Mətbuatın üz qaraları – BAŞ REDAKTOR YAZIR

Onlarla mətbuat təmsilçisi kimi deyil, kriminal ünsür kimi mübarizə aparılmalıdır 

Bu gün elə bir vəziyyət yaranıb ki, media nümayəndələri bəzən müəyyən yerlərdə özlərini jurnalist kimi təqdim etməyə utanırlar. Xüsusilə də iş adamları, əyalətlərdəki dövlət məmurları “jurnalist” sözünü eşidəndə, ilk ağıllarına gələn “reket jurnalistika”nın nümayəndələri olur. Düşünürlər ki, bütün jurnalistlər məhz onlar kimidir. Hesab edirlər ki, bütün jurnalistlər fəaliyyətlərini ancaq pul almaq üçün kimlərisə şantaj etmək fəlsəfəsi üzərində qurur. Nə qədər deyirsən ki, belə deyil, vicdanlı jurnalistlər əslində məbləği böyük olmayan maaşa işləyirlər, inanmırlar. 
Əvvəllər belələrini qınamaqla keçirdim, amma son vaxtlar mənzərənin həqiqətən acınacaqlı olduğu qənaətinə gəlmişəm. “Reket jurnalistika” mövzusu hazırda kifayət qədər aktuallaşıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə heç vaxt indiki qədər biabırçı durum olmayıb. Yazılı mediadan internetə transformasiya edən bu qara qüvvələr artıq heç bir sərhəd tanımırlar. Ayrı-ayrı şəxsləri, dövlət təsisatlarını, şirkətləri şantaj edir, məqsədlərinə nail olmaq ən üçün çirkin vasitələrdən belə istifadə edirlər. Bu zaman nə peşə prinsiplərini, nə ölkə qanunvericiliyini, nə də milli mentaliteti nəzərə alırlar. Bir növ, ölkədəki söz azadlığından çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər.
Əvvəllər cəmiyyətdə belə bir fikir var idi ki, məmurlar, ayrı-ayrı şəxslər gözükölgəli olmasalar, “reket” dediyimiz bu jurnalist adından istifadə edənlərə pul verməzlər. Amma indi bunlar o qədər həyasızlaşıblar ki, “gözükölgəli, gözükölgəsiz”ə baxmadan məqsədlərinə nail olmayınca, hədəfə aldıqları şəxslərdən, obyektlərdən əl çəkmirlər. Məsələn, xəbəri yayırlar, sonra öz çevrələrindəki saytlar vasitəsilə tirajlayırlar. Hədəf seçdikləri adamlarda vahimə yaratmağa çalışırlar. Elə sayt olur ki, bir gündə bir təşkilat, şəxs haqqında 20-25 neqativ yüklü məlumat yayır, bütün yaradıcılığını hədəfə aldığı şəxsin gözdən salınması üçün səfərbər edir. Reaksiya olmadıqda, bir az fasilə verib, 1 ay əvvəlin xəbərini yenidən yayırlar. Xəbərin köhnəlməsi, təkrar olunması onlar üçün önəmli deyil. Təki, hədəfə aldıqları obyekti diz üstə çökdürə bilsinlər…
Bəzən isə sırf ailədaxili məsələlərdən, şəxsi həyat sirlərindən yazır, insanları qurşaqdan aşağı vururlar. Hətta olmayan şeyləri də uydurub, fantaziyalarını yazı nümunəsi kimi qələmə verirlər.
Baxıb görürsən, bir sayt məlumatı yayıb, digər özü kimi sayta istinad edib. İstinad olunan sayta baxırsan, elə bir xəbər tapa bilmirsən. Soruşursan, deyir, 6 ay əvvəl orda belə bir xəbər var idi…
Elə bir dərəbəylik mühiti yaradıblar ki, ayrı-ayrı şəxslər, dövlət məmurları, iş adamları, şirkət təmsilçiləri hazırda az qala, çarəsiz bir durumdadırlar. İnsanların bu cür saytlara qarşı hüquq müstəvisində mübarizə aparmaq imkanları da olmur. Məsələn, məhkəməyə vermək istəyirsən, hüquqi ünvanları belə yoxdur. Kimi məhkəməyə verəsən?
Maraqlıdır ki, hətta kimsə pul verib canını qurtarmaq “lüks”ünə də sahib deyil. Hansısa obyektin, şəxsin pul verdiyini görən kimi, öz aralarında xəbərləşərək, mütəmadi şəkildə onu narahat edirlər. Hələ bu azmış kimi, “imkanlı mənbə” tapanda, yeni sayt yaradır, üstəlik, qohumlarına, tanışlarına da sayt yaradıb həmin şəxsdən yazmağı məsləhət görürlər. Bir sözlə, adamın sözün əsl mənasında sonuna çıxırlar.
Bunların elələri var ki, eyni vaxtda 10-15-20 sayt idarə edir. Heç bir kollektivləri olmur, yalnız bir admin işlədirlər. Bir neçə dəstəbaşıları var ki, fəaliyyətlərin tənzimlənməsi ilə əsasən onlar məşğul olurlar. Bəzi sayt rəhbərlərinin heç ali təhsili də yoxdur. Sosial şəbəkələrdə adi bir status yazanda, bir cümlədə 5-6 səhv buraxırlar, amma ümumilikdə mətbuata dərs keçmək iddiasındadırlar. Bəziləri keçmişdə məhkumluq həyatı yaşayanlardır. Bir sözlə, sırf kriminal fəaliyyətlə məşğul olan belələri, mətbuatın üz qaralarıdır. Təsəvvür edin ki, dövlət qurumları, özəl şirkətlər öz işlərini, ciddi media ilə münasibətləri bir kənara qoyub, onlarla mübarizə aparmağa məcburdurlar…
Amma bunlara qarşı ayrı-ayrı şəxslərin, dövlət orqanlarının mübarizə aparması elə də asan deyil. Yuxarıda qeyd edildiyi kimi, konkret redaksiyaları, hüquqi ünvanları belə yoxdur. Ona görə də “reket saytlar”a qarşı kompleks və təsirli mübarizə başladılmasının vaxtı çatıb. Artıq ictimai qınaqla kifayətlənmək olmur. Təcrübə göstərir ki, bunlar heç vaxt ictimai qınaqla yollarından çəkiləcək şəxslər deyillər.
Bu baxımdan, Mətbuat Şurasının bu istiqamətdə başlatdığı fəaliyyət təqdir olunmalıdır. Eyni zamanda, müvafiq dövlət qurumları da bu kriminal ünsürlərə qarşı fəaliyyətə cəlb olunmalıdır. Bu şəxslərə mətbuat nümayəndəsi kimi deyil, kriminal ünsür kimi yanaşılmalıdır. Mətbuatı hər addımbaşı gözdən salan mənbələrə giriş məhdudlaşdırılmalı, sahibləri hüquq müstəvisində cəzalandırılmalıdır. 
 
Həqiqi media təmsilçiləri də problemin nə qədər ciddi olduğunu ictimaiyyətə nümayiş çatdırmalıdırlar. Heç kimdən çəkinmədən, adımızı bədnam edənlərin şantajlarından ehtiyatlanmadan düzü-düz, əyrini-əyri deməliyik. Yoxsa bizi daha acı nəticələr gözləyir. Yoxsa jurnalist olduğumuzu haradasa dilə gətirməyə görə daha çox utanmalı olacağıq. 
 
İlham QULİYEV,
“Kaspi” qəzetinin baş redaktoru
Etikxeber.az

Read Previous

QARABAĞDA ERMƏNİLƏRİN GÖZLƏDİYİ 11-Cİ QIZIL ORDUNUN AYAQ SƏSLƏRİ… – DEPUTAT YAZIR

Read Next

Prezident Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir