Məhəmməd Hadinin 140, Əlibaba Məmmədovun 90 illiyi qeyd olunacaq – SƏRƏNCAMLAR

Prezident  İlham Əliyev Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamı imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin (Ağaməhəmməd Hacı Əbdülsəlim oğlunun) anadan olmasının 140 illiyi tamam olur.

Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmişdir. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr etmişdir. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda, özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük söz ustası Məhəmməd Hadinin anadan olmasının 140-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezident eyni zamanda, Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında  Sərəncam imzalayıb.

2020-ci ilin fevral ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədovun anadan olmasının 90 illiyi tamam olur.

Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam irsinin saflığının qorunub saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındakı muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmiş və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır. Sənətkarın mahir ifaçısı olduğu rəngarəng muğam və təsniflərlə yanaşı, müəllifi olduğu mahnılar dinləyicilərin qəlbində silinməz izlər qoymuşdur. Muğamın tədrisi sahəsində uzun illər uğurla çalışan tanınmış pedaqoq Əlibaba Məmmədovun yaradıcılıq yolu gənc xanəndələr nəsli üçün bir sənət məktəbidir. Muğamla bağlı gerçəkləşdirilən müxtəlif layihələrdə daimi və səmərəli iştirakı onun muğam ifaçılığı ənənələrinin yaşadılması istiqamətində fəaliyyətinin mühüm mərhələsi hesab edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmiş Əlibaba Məmmədovun anadan olmasının 90-cı ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq artisti Əlibaba Məmmədovun 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

 

 

Read Previous

Yeni parlament seçkiləri – FEVRALIN 9-DA BAŞ TUTACAQ – SƏRƏNCAM

Read Next

Bərpa olunan enerji mənbələrindən istifadədə pilot layihələri həyata keçiriləcək – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir