaq hüququ verilməlidir. Yoxsa, vətəndaşı məcbur edəcəyik ki, məhkəmədən əvvəl boş yerə mediatora müraciət et ”. Q.Həsənquliyev nəzərə çatdırıb ki, Azərbaycanda adətən, yaşlı insanlar, ağsaqqallar tərəfləri barışdırmaq missiyasını yerinə yetiriblər: “Biz harada görmüşük ki, 25 yaşlı gənc tərəfləri barışdırmaq missiyasını yerinə yetirsin? Ona görə də mediatorlarla bağlı yaş həddi də ən azı 30 yaşa qaldırılmalıdır”.

amasov-metbuat-aflatun

Deputat Əflatun Amaşov isə qeyd edib ki, mediasiya özü Azərbaycan ictimaiyyəti üçün yenilikdir: “Düşünürəm ki, bununla, ümumən qanunla bağlı ictimai müzakirələr təşkil edilməlidir. Cəmiyyət belə bir institutun olmasından, faydasından daha çox xəbərdar olmalıdır.Daha bir məqama da diqqət yetirmək istəyirəm. Layihə xeyli əhatəli hazırlanıb. Orada mediasiya prosesindəki demək olar, bütün cəhətlər nəzərə alınıb. Qanun imkan verəcək ki, mediasiya həyatımızın ən müxtəlif sahələrindəki mübahisələrə nüfuz etsin, onların aradan qaldırılmasına kömək göstərsin. Amma bu institutu işlək hala gətirmək istəyiriksə, ilk növbədə maliyyəsinə önəm verməliyik. Qanun layihəsinin yalnız 19-cu maddəsində qeyd edilir ki, Mediasiya Şurasının əmlakı üzvlük haqları, qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Mətbuat Şurasının uzunmüddətli təcrübəsindən faydalanıb deyə bilərik ki, Mediasiya Şurası ciddi maliyyə mənbəyi olmasa, ən azı ilk dövrlərdəki fəaliyyətini geniş anlamda qurmaqda çətinlik çəkəcək. Ona görə də bir sıra təkliflər vermək istərdim”.

Millət vəkilinin dediyinə görə, birincisi, əmlakın formalaşması yolları ilə qurumun maliyyələşməsi məsələsi ayrılıqda götürülməlidir, yəni, maliyyələşmə yolları ayrıca maddədə göstərilməlidir: “İkincisi, dövlət bu qanunun qəbulunda maraqlıdır, demək ki, ictimai münasibətlərin tənzimlənməsində səmərəliliyi artırmaq istəyir. Maliyyələşmədə üzvlük haqları, qrantlar, ianələr və qanunla qadağan olunmayan digər mənbələrin olması yaxşıdır. Buna etirazım yoxdur. Ancaq daha yaxşı olar ki, Mediasiya Şurasının fəaliyyətinin səmərəli qurulması üçün mütəmadi vəsait olsun. Bu da indiki şəraitdə yalnız dövlət vəsaiti ola bilər.Sonda bir daha deyim ki, belə bir qanunun olması çox vacibdir. Heç şübhəsiz, faydalı nəticələr verəcək. Ancaq gəlin, elə edək ki, səmərərilik maksimum dərəcədə təmin olunsun. Bunun üçün isə Mediasiya Şurasının digər mənbələrlə yanaşı, dövlət büdcəsindən də maliyyələşməsi zəruridir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakıda Soyqırımı Muzeyi yaradılsın – QƏNİRƏ PAŞAYEVA

Read Next

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir