Məmmədyarov: “Azərbaycan, Qazaxıstan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə daha çox yük axınının cəlb olunmasında maraqlıdır”

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionda bir çox strateji regionlararası nəqliyyat, İKT və enerji layihələrinin təşəbbüskarı və icraçısına çevrilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Nyu-Yorkda dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu nazirlərinin illik 15-ci iclasında çıxışı zamanı deyib.

XİN rəhbəri bu sırada Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Avrasiya İnformasiya Super Magistralı və Trans Adriatik, Trans Anadolu və Cənubi Qafqaz boru xətlərindən ibarət Cənub Qaz Dəhlizi layihələrini qeyd edib: “Özünün əlverişli geostrateji yerləşməsi, güclü tranzit potensialı və Avropa və Asiyanı birləşdirən iqtisadi cəhətdən səmərəli və ən qısa marşrut olduğuna görə, Azərbaycan çoxlu sayda əlverişli nəqliyyat imkanları vasitəsilə regionlararası və region daxili ticarətə və bütövlükdə Avrasiya regionunun davamlı inkişafına töhfə verməkdə davam edir”.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan nəqliyyatın davamlılığı üçün transregional bağlantının daha da gücləndirilməsində maraqlıdır: “2017-ci ildə tam olaraq fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti region üçün strateji əhəmiyyətə malikdir və sərnişin və konteyner daşınması üçün rəqabətə davamlı keçidi təmin edəcək, Avrasiya üzrə multimodal nəqliyyatın həcmi, həmçinin Asiyadan Avropaya və əks istiqamətdə yük axınını artıracaq. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Gürcüstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yaxın gələcəkdə daha çox yük axınının cəlb olunmasında maraqlıdır və bununla bağlı, 2016-cı ilin aprelində Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun təsis edilməsi üzrə razılığa gəliblər”.

Nazir qeyd edib ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin əsas mərkəzi olaraq, malların Fars körfəzindən Rusiyaya və Qara dəniz vasitəsilə Avropaya tranzitini təmin edir: “Biz həmçinin Şimal-Cənub dəhlizinin daha da inkişaf etdirilməsi məqsədi daşıyan müvafiq çoxtərəfli proseslərdə fəal iştirak edirik”.

“Regionda aparıcı ticarət və logistika mərkəzi olmağı hədəfləyən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə malların daşınmasında əsas rol oynayacaq, TRASEKA layihəsi çərçivəsində çox mühüm tranzit məntəqəsi kimi fəaliyyət göstərəcək və Asiya və Avropa arasında tranzit yük çatdırılmalarını həyata keçirmək qabiliyyətinə malik olaraq regionlararası və regiondaxili ticarətin genişlənməsinə gətirib çıxaracaq. Çindən başlayan və Xəzər dənizindən keçən bir çox beynəlxalq daşınmalar çatdırılma vaxtına və nəqliyyat xərclərinə qənaət edilməsi baxımından effektiv olduğunu sübut etmiş Limanın özü vasitəsilə həyata keçirilib.

XİN rəhbəri 2015-ci ilin oktyabrında tranzit malların Azərbaycan ərazisindən dəmir yolu və dəniz nəqliyyatı, liman və dəniz terminalları vasitəsilə maneəsiz daşınmasını təmin etmək məqsədilə Tranzit Yükdaşımalar üzrə Milli Koordinasiya Şurasının təsis edildiyini qeyd edib.

Etikxeber.az

Read Previous

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı başa çatıb

Read Next

Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılışı oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir