“Məktubum dərhal Prezidentə çatdırıldı…”- ASLAN İSMAYILOVDAN NOVRUZ MƏMMƏDOVUN TƏYİNATINA REAKSİYA

Milli Məclisdə Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədovun ölkənin yeni Baş naziri vəzifəsinə namizədliyi təsdiqlənib.

Həyatım boyu hansısa bir şəxsin vəzifədə olmasına müsbət yanaşmam heç vaxt öz şəxsi münasibətimlə bağlı olmayıb.

N.Məmmədovu həm dövlət xadimi kimi, həm də şəxsən tanıdığımdan onun təyinatını bu günə qədər müzakirə olunan namizədlər arasında ən uğurlusu sayıram.

N.Məmmədov yeganə yüksək vəzifə daşıyan dövlət məmurudur ki, bu günə qədər adı korrupsiya əməllərində hallanmayıb və inanıram ki, yeni təyinatdan sonra da adı bu əməllərə bulaşmayacaq.

Ona görə ki, onun şəxsi keyfiyyətləri buna imkan verməz. Əlbəttə ki, bir çoxlarınız kimi mən də ölkəmizin Baş nazirinin gənc nəsildən olmasını istərdim. Ancaq N.Məmmədovun yaşına baxmayaraq öz həmkarlarından fərqli olaraq sosial şəbəkələrin nə olduğunu bilir, orada iştirak edir və izləyir. Bunun da əsas səbəbi onun gələcəyi keçmiş şimalda deyil, qərbdə görməsidir.

O, dünyaya qısa çərçivədən deyil, geniş baxmağı bacarır.

novruz-basss

Yeni Baş nazirin dövlətçiliyə münasibəti ilə özüm rastlaşdığım bir epizodu da Sizlə bölüşüm.

Sumqayıt hadisələri ilə bağlı çıxışımdan dərhal sonra məndən hadisələrin necə baş verdiyi ilə maraqlanmış, dinlədikdən sonra təklif vermişdi ki, bu barədə Azərbaycan Respublikası Prezidentinə yazılı müraciət edim.

Bu müraciəti birbaşa İlham Əliyevə çatdıracağına inanmasam da, məktubu ona verdim.

Ancaq gözlədiyimin əksi olaraq məktub dərhal Prezidentə çatdırıldı, onun yanında Sumqayıt hadisələri müzakirə edildi, hadisələrin araşdırılması üçün lazımı göstərişlər verildi, istintaq qrupu yaradıldı, sadəcə, icrasına mane oldular.

Bildiyim odur ki, ən azından bu hadisələrin yenidən araşdırılması üçün N.Məmmədov gücü çatanı etmişdi.

Bu və digər faktlara əsaslanaraq onun təyinatını müsbət qiymətləndirirəm və yeni Baş nazirə gələcək fəaliyyətində vətəndaşlara daha da yaxın olmasını arzulayıram.

Aslan İSMAYILOV,

Hüquqşünas

Etikxeber.az

 

Read Previous

Tələbə yoldaşı olan yeni nazirlər- Kərimovla Babayev – DEPUTAT YAZDI

Read Next

Təmas xəttində ordumuzun aktiv hərəkəti barədə yayılan məlumatlar təxribatdır – MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir