“Mənə 11 min manat lazım deyil, istəyirəm ki, həmin pulu körpə övladı qalan Şəhid ailəsinə verim…İstəyirəm ki, məhkəmə oğlunun dəfninə belə gəlməyən “ata”dan həmin pulun qalan hissəsini geri tələb etsin…”-ŞƏHİD FƏXRİ QƏRİBZADƏNİN ANASI MEHPARƏ QƏRİBOVANIN HAQQI BƏRPA OLUNACAQMI? – FOTOLAR

Daha bir Nur üzlümüz, daha bir İgidimiz, daha bir Qəhrəmanımız, daha bir İkinci Vətən Müharibəsi Şəhidimiz…

Qarabağımızın, Qəhrəman Bərdənin daha bir Şəhidi…

Çavuş Fəxri Qəribzadə…

Bərdənin, cəmi Azərbaycanımızın fəxri Fəxri

Fəxri 1993-cü ilin yanvarın 10-da Bərdə rayonunun Güloğlular kəndində anadan olub…

2001-2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb…

Orta məktəbi başa vurduqdan sonra, 2012-2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub…

İgidimiz hərbi xidmətini-əsgərliyini də Fəxri fərmanla başa vurub…

Hərbi xidməti başa vurduqdan sonra yenidən taleyini Ordu ilə, hərblə bağlayıb…

MAXE kimi xidmətini davam etdirməyə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk anından, ilk saniyəsindən də döyüşlərə atılıb…

Belə ki, sentiyabrın 27-dən Murov dağının, Talışın, Suqovuşanın, Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb…

Döyüşüb, vuruşub, İgidliklər, Qəhrəmanlıqlar göstərib…Və oktyabrın 10-da Ağdərə döyüşləri zamanı Şəhid olub, Şəhidlik məqamına ucalıb…

İgidimizin, Şəhidimizin nəşi Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn olunub…

Ölümündən sonra Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Böyük zəfər” medalları təltif edilib…

Onu da qeyd edim ki, Fəxrigil ailədə iki uşaq-bir qardaş, bir bacı olublar…

Hazırda da bacısı Türkanə xanım ailəlidir, anası-Şəhid anası Mehparə xanım da qızıgildə olur, yaşayır…

Ümumiyyətlə, Fəxrigil uşaqlıqdan ana himayəsində böyüyüblər, ataları onları tərk etdiyinə, boşandığına görə, Mehparə xanım iki övladını təkbaşına, minbir əzab-əziyyətlə böyüdüb, boya-başa çatdırıb…

Yəni, nə Fəxri, nə də bacısı nə ata nəvazişi, nə də ata diqqəti görüb, hətta onlara aliment pulu belə ödənilməyib…

Şəhid anasının dediklərindən:

“Mən, Qəribova Mehparə Süleyman qızı iki övlad anasıyam…Tək oğlum Fəxri İkinci Vətən Müharibəsində Qarabağ, Vətən torpaqları uğrunda qəhrəmancasına Şəhid oldu…Qızım Türkanə isə hazırda ailəlidir…2002-ci ildən həyat yoldaşım bizi tərk edib getdi, iki uşaqla məni növbəti dəfə zülmlər içinə atdı…Həmin vaxt Bakı şəhərində, Suraxanı rayonunda kirayədə yaşayırdıq… 2007-ci ildən də məni birtərəfli şəkildə boşadı…Uşaqları minbir əziyyətlə böyütdüm, oxutdum, oğlumu əsgərliyə yola saldım…Övladlarıma həm ata, həm ana oldum…Hətta oğlum Şəhid olanda kəndimizin icra nümayəndəsi keçmiş həyat yoldaşımın telefon nömrəsini haradansa tapıb, ona zəng ediblər, deyiblər ki, oğlunun ünvanı, adresi yoxdur, nəşini, tabutunu hara düşürək, harada dəfn edək…Cavab verib ki, mənlik deyil, kim harada dəfn edirsə, etsin…Mən də qızımın evində yaşayıram, icra nümayəndəsi bilmirdi ki, mənim qızım da burada yaşayır…Biz kənd qeydiyyatında olsaq da, qızım qeydiyyatda deyildi…”Ata” da belə cavab verib…

Oğlunun Şəhidliyini eşitsə də, yasına, dəfninə belə gəlmədi…Ancaq sonradan biləndə ki, oğlumun Şəhidliyi üçün 11 min manatlıq sığorta pulu verilir, digər yardımlar olunur, Ali Baş Komandan oğlumu 3 medalla təltif edib, ondan sonra atalıq iddiasını ortaya atmağa başladı, Şəhid “atası” olduğu yadına düşdü…Gəldi Bərdəyə, “haqq mənimdir”-deyib, “haqlarını” tələb etdi…Çox təəssüflər ki, “haqq” da onun tərəfində oldu, məhkəmə də onun xeyrinə qərar qəbul etdi, həm 11 min manatın, həm də 10 min manatın yarısını ona kəsdilər, ona Şəhid atası statusu-vərəsəlik verdilər…Mən də boşandığım, uşaqlarımı təkbaşına, zülmlə böyütdüyüm halda, qaldım ortada…Hara da müraciət edirəmsə, deyirlər ki, qanun qanundur, qanundan kənara çıxa bilmərik…Amma qanun necə qanundur ki, mənim haqqımı pozur…Biri gəlib mənim harada, necə yaşadığımı, nə ilə dolandığımı bilmir, maraqlanmır…Bu, necə qanundur, bu, necə ədalətdir?!”

Şəhid anası 11 min manatda da gözü olmadığını deyir:

“Oğlumdan sonra dünya gözümə görünmür…Mənə heç nə lazım deyil Oğlumdan sonra…Mənim istəyirdim və istəyirəm ki, həmin pul köprə övladı qalan bir Şəhid ailəsinə verilsin…Məhkəmədən şikayət verməyə, Apellyasiya Məhkəməsinə müraciət etməyə hazırlaşıram…İstəyirəm ki, keçmiş həyat yoldaşıma ayrılmış pul, 5500 manat ondan geri alınsın və üstünə də mənə düşən hissəsini qoyub, körpə övladı qalan bir Şəhid ailəsinə verim…11 min manatın mənə düşən hissəsinə də əl vurmamışam, heç almamışam…

Özüm evim olmasa da, qızımın yanında yaşasam da, yenə dözməyə hazıram, amma istəyirəm ki, həmin pul geri alınsın və dediyim kimi, üstünə də qalan hissəsini qoyub, onu körpə övladı qalan bir Şəhid ailəsinə verim…Əgər həm pul bir dəfə övladı ilə maraqlanmayan “atası”nda qalsa, oğlumun, Şəhidimin ruhu məni bağışlamaz… Ona görə istəyirəm ki, səsim artıq eşidilsin, Haqqım artıq nəzərə alınsın!!!”.

Mehparə xanımı dinlədikcə, qulaq asdıqca, gerçəkdən donub yerimdə qalıram…

Əlim-ayağım əsir, titrəyir…

Deməyə söz tapmıram, necə deyərlər, sözün bitdiyi, aciz qaldığı yer…

Hər halda söz, qərar məhkəmə orqanlarınındır, Haqqın, Ədalətin bərpaçısı olduqlarını iddia edən məhkəmə orqanlarının və digər aidiyyatı qurumların…

Hər halda ümid etmək istərdik ki, heç olmasa, bu dəfə yaralı, acılı Şəhid anasının etirazı, səsi eşidiləcək və gec də olsa, ədalətli qərar qəbul olunacaq…

Ümid ən sonda ölür deyirlər…

Görək!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Nə hikmətdirsə, Azərbaycanın Cənubi Qafqazda, Asiyada önəmli strateji keçid nöqtəsi olduğunu tez-tez gündəmə gətirirlər….Sanki Azərbaycan azərbaycanlıların deyil, beynəlxalq aləmin diqqətini üzərinə toplamış nəzər nöqtəsi kimi danışırlar…”-NUMAN KURTULMUŞ

Read Next

“Nail olduqlarımızı nəzərdən keçirəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq…”-Əliyev Qaribaşvilini – QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir