“Mən Türkəm” deyərək, böyük ajiotaj yaratmaq düzgün deyil…” – DEPUTAT

Mən millətçiliyin tərəfdarı deyiləm, çünki  millətçilik cəmiyyəti geriyə aparır
 Son günlərdə Milli Məclisin (MM) Regional məsələlər  komitəsinin sədri Arif Rəhimzadənin “biz Türk deyilik, azərbaycanlıyıq” “ideyası” cəmiyyətdə  ciddi rezonansa, əks sədya səbəb olub. Bu məsələyə aydınlıq gətirmək üçün filologiya elmləri doktoru, professor,  Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyevaya müraciət etdik.
Etikxeber.az Gununsesi.info-ya istinadən G. Baxşəliyevanın müsahibəsini təqdim edir:
“Biz türkkökənli olduğumuzu inkar etmirik, amma…”
-Gövhər xanım, son günlərdə deputat həmkarınız Arif Rəhimzadənin azərbaycanlıların  Türk olmadığı barədə səsləndirdiyi fikirlər cəmiyyətdə ciddi rezonansa səbəb olub. Sizin də bir ziyalı və şərqşünas kimi bu məsləyə mövqeyinizi bilmək istərdik…
 
– Şəxsən mən də Arif Rəhimzadənin “mən azərbaycanlı deyiləm” fikri ilə razıyam. Təbii ki, biz türkkökənliyik, türkəsilliyik.  Ancaq  Azərbaycan Konstitusiyasında  bizim millətin adı azərbaycanlı kimi qeyd olunubsa  və indi biz özümüzə türk deyiriksə, bu,  düzgün yanaşma deyil. Əgər biz indi Arif Rəhimzadəni qınayan insanların düşüncəsi ilə davransaq, yanaşsaq,  o zaman  bu gün  rus, ukraynalı, bolqar və digərləri desin ki, biz də slavyanıq. Və ya Qazax, Özbək, Türkmən, Qırğız da desin ki, biz türkük. Biz türkkökənli olduğumuzu inkar etmirik. Amma türkdilli xalqlar çoxdur.
Bildiyiniz kimi,  millətin bir formalaşma mərhələsi var. Millətlər adətən sənayeləşmə dövründə formalaşır.  Bizim xalq da fomalaşıb bir azərbaycanlı kimi… Bu da  bizim Konstitutsiyada təsbit olunub.  Digər bir tərəfdən bugünkü Azərbaycan 20-ci əsrin əvvəllərində yaranan ADR-in varisidir.  O zaman da ölkənin adı Azərbaycan idi. Məhz buna görə də millətin adını azərbaycanlı adlandırmaq düzgün və məntiqə uyğundur.
“Mən Türkəm” deyərək,  böyük  ajiotaj yaratmaq  düzgün deyil”
-Azərbaycan axı, bir coğrafi məkandır, coğrafi məkan anlayışı bildirir?! Azərbaycan adlı coğrafi məkanda isə xeyli sayda müxtəlif dillərə, dinlərə məxsus etnoslar var və onlar məxsus olduğu etnosun adı ilə özlərini təqdim edirlər. Niyə yalnız  “Türk, mən Türkəm” deyəndə belə qıcıq yaradır, bu, məgər qorxuludurmu?
-Bir daha təkrar edirəm, mən özüm də türkkökənliyəm, ancaq indi isə azərbaycanlıyam. Eyni ilə qazaxlar, özbəklər, qırğızlar, türkmənlər də tür kökənli olduqları kimi,  yaşadığı coğrafi məkana uyğun olaraq  millətin adını götürüblər. Yəni, yer adına görə millətin də adı verilib. “Mən Türkəm” deyərək,  böyük  ajiotaj yaratmaq indi düzgün deyil. Biz hər birimiz azərbaycanlıyıq. Ancaq  burada azərbaycanlılarla yanaşı, ləzgisi, talışı, avarı və digər etnoslar da  var…
“Onlar heç də təmiz ərəb deyil”
-Gövhər xanım, bu gün dünyada 20-dən artıq ərəb ölkəsi olsa da, onlar hamısı  özlərini ərəb hesab edirlər. Baxmayaraq ki, ərəb ölkələrinin danışıqlarında da türk dili kimi fərqlər var…
– Çünki onlar tarixən elə formalaşıblar. Onlar heç də təmiz ərəb deyil…
“Onlar da öz aralarında “mən Misir ərəbiyəm, mən  Tunis və ya Əlcəzair ərəbiyəm” deyirlər…”
govhar-1
-Amma buna baxmayaraq,  bizdən fərqli olaraq, onlar özlərini ərəb hesab edirlər…
– Onlar  özlərini Qurani-Kərimə, İslam dininə  görə ərəb hesab edirlər. “Quran” ərəb dilində olduğu üçün, onlar da özlərini ərəb hesab edir.  İslam yayılmağa başlayanda ərəblər Şimali Afrikanı və digər əraziləri işğal etdilər. Hası ki, orada başqa xalqlar yaşayırdı…
Ərəblər oraları istila etdilər. Ərəblərin istila etdiyi şimali Afrikada koklar, berbeklər yaşayırdı və sair.. Yəni, onlasrı istila etdilər və o xalqların qanunlarında, Konstitusiyalarında da dövlət dili kimi ərəb dili təsbit olundu.  Bu baxımdan, onlar da  özlərini ərəb hesab edirlər. Buna baxmayaraq, onlar da öz aralarında “mən Misir ərəbiyəm, mən  Tunis və ya Əlcəzair ərəbiyəm” deyirlər…
“Heydər Əliyev təsadüfən demirdi ki, “Fəxr edirəm ki, mən azərbaycanlıyam”
-Biz də bax elə o məsələni demək istəyirik. Yəni, bizlər də (böyük əksəriyyət) Azərbaycan türküyük və türkük. Niyə görə, indi bu milli kimliyimizdən imtina edək?
– Bu məsələ əgər  Konstitusiyada  öz əkini tapmayıbsa və orada azərbaycanlı yazılıbsa, deməli, biz azərbaycanlıyıq. Bir də Heydər Əliyev təsadüfən demirdi ki, “Fəxr edirəm ki, mən azərbaycanlıyam”… O bilirdi nə deyirdi…
Bunu da qoyuram bir kənara. 1918-ci ADR, Azərbaycanın milli hökuməti yarandı.  O zaman İrandan- Cənubi Azərbaycandan nümayəndə göndərilib ADR rəhbərliyi ilə görüşmək üçün. Onlar təklif edib ki,  yaratdığınız ölkənin adını ya Azərbaycan qoymayın, ya da gəlin İrana birləşin. İranın böyük bir hissəsi tarixi Azərbaycan torpaqlarıdır. Bəziləri dərk edir, ya etmir, amma bu gün Azərbaycan bizim üçün çox dəyərlidir. Bu, bir daha sübut  edir ki, bu məkan tarixi Azərbaycan torpaqlarını təsbit edən bir məhfumdur.
govhar-1
“İranda yaşayan azərbaycanlılar öz aralarında özlərini Türk hesab etsələr də, bizlərlə görüşdə deyirlər ki, biz də azərbaycanlıyıq”
-Gövhər xanım, bu gün kimsə Azərbaycan dövlətinin adından imtina edilməsindən danışmır. Sadəcə, milli kimlik məsləsində danışırıq. Burada yaşayan və və danışan millətin  mütləq əksəriyyəti Türk dilində danışır. Ancaq söhbət bundan gedir ki,  Türk ola-ola başqa adla adlanırıq. Məsələn, Talış talış kimi, Ləşzgi ləzgi kimi, Kürd kürd kimi və sair özünü tanıdır, ancaq burada yaşayan Türk adını başqa cür adlandırır və ya bu məcburiyyətdə qalır… 
– Millətin formalaşmasının tərifi var.  Yenə deyirəm, millətlər sənayeləşmə dövründə formalaşmış etnoslardır.  Biz də bir azərbaycanlı milləti kimi 18-ci əsrin sonu, 20-ci əsrin əvvəllərində formalaşmışıq. Hələ İranda yaşayan azərbaycanlılar öz aralarında özlərini Türk hesab etsələr də, bizlərlə görüşdə deyirlər ki, biz də azərbaycanlıyıq. Yəni, onlar da artıq tədricən buna keçirlər. Çünki orada böyük bir ərazidə  yaşayanlar azərbaycanlıdır. 
Biz o zaman  Türk kimi formalaşa bilərdik ki, Səfəvilər dövründə Kərkükdən Dərbənədə kimi  böyük bir ərazi Azərbaycan və Türkəmaniya kimi tanınırdı. Xəritələrdə də belə qeyd edilirdi. Təəssüflər olsun ki, o zaman milli dövlət və ya hökumət olmadığından milli kimlik məsələsi ortada olmayıb.
Digər bir məqamı da qeyd etmək istərdim. 1945-ci ildə Cənubi Azərbaycanda Pişəvəri milli hökumət formalaşdıranda adını Azrbaycan Respublikası qoymuşdu. Odur ki, bu,  təkcə bizim seçimimiz deyil, Cənubda yaşayan soydaşlarımızın da seçimidir.
“Millətçiliyin  tərəfdarı deyiləm, ola da bilmərəm…”
-Gövhər xanım, dövlət başqa, millət başqa. Ola bilər ki, bir neçə Azərbaycan dövləti olsun, ancaq millətin adı başqa… Yeri gəlmişkən, hələ sovetlər dönəminin ilk illərində, hətta, 30 -cu illərin sonlarına kimi, pasportlarımızda milli kimliyimiz  Türk kimi göstərilib… Buna nə deyərsiniz?
-Ola bilər. Tarixən bu ərazilərdə türklər yaşayıb.  Ola bilsin ki, o zaman-30-cu illərdə Moskva buna ciddi yanaşmayıb.
 Artıq bizim Konstitusiyada  azərbaycanlı yazılıb və bu, bizim maraqlarımıza cavab verir.  Mən vətənpərvərliyin  tərəfdarıyam və özüm də vətənpərvərəm. Ancaq millətçiliyin  tərəfdarı deyiləm. Ola da bilmərəm.
Millətçilik ancaq və ancaq  cəmiyyəti geriyə aparan  məsələdir. Biz də bu yoldan əl çəkməliyik.  Milli vətənpərvərlik olmalıdır. Ancaq millətin xeyrinə olmayan məsələni yenidən nə qabartmalıyıq,  nə  də müzakirəyə  çıxarmalıyıq. Bu, bizə nə verir axı…
 Etikxeber.az

Read Previous

Bakı-Sumqayıt yolunda ağır yol qızasında ölənlərin sayı 5-ə çatdı – YENİLƏNİB (3)

Read Next

“Avtombillərə oyuncaq kimi baxmaqdan qurtulmalıyıq”- Baş redaktordan çağırış

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir