“Mənəviyyat korlayan virusların meydan sulamalarına yol verməməliyik” – MİLLƏT VƏKİLİ

Azərbaycanın Birinci-vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın koronavirusla bağlı fikirləriylə tanış oldum. Mehriban xanım tam haqlıdır və biz də bunu açıq-aydın görürük ki, səhiyyəyə milyardlarla dollar vəsait ayıran, həsəd doğuran elmi-intellektual potensialı və ən qabaqcıl texnologiyası olan ölkələr belə bu epidemiyanın yayılmasının qarşısını ala bilmədilər, bilmirlər. Dünya Səhiyyə Təşkilatının açıqlamasından da bəlli olur ki, Azərbaycan onun geniş yayılmasına qarşı mümkün çərçivədə effektli mübarizə aparan, bunun üçün həm qlobal, həm də regional müstəvidə öz töhfəsini verməyə çalışan dövlətdir.Yəqin xəbərdarsınız, ölkəmiz koronavirusla mübarizə üçün Dünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb. Və virusun tüğyan etdiyi, milyonlarla soydaşımızın yaşadığı İrana da bununla bağlı eyni həcmdə yardım göstərib.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Qeyd edib ki, ölkədə atılan addımlar da göz qabağındadır.

“Biz koronavirus təhlükəsi çıxandan onun zamanında təsbit edilməsi, geniş şəkildə yayılmasının qarşısının alınması üçün səy və vəsaitini əsirgəməyən ən qabaqcıl laboratoriya, avadanlıqlar alan ilk ölkələrdənik. Cənab Prezidentin tapşırığıyla dövlətin demək olar ki, bütün qurumlarının səfərbər edilməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, dünən Milli Məclisdə epidemiya əleyhinə, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasıyla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən dəyişiliklər bu qəbildən olan addımlardandır.Digər ölkələrin koronavirusla mübarizə təcrübələri nəyi göstərir? Onu göstərir ki, onun effektli təşkili bir neçə faktora bağlıdır ki, bura da rəhbərliyin yaranmış riskləri düzgün qiymətləndirmək, fors-major hallarda çevik, doğru qərar vermək və təşkilatçılıq bacarığından tutmuş, ölkənin iqtisadi potensialı, orada səhiyyənin durumunadək bir sıra məsələlər daxildir.

Amma bütün bunların başında cəmiyyətin nə dərəcəcədə intizamlı, yetkin olması gəlir. Bu sınaq günlərində biz fərd və cəmiyyət olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə, tələblərinə nə dərəcədə ciddi əməl edəcək, məsuliyyətli, nizam-intizamlı, yetkin davranacaq, girəvəçilik, möhtəkirlik psixologiyasından nə qədər uzaq olacağıqsa, koronavirusdan bir o qədər az zərər görəcəyik, yaxud da əksinə. Birinci-vitse-prezidentimiz çox doğru olaraq vurğulayır: “Koronavirusa qarşı immunitet onun vaksini tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır”. Eyni zamanda onu da unutmamalıyıq ki, bu gün yersiz təşviş, dövlətə, ölkənin səhiyyə sisteminə güvənsizliyin aşılanması da biganəlikdən heç də az zərərli və təhlükəli deyil. Ona görə də burada- sosial şəbəkədə məqsədyönlü şəkildə bu cür güvənsizlik aşılayanlara qarşı da öz sözümüzü deməli, belə mənəviyyat korlayan virusların meydan sulamalarına yol verməməliyik!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Partiya sədri-SƏHİYYƏ NAZİRİNİN VƏZİFƏDƏN ÇIXARILMASINI TƏLƏB ETDİ…

Read Next

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin sosial müdafiəsi gücləndiriləcək-PREZİDENT SƏRƏNCAM İMZALADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir