Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Keçən həftə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının qəbul günü idi. Mən də qəbulda idim. İcra başçısı Niyazı müəllim ilk mənimlə görüşdü, sağ olsun, özü düz yanıma gəldi, hal-əhvallaşdı, problemlərimlə, məni narahat edən məsələlərlə maraqlandı. Mən də bir-bir məni narahat edən məsələləri, problemlərimi, xüsusilə, ev, mənzil məsələsini, maddi dəstəyə ehtiyacım olduğunu sadaladım.
İcra başçısı yanındakılara, adını bilmədiyim müavininə tapşırdı, göstəriş verdi ki, mənimlə maraqlansınlar, problemlərimin həllinə çalışsınlar. Qəbuldan sonra müavininə yaxınlaşmaq istəsəm də, dərhal avtomobilinə minib uzaqlaşdı. İnanın, Allaha and olsun, az qalmışdı avtomobili ayağımın üstündən keçsin.


Bunu Etikxeber.az-a açıqlamasında Gəncəli bir övlad atası, Qazi Arzu Əsədov deyib.
Qeyd edib ki, səhərisi gün Gəncə Şəhər İcra Hakimiyyətinə, icra başçısının müavini ilə görüşməyə getsə də, həmin şəxsi yerində tapa bilməyib.
“Nə qədər cəhd etsəm də, icra başçısının tapışırıq verdiyi müavini mənimlə görüşdən yayındı. Kimdən soruşdum, dedilər ki, bilmirik haradadır. Sanki mənimlə gizlənpaç oynayırdı. Sonra yenidən mənzil məsələsi, sərəncamla bağlı İcra Hakimiyyətinə getdim. Üstündən bir neçə gün keçir, hələ də bir zəng, bir cavab yoxdur. Maddi durumum, səhhət durumum da heç yaxşı deyil. Ayaqlarım ağrıyır, sızıltılardan, ağrılardan dayana bilmirəm. Amma maddi imkanım yoxdur ki, Bakıya, müalicə-müayinəyə gəlim… İndi siz deyin, mən nə edim? Başıma haranın daşını salım? Niyə məni dinləmirlər, niyə mənə kömək etmirlər? Nədir günahım?”-deyə, Qazi sözlərinə əlavə edib.
Əlavə şərhə ehtiyac duymuruq.
Sadəcə, buradan iş adamlarına, imkanlı adamlara səsləniş edirik ki, Qazimizə dəstək olsunlar!
Etikxeber.az olaraq, həm də qarşı tərəfin mövqeyini dinləməyə, işıqlandırmağa hazırıq!
K.HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





