“Məzar yerlərinin ayrılması komitəmizin səlahiyyətində deyil” – KOMİTƏ SƏDRİ – YENİLƏNİB

Məzar yerlərinin ayrılması və digər məsələlər bizim komitənin səlahiyyətinə aid deyil.

Etikxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə bildirib ki, bu məsələ ilə bağlı Nazirlər Kabinetinin rəsmi qərarı var:

“Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyəti həmin məzarlıqların reyestrini aparmaqdan ibarətdir. Digər bütün səlahiyyətlər yerli bələdiyyələrin tabeliyinə verilib.

Yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər. O cümlədən, vəfat etmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətindədir”.

M.Qurbanlı əlavə edib ki, bəzən mətbuat nümayəndələri bu kimi məsələlərə görə komitəyə suallar ünvanlayır:

“Məsələyə aydınlıq gətirmək üçün deyim ki, Nazirlər Kabinetinin rəsmi sənədi əsasında bu səlahiyyətlər komitəyə aid deyil. Ümumiyyətlə, harada din sözü varsa, bizim komitəyə müraciət edirlər. Bu, doğru deyil. Məzarlıqlar yerli bələdiyyələrin nəzarətindədir və vahid bir mərkəzdən yox, yerlərdə idarə olunmalıdır. Düşünürəm ki, bu, çox doğru, məntiqli addımdır.

Biz isə üzərimizə düşən reyestr xidmətini həyata keçiririk. Lakin vətəndaşların bəzi müraciətlərini nəzərə alaraq, müvafiq ərazinin bələdiyyələrinə və aidiyyəti qurumlara həmin müraciətləri çatdıra bilirik”.

***

trend_mubariz_gurbanli_160718

“Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır”.

Bunu isə M. Qurbanlı “The Jerusalem Post” qəzetində dərc edilən məqaləyə münasibət bildirərkən deyib. Komitə sədri bildirib ki, Ermənistan monoetnik dövlətdir, burada nə sovet dönəmində yəhudi milləti olub, nə də bu gün yaşayır: “Olsa da, çox nadir halda rast gəlinər. Bu da onu göstərir ki, ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır və bu, onları müxtəlif dinlərə, xalqlara qarşı düşmənçiliyə yönəldir. Onların yəhudi millətinə olan münasibəti bəllidir. Ermənilərin elə ölkəmizə qarşı törətdiyi qətliamlar, həmin hadisələr zamanı Quba-Xaçmaz ərazisində yaşayan yəhudilərə qarşı etdikləri amansızlıqlar bunu bir daha sübut edir. Ümumiyyətlə, bu, erməni xislətidir. Onlarda nəinki yəhudilərə, bütün millətlərə qarşı nifrət var”.

Qeyd edək ki, jurnalist Cessi Boqner “The Jerusalem Post”da dərc olunan məqaləsində son vaxtlar xristianlar tərəfindən antisemitizmin güclənməsinin müşahidə olunduğunu yazıb. Həmçinin müəllif Ermənistan cəmiyyətinin sistemli antisemitizm nümayiş etdirdiyinə dair çoxsaylı sübutların olduğunu qeyd edib. Bundan başqa, Anti-Diffamasiya Liqasının növbəti “Global 100” araşdırması nəticəsində məlum olub ki, ermənilərin əksəriyyəti müxtəlif antisemit stereotiplərin düzgün olduğu qənaətindədir. Müəllif bildirir ki, müsəlman əhalinin üstünlük təşkil etdiyi Azərbaycanla müqayisədə, İsrail və Ermənistan arasında münasibətlər kifayət qədər lazımi səviyyədə inkişaf etməyib. Azərbaycanla İsrail arasında möhkəm münasibətlərin olması təsadüfi deyil. Azərbaycanda antisemitizm yoxdur, çiçəklənən yəhudi icması var.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Milli Məclisin növbəti plenar iclası iyulun 12-də keçiriləcək – GÜNDƏLİKDƏ 28 MƏSƏLƏ VAR

Read Next

45 qərar qəbul edildi, 29 irs nümunəsi Ümumdünya İrs Siyahısına salındı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir