“Məqsədimiz onları hakimiyyətdən uzaqlaşdırmaq və…” – SOSO TSİSKARİŞVİLİ – YENİLƏNİB – (1)

Gürcüstan birləşmiş müxalifəti noyabrın 17-də paytaxt Tbilisidə, parlamentin binası qarşısında etiraz aksiyası keçirir.

Etikxeber.az xəbər verir ki, minlərlə insanın iştirak etdiyi aksiyada növbədənkənar parlament seçkilərinin keçirilməsi, ölkədə proporsoinal seçki sisteminə keçid, müvəqqəti hökumətin yaradılması tələb olunub.

Tbilisidə Puşkin parkından başlayan yürüşün iştirakçıları da parlamentin binası qarşısında aksiyaya qoşulublar.

Gürcüstan Müstəqil Ekspertlər Klubunun prezidenti Soso Tsiskarisvili deyib ki,  ölkədə demokratiyanın təmin olunması, hamının bərabər şəkildə, eyni hüquqlar çərçivəsində, qonşularla təmiz dostluq şəraitində yaşamasını istəyirlər:

“Lakin indiki hakimiyyətdə bunu istəməyən qüvvələr var. Məqsədimiz onları hakimiyyətdən uzaqlaşdırıb, yeni, daha demokratik, Avropa dəyərlərinə sadiq dövlət qurmaqdır. İnanırıq ki, buna nail olacağıq”.

Siyasətşünas Simon Kopadze də aksiyadan böyük dəyişikliklər gözlədiyini bildirib:

“Bu ilin iyununda indiki iqtidar proporsoinal seçki sisteminə keçidlə bağlı xalqa vəd verdi. Lakin bu vədə əməl etməyən iqtidar əslində bu addımı ilə bütün müxalifəti birləşdirdi. İnanıram ki, bu birlik çox şeyə nail olacaq”.

“Biz parlamenti tamamilə bağlamağa başlamışıq, çünki bu qurum öz funksiyasını itirib”.

Bunu isə  Gürcüstanın əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın lideri Qriqol Vaşadze bildirib.

Q. Vaşadze deyib ki, “bu gecə nə bacardığımızı göstərəcəyik”.

Bir daha qeyd edək ki, müxalif partiyaların şəhərin müxtəlif istiqamətlərindən parlament binası qarşısına təşkil edilən yürüşündə  Vahid Milli Hərəkat, Avropalı Gürcüstan, Vətənpərvərlər Alyansı, Çirçi, Lelo partiyalarının üzvləri iştirak edir.
Əraziyə polis qüvvələri cəlb edilib.

Nümayişçilər tələbləri yerinə yetirilənədək aksiyaları davam etdirəcəklərini açıqlayıblar.

***

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası davam edir. 

Nümayişçilər parlamentin girişlərinə qum doldurulmuş kisələrlə barrikadalar qurublar.

Gecə boyunca keşik çəkəcəklərini bildirən etirazçılar tələbləri qəbul edilənədək millət vəkillərinin qanunverici orqana buraxılmayacaqlarını bildiriblər.   

***

“Tbilisidə parlament qarşısında keçirilən mitinqə 5,5 minə yaxın insan qatılıb”.
Bunu Gürcüstan Daxili İşlər Nazirliyi Patrul İdarəsinin rəisi Vaja Siradze mətbuat konfransında bildirib.

O, qeyd edib ki, polis tərəfindən Rustaveli prospektində aksiyanın keçirilməsi təmin edilib.

V.Siradze əlavə edib ki, eyni vaxtda Respublika meydanında müxalif Vətənpərvərlər Alyansı Partiyasının mitinqində 1500 nəfər iştirak edib.

Batumidə isə etiraz aksiyalarına həmrəylik nümayiş etdirən 50 nəfər küçələrə çıxıb.

Etikxeber.az

Read Previous

“Belə evlilikmi olar?!” – SƏDAQƏT QƏHRƏMANOVA

Read Next

“Avro-2020” seçmə mərhələsinin 12-ci turu – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir