Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın inkişafına xidmətdir
Müasir Azərbaycanın inkişaf tarixi keşməkeşli olduğu qədər də zəngindir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruduğu kimi, həm də milli-mənəvi dəyərlərimizin, milli birliyimizin qorunmasında, vətəndaş cəmiyyətinin inkişafında, humanizm siyasətinin genişlənməsində əsaslı rol oynadı. Birmənalı olaraq qeyd edilməlidir ki, məhz ulu öndərimizin əsasını qoyduğu bu siyasi kurs ölkəmizin işıqlı və uğurlu gələcəyinin əsasını qoydu.
Ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev dövlət başçısı kimi Azərbaycanın dünya miqyasında daha yüksək səviyyədə tanınmasını, etibarlı tərəfdaş qismində qəbul olunmasını, qlobal iqtisadi və tranzit layihələrinin həm iştirakçısı, həm də təşəbbüskarı qismində çıxış etməsini təmin etdi. Bu gün dünyanın əksər nöqtələrində Azərbaycan sözü inkişaf, uğur, sabitlik və tolerantlıq anlayışları ilə assosiasiya olunur. Bu mənada, illərdir Azərbaycanın öz milli kimliyinin tanıdılması, milli dəyərlərimizə sahib çıxılması və inkişaf etdirilməsi, ən əsası humanizmin və vətəndaş birliyinin daha yüksək səviyyəyə gətirilməsi işində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu olduqca yüksəkdir.
Birmənalı şəkildə qeyd edilməlidir ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda böyük işlər görən bir ictimai-siyasi xadim kimi tanınır. Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti bəhs etdiyimiz ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla ölkəmizin tərəqqisinə mühüm töhfələr verməkdədir. Ümumilikdə, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyətini daha yaxşı anlamaq üçün bir-birilə sistemli şəkildə əlaqəli olan kompleks məsələlərə toxunmaq lazımdır.
***
Təbii ki, Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxsahəli fəaliyyətə nəzər yetirmək gərəkdir. 2004-cü il may ayının 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu yaradılarkən ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ etməyi, Onun Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin müəllifi olduğu beynəlxalq layihələrin həyata keçirilməsini dəstəkləməyi, həmçinin, Azərbaycanın mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı aparılan işlərə kömək göstərməyi qarşısına məqsəd qoyub.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.
O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
***




Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır. Yeri gəlmişkən, bu ilin iyununda ölkəmizdə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bildirdi ki, Azərbaycanın UNESCO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur. Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur:
“Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESCO bu baxımdan mühüm rol oynamalıdır”.
Bu fakt olduqca vacibdir. Bu gün dünyanın bütün regionlarında mədəniyyətin, tarixi keçmişin keşiyində duran, onu qoruyub gələcək nəsillərə ötürən insanlar erməni təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində dağıdılmış, məhv edilmiş abidələri ilə tanış olur, erməni vandalizminin şahidinə çevrilir. Bu böyük iş Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan dövlət siyasətinin əsas sütunlarındandır. Bəli, Mehriban xanım Əliyevanın bu istiqamətdə apardığı fəaliyyət dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olmasını təmin edir.
***
Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən fəaliyyətindən söz açarkən onun bilavasitə təşəbbüsü ilə uşaq və yeniyetmələrin təhsili və təlimi sahəsində nəhəng layihələrin həyata keçirilməsinə də xüsusi nəzər salmaq lazımdır. Sirr deyil ki, Azərbaycanın birinci xanımı daim uşaqları diqqətdə saxlayır, xüsusən də valideyn qayğısından məhrum olan, xəstə uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir. Bir sözlə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir. 2013-cü ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi isə bu mənada xüsusi seçilir. Mehriban xanım Əliyeva mütəmadi olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların qayğısına qalır. Bunun təsdiqi olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binaları istifadəyə verilib. Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində isə 30-dan çox internat və uşaq evi yenidən qurulub.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla icra olunur. Layihə çərçivəsində ötən illər ərzində ölkənin müxtəlif bölgələrində 100 minlərlə şagirdin təhsil aldığı 3 min 200 məktəb binası inşa olunub və yenidən qurulub. Bu ilin may ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, on beş il bundan əvvəl Fond yaradıldı və bu illər ərzində bir çox sahələrdə – mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər gördü. Ölkə başçısı qeyd edib ki, Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır: “Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində – bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən Fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda, bildirmək istəyirəm ki, Fond ulu öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür”.
Məhz bu meqafəaliyyətin nəticəsidir ki, dünyanın bir sıra orden və medalları, mükafatları ilə təltif olunan Mehriban xanım Əliyeva ölkəmizin ən ülvi və böyük mükafatına – “Heydər Əliyev Mükafatı”na layiq görülüb. Azərbaycanın dövlət siyasətində humanizm hər zaman xüsusi yer tutur. Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqlarının müdafiəsinə böyük sayğı göstərən Azərbaycan dövləti cəmiyyətdə humanizm ənənələrinin təşəkkül tapmasına və möhkəmlənməsinə də hər zaman həssaslıqla yanaşıb. Azərbaycanın adı Şərqdə ölüm hökmünü ləğv edən ölkə kimi tarixə düşüb. Vurğulanmalıdır ki, Prezident İlham Əliyevin 16 illik Prezidentliyi dövründə imzaladığı fərman və sərəncamlarda bu ali diqqətin və mərhəmətin şahidi olmuşuq. Ölkə başçısı ötən 15 ildə 7961 nəfəri əfv edib. Bu dövrdə Azərbaycanda 33 Əfv Sərəncamı, həm də 4 dəfə amnistiya elan edilib.
Milli Məclis 2007-ci il mayın 8-də 9877 nəfər məhkuma şamil edilən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında”, 2009-cu il martın 17-də 9564 nəfər məhkumu əhatə edən “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında”, 2013-cü il mayın 7-də 10 min 40 nəfərə şamil olunan” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” və 2016-cı ilin mayında 28 May – Respublika Günü münasibətilə 10 min məhkumu əhatə edən amnistiya elan edilməsi haqqında qərarlar qəbul edib. Bütün bu amnistiya qərarlarının təşəbbüskarı isə Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olub. Mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali keyfiyyətlər kimi qiymətləndirilib və əfv, bağışlamaq böyük, müdrik insanlara, dövlət xadimlərinə xas olan yüksək keyfiyyətlərdir. Mehriban xanım Əliyevanın bu təşəbbüsləri bir daha onun necə böyük və ülvi ürəyə malik olduğunu, hər bir insana öz səhvini düzəltmək üçün yeni bir şansın verilməsinin vacibliyini önə sürür.
2017-ci ilin fevralın 21-də ölkəmizin Birinci vitse-prezidenti təyin olunan Mehriban xanım Əliyeva bu gün də bütün səyi ilə ölkəmizin inkişafına xidmət göstərir. Mehriban xanım Əliyevanın çoxşaxəli, eyni zamanda uğurlu fəaliyyəti ölkə Prezidentinin onu belə bir mühüm dövlət postuna təyin olunmasında əsas rol oynayıb. Təsadüfi deyil ki, bununla bağlı 2017-ci ilin fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında çıxış edən Birinci vitse-prezident Mehriban xanım Əliyeva bildirmişdi ki, “bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, cənab Prezident, Sizin və mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam”.
Mehriban xanım Əliyeva Birinci vitse-prezident təyin olunan ilk gündən məcburi köçkün və qaçqınları düşündürən sosial problemlərinin həlli istiqamətində məsələni şəxsən öz nəzarətinə götürmüş və bu məsələlərin həllinə mütəmadi tapşırıqlarını verir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkün və qaçqınlara yeni mənzillərin verilməsi mərasimlərində iştirak edir, görülmüş işlərlə yaxından tanış olur, onları dinləyir və narahat edən məsələlərin həllinə göstərişlər verir.
Bəli, Mehriban xanım Əliyevanın fəaliyyəti müasir Azərbaycanın inkişaf tarixində xüsusi yerə malikdir.
Bu cəhətdən 2017-ci ildə bildirdiyi kimi “ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam” devizini bu gün də həyat və fəaliyyətinə rəhbər tutur.

Azər BADAMOV,
Milli Məclisin deputatı
Etikxeber.az





