“Məktəbəqədər təhsil haqqında” layihə ikinci oxunuşdan keçdi – DEPUTAT DA SUSQUNLUNU POZDU – YENİLƏNİB (3)

“Məktəbəqədər təhsil haqında” qanun layihəsi qəbul edilərsə, Bakı şəhərində təxminən 12 minə qədər uşaq məktəbəqədər təhsilə cəlb oluna bilər.
Milli Məclisin (MM) martın 10-da  növbəti plenar iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə,  5 fəsil 24 maddədən ibarət layihədə məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyənləşib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbə hazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq.

Qanun layihəsinə əsasən, Azərbaycanda bütün məktəbəqədər təhsil müəssisələri üçün xüsusi razılıq (lisenziya) müddətsiz veriləcək. Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq.

Layihədə bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə, onların lisenziyası ləğv edilir.

 “Qanun layihəsi təhsil islahatlarının hüquqi bazasını gücləndirəcək”
Müzakirələrdə çıxış edən millət vəkili Musa Qasımlı bildirib ki, bu sənəd ölkədə aparılan təhsil islahatlarının hüquqi bazasını gücləndirəcək və bütövlükdə Azərbaycan təhsilinə, elminə, cəmiyyətimizə öz töhfəsini verəcək.
Millət vəkili Jalə Əliyeva isə qeyd edib ki, dünya əhalisinin üçdə birini təşkil edən uşaqların müdafiəsi ən ümdə məsələrdəndir. O, qeyd edib ki, bu məsələ həm də ölkə rəhbərliyinin və Azərbaycan dövlətinin prioritet məsələlərindəndir. Millət vəkili bu baxımdan, adıçəkilən qanun layihəsinin bu istiqamətdə atılan önəmli məsələrdən biri olduğunu söyləyib.
Sona Əliyeva susqunluğunu pozdu
Millət vəkili uzun müddətdən bəri davam edən susqunluğunu pozub. Söhbət Şəmkirdən olan millət vəkili Sona Əliyevadan gedir. Qeyd edək ki, parlamentin ötən ilin yaz sessiyasında çıxışı zamanı adıçəkilən deputatla o zaman üzvü olduğu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıxanlı arasında narazılıq yaranmışdı. Daha doğrusu, komitə sədri millət vəkilinin çıxışına sərt təpki göstərmiş və bu da nəticə etibarı ilə S. Əliyevanın sonradan ərizə yazaraq həmin komitədən getməsi ilə nəticələnmişdi. Eyni zamanda, həmin çıxışından sonra millət vəkili parlamentdəki, mətbuatdakı və “Facebook”dakı çıxışlarına ara vermişdi. Ancaq bu gün parlamentdə müzakirəyə çıxarılan “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşu zamanı millət vəkili susqunluğuna son qoyub və  sözügedən sənədlə bağlı öz fikirlərini bildirib. O, sənədin əhəmiyyətini qeyd edərək, onun qəbulunu vacib sayıb.

Komitə sədrinin müavini birinci vitse-prezidentə təşəkkür etdi

“Çox xoş hadisədir ki, dünən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilk müşavirəni məhz məcburi köçkünlərin sosial qayğısı ilə, onların problemlərinin həlli ilə bağlı məsələlərə həsr etdi. Fürsətdən istifadə edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məcburi köçkünlər adından öz dərin təşəkkürümüzü bildiririk”.

Bunu da MM-in komitə sədrinin müavin Bəxtiyar Əliyev deyib. B.Əliyev qeyd edib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bağçaların inşası və məktəbəqədər təhsilin təşkili ilə bağlı çox böyük işlər görülüb: “Bu gün müzakirə edilən “Məktəbəqədər təhsil haqında” qanun layihəsi qəbul edilərsə, Bakı şəhərində təxminən 12 minə qədər uşaq məktəbəqədər təhsilə cəlb oluna bilər. Hesab edirəm ki, həmin işlərin həyata keçirilməsi üçün bu qanun layihəsi nə qədər tez qəbul edilsə, biz də bu işlərə bir o qədər tez öz töhfə verə bilərik”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Etikxeber.az

Read Previous

“Hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm ki…” – QƏNİRƏ PAŞAYEVA

Read Next

“Ay Zahid, heç kimə “uçeniya” keçmə…” – SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir