“Mən satmıram və satılmıram…” – SABİQ DEPUTAT “ÜSYAN” ETDİ…

21 fevral 2020-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində mənə qarşı Azərbaycan hakimiyyətinin siyasi sifarişilə illərdir davam edən məhkəmə tamaşasının növbəti səhnəsi oynanıldı.

Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli saxta, əsassız qətnaməsi ilə mən Məmmədova Nəhayət Vəli qızı adlı pensiyaçı qadına məlum olmayan səbəblərdən 85 min manat pul ödəməliyəm.

Həmin saxta işlə bağlı aşağıdakıları qeyd etmək istəyirəm:

1. İddiaçı nə istədiyini özü də bilmir və proses boyu iddia ərizəsini dörd dəfə dəyişdirib. Birinci iddia ərizəsində mənə 2003-cü ildə 50 min borc verdiyini yazmışdı. Sonra ərizəni dəyişdirdi, “savadı olmadığı üçün səhv yazdığını” etiraf etdi və yeni ərizəsində mənə heç vaxt heç bir halda borc vermədiyini, ancaq mənim evimi tam təmir edib içini avadanlıqlarla, mebellərlə tam təchiz edib hazır evin açarlarını mənə təhvil verdiyini iddia etdi. Onun iddiasına görə mən o qədər kasıb millət vəkili olmuşam ki, nəinki evimi təmir etməyə, hətta stol, stul, televizor, çilçıraq almağa pulum olmayıb və bütün bunları mənim üçün o alıb!)))

2. İddiaya görə Məmmədova Nəhayət mənim evimi 2003-cü ildə 30 min dollara təmir etdirib və 20 min dollarlıq avadanlıqla təchiz edib, ancaq düz on il məndən buna görə pul istəməyi “unudub”. Yaddaşı yalnız on il sonra, 10 iyun 2013-cü il tarixində “oyanıb”. Həmin gün iddiaçının qızı Mehdiyeva Aynur Lətif qızı DİN-nin İnsan Alverinə qarşı Mübarizə idarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində insan alveri faktına görə saxlanılıb. Və qayğıkeş ana insan alverinə görə saxlanılıb sonradan məhkum edilən qızının imdadına çatmaq əvəzinə məhz həmin gün, 10 iyun 2013-cü il tarixində Nəsimi Rayon Məhkəməsinə qaçıb mənə qarşı iddia ərizəsi təqdim edərək mənim evimə və maşınıma həbs qoydurur, 50 min dollarlıq iddia tələbi irəli sürür. Yalnız anasının bu cahanşümül xidmətləri qarşılığında insan alverçisi Aynur Mehdiyeva 8 il 6 ay həbs əvəzinə bir il şərti cəza ilə canını qurtara bilib.

3. İddianın icraata götürülməsi qanunsuz idi, çünki borcun verildiyini təsdiq edən bircə sübut, sənəd, notarial qaydada bağlanmış müqavilə yoxdur və yeddi il davam edən proses boyu bircə belə sənəd təqdim olunmadı.

4. İddiaçı iddia ərizəsində beş dəfə mənim mənzilimin Bəxtiyar Eyvazov adlı usta tərəfindən təmir edildiyini göstərib. İddiaçının oğlu böhtan ataraq məni mətbuatda həmin ustanın 1680 dollar pulunu kəsməkdə ittiham edib və guya buna görə Bəxtiyarın mənə halallıq vermədiyini deyib! Bu prosesdə isə qəfildən tanımadığım, üzünü ilk dəfə məhkəmədə gördüyüm İlham Məmmədov adlı saxta şahid peyda oldu və ifadə verib ki, guya mənzili o təmir edib və təmir üçün iddiaçıdan “20-25-30 min dollar pul alıb”. O zaman niyə iddiaçının oğlu onlarla mətbu orqanda məni Bəxtiyar Eyvazovun pulunu kəsməkdə ittiham edirdi ki?!

5. Məhkəməyə vəsatət verib Məmmədov İlhamın gerçəkdən də, məsələn, kosmonavt yox, usta olduğunu və mənim mənzilimi təmir etdiyini təsdiq edən sübut, VÖEN və s. istəsək də, təbii ki, vəsatətimiz rədd edildi.

6. İddiaçı Məmmədova Nəhayətin evin təmirilə bağlı “sübut” qismində məhkəməyə təqdim etdiyi cızmaqaralar onun oğlu Mahmud Mehdiyevin öz xəttilə adi bloknot kağızında yazılıb. Həmin cızmaqaralarla iddia ərizəsində yazılanlar bir-birini təkzib edir. 20 min dollarlıq mebel, avadanlıq alınması iddiası ilə bağlı məhkəməyə heç cızmaqara da təqdim edilməyib. Yəni, məhkəməyə iddianı sübut edən yalandan da olsa, uşaq xəttilə yazılmış da olsa, bir kağız, bir cümlə, bir söz belə yazıb, cızıb təqdim etməyiblər və 20 min dollar faktiki olaraq havada qalıb))).

7. Ümumiyyətlə, məhkəmənin əlində yalançı şahidin dolaşıq ifadəsindən başqa heç nə yoxdur. “Şahid” öz ifadəsində “20-25-30 min dollar” məbləğini səsləndirəndə hakim heç olmasa dəqiqləşdirməyib ki, axı 20 və 30 min dollar arasındakı 17 min manatlıq fərq Azərbaycanın əksər vətəndaşlarının 5-10 illik gəliridir, söhbət 20 qəpikdən, yaxud 30 manatdan getmir. Məhkəmə belə yayğın və bircə sübutla təsdiqlənməyən saxta “şahid” ifadəsi əsasında məndən 85 min manat pul tələb etmək qərarına gəlib. Yeri gəlmişkən, hakimin “20 min dollarlıq avadanlığı görmüsənmi” sualına hətta yalançı “şahid” də yox cavabı vermişdi.


8. Vəkilim Zibeydə Sadıqovanın vəkil sorğusu əsasında ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu qiymətləndirmə şirkətlərindən biri mənzilimə baxış keçirib 2003-2004-cü illər üçün mənzilin təmirinə köhnə Azərbaycan manatı ilə 780 milyon 500 min, yəni, yeni Azərbaycan manatı ilə 15 min 700 manat qiymət qoyub. Mənim ümumi sahəsi 120 kv.m olan və 2004-cü ildə çox sadə üslubda təmir etdiyim, 15 min 700 manat xərclədiyim təmirə görə mən həmin mənzilin təmirinə bir manat xərcləməyən, ailəlikcə məhkəmələrdə üzümə durmağı qazanc mənbəyinə çevirmiş insan alverçisi ailəsinə təmirin rəsmən təsdiqlənmiş təmir qiymətindən altı dəfə çox (!) pul ödəməliyəm!


9. İddiaçın əlində hətta daşdan keçən notarial qaydada təsdiq edilmiş borc müqaviləsi olsaydı belə, üç ildən sonra məhkəmə iddia müddəti ötürüldüyü üçün belə qərar qəbul edə bilməzdi, iddia müddətini tətbiq etməli idi. Bu barədə Azəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyul 2013-cü il tarixli qərarı var. Bu halda iddia müddəti 16 il ötürülsə də, məhkəmə onu tətbiq etmədi.

…Mənə qarşı son illər davamlı şəkildə həyata keçirilən bu təzyiq və təqiblər, eləcə də sərəncamında olan sındırılmışlar və əzilmişlər vasitəsilə gerçəkləşdirdiyi qarayaxma, təhqir və böhtan kampaniyaları məni nüfuzdan salmaq, müflis etmək, maddi cəhətdən asılı vəziyyətə salmaq və sındırmağa hədəflənib…

…Alınmayacaq, xalqımızı bundan artıq aldada bilməyəcəksiniz…

Siz mənim evimi, maşınımı, varımı, hətta altına düşdüyünüz ayaqqabılarımı əlimdən ala bilərsiniz, ancaq nə şəxsiyyətimi, nə ləyaqətimi, nə mənliyimi satın ala bilməyəcəksiniz. Mən satmıram və satılmıram. Sizin milyardlarınız, hətta yüz milyardlarınız var. Ancaq buna sizin pulunuz yetməyəcək. Ağlınız yanınızdakı ucuzlara getməsin…

Gültəkin HACIBƏYLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

XİN-dən İrana səyahət edən Azərbaycan vətəndaşlarına-XƏBƏRDARLIQ

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir