Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
74 yaşlı Zeynəb Ana…
Füzuli rayonunun İşıqlı kəndindən olan Zeynəb Qənbərova…
Çox Dərdli, çox Yaralı Ana…
Altı övladından, dörd oğlundan üçünü və həyat yoldaşını itirmiş Ana…
İtirdiyi hər üç övladı da Birinci Qarabağ Savaşının iştirakçısı…
Böyük oğlu-1969-cu il doğumlu Vitalim, 1971-ci il təvəllüdlü ikinci oğlu Tariyel və üçüncü oğlu-1974-cü il doğumlu Əlizadə…hər üçü Birinci Vətən Müharibəsində iştirak ediblər…
Cəmi 22 yaşlı və subay olan Tariyel 1993-cü ilin iyul ayının 24-də Şəhidlik məqamına ucalıb, daha doğrusu, itkin düşüb və 30 ildir Zeynəb Ana onun-oğlunun yolunu gözləyir…
Oğlundan bir gün öncə isə qardaşı oğlu Zaur Şəhid olub…
O da məzarsız-itkin Şəhidlərimizdəndir…

Digər oğlu Əlizadə qardaşının-Tariyelin ilk mövludundan bir gün öncə, 1994-cü ilin mart ayının 7-də başından ağır yaralanıb, ikinci qrup Qarabağ-müharibə əlili olub və bir neçə il öncə avtoqəzada dünyasını dəyişib…
Böyük oğlu Vitalim də bir neçə il öncə vəfat edib, bu fani dünyaya “əlvida” deyib…
Əlizadənin üç övladı, Vitalimin iki övladı Vətənə əmanət qalıb…
Vitalimin oğlu əmisi Tariyelin, Eldarın oğlu isə əmisi Əlizadənin adını daşıyır…
Dörd oğul və üçü bu gün həyatda, bu fani dünyada yox…
Çox böyük, çox ağır dərddir…
Və 74 yaşlı Zeynəb Ana illərdir çiyinlərində bu ağır yükü-çəkilməsi mümkün olmayan yükü, övlad, üç oğul itkisini daşıyır…
Sözün bitdiyi yerdir…
Allah, səbrdən keçib, dözümünü versin Zeynəb Ananın!
Böyük Yaradan hər üç övladının məkanını cənnətlik, məqamını Uca etsin!
Amin!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




