Məktəbli Nigardan çağırış: “Elə etməliyik ki,onlar özlərini tənha hiss etməsinlər… “- FOTOLAR

“Uşaqlarla bağlı burada müzakirə olunan məsələlər çox vacibdir. Biz həmişə böyüklərdən eşidirik ki, uşaqlar bizim gələcəyimizdir. Və hamı düşünür ki,  uşaqlıq insanın xoşbəxt dövrüdür”.

Etikxeber.az xəbər verir ki, bunu  iyunun 1-də parlamentdə  “Mənim səsim – mənim hüquqlarım: parlamentdə müzakirə” mövzusunda keçirilən Dəyirmi masada orta məktəb şagirdi, vitse-spiker Bahar Muradovanın yeganə qız övladı Nigar Quliyeva çıxış edərkən deyib.

nigar-9

“Lakin gəlin baxaq görək, bu, hər zaman belədirmi? Hər uşaq üçün həyat eyni dərəcədə qayğısız və rahatdırmı? Düşünürəm ki belə deyil. Odur ki, mən fiziki və əqli imkanları fərqli olan uşaqlar barədə söz açmaq istərdim.Əlbəttə qəbul etmək lazımdır ki, bu, onların taleyidir”-deyən N. Quliyev bildirib ki, lakin eyni zamanda, belə uşaqlara onları əhatə edən sağlam insanların münasibəti çox vacibdir:

“Biz parklarda, əyləncə yerlərində tez-tez oluruq. Bu zaman bizə elə gəlir ki, şəhərdəki bütün uşaqlar sağlamdır. Çünki, orada biz əlil uşaqları görmürük. Lakin bu zaman unutmamalıyıq ki, çoxlu sayda uşaqlar var ki, onlar ya fiziki imkanlarına görə, ya da utandıqlarından gəzməyə çıxmırlar. Qapalı mühitdə qaldıqları üçün belə uşaqlar özlərini çox narahat hiss edirlər. Axı onlar da bizim kimi dostları ilə ünsiyyətdə olmaq, oynamaq, əylənmək istəyirlər. Bu səbəbdən də onlara kömək etmək hamımızın borcudur.

nigar-7

Ölkəmizdə belə uşaqların hüquqlarını qorumaq üçün böyük işlər görülür. Çoxlu sayda internat məktəbləri və uşaq evləri var. Onların müalicəsi və maddi təminatı dövlətimizin diqqətindədir.

Mən həm də bilirəm ki, Milli Məclis fiziki cəhətdən məhdud imkanlı uşaqlar üçün çox əhəmiyyətli qanunlar qəbul etmişdir. Lakin ən əsası bu qanunlara əməl olunmasıdır”.

Onun sözlərinə görə, digər məsələ isə sağlam insanların bu problemlərə olan münasibətidir:

nigar-5

Mən xahiş edərdim ki, parlamentdə uşaqlarla bağlı məsələləri müzakirə edəndə əlil uşaqları yaddan çıxarmasınlar. İstərdik ki, onların digər uşaqlarla birgə təhsil almaları üçün şərait yaradılsın.

Bundan əlavə, yaxşı olardı ki, hər məktəbdə əlil uşaqlarla dostluq klubları təşkil edilsin. İnternet vasitəsi ilə də belə qruplar yaratmaq olar.Yəni biz elə etməliyik ki, bu uşaqlar özlərini tənha hiss etməsinlər, hər yerdə bizimlə bərabər olsunlar. Elə uşaqlar da var ki, çox bacarıqlıdırlar, lakin bunu göstərmək üçün köməyə ehtiyacları var. Unutmayaq ki, sağlam insanların özlərinin onlardan öyrənə biləcəkləri çox şey ola bilər.

Məsələn: görmək qabiliyyətini tam itirmiş dahi bəstəkar Bethovenin əsərləri bütün dünyada sevilir.

 

Amerikanın keçmiş prezidentlərindən biri Ruzveltin əlil arabasında oturaraq nəhəng bir ölkəni idarə etməsi bizi bu gün də heyrətləndirir. Azərbaycanlı paralimpiya çempionları İlham Həziyev, Ramin İbrahimov, Nataliya Pronina, Afaq Sultanovanın əldə etdikləri uğurlar hər kəs üçün gözəl nümunədir.

nigar-4

Yəni, biz dövlətimizlə bərabər əlil uşaqların tamhüquqlu vətəndaş kimi yaşamasına kömək etməli, eyni zamanda onlardan öyrənməliyik. Elə buna görə də ünsiyyət çox vacibdir. Xüsusilə valideynlərini itirmiş və aztəminatlı ailələrdə olan uşaqlara biz daha yaxın olmalıyıq. Qoy onlar özlərini atasız-anasız, tənha hiss etməsinlər.

Xüsusilə bayram günlərində, el şənliklərində hamımız onlarla birgə olaq. Tez-tez kollektiv şəkildə uşaq evlərinə baş çəkək. Onlarla birlikdə yemək yeyək, əylənək, idman yarışları təşkil edək. Mən əminəm ki, bu hamı üçün çox maraqlı və faydalı ola bilər. Lakin əlbəttə ki, hər şey ilk növbədə qanunlardan və onların yerinə yetirilməsindən asılıdır. Ona görə də biz uşaqlar sizləri – millət vəkillərini və dövlət adamlarını həmişə yanımızda görmək istəyirik. Siz də əmin ola bilərsiniz ki, biz uşaqlar da sizin gələcəyiniz olaraq hər zaman sizin yanınızdayıq“.

Etikxeber.az

Read Previous

Vahid Əliyevi Fuad Ələsgərov əzəvlədi, Kamal Adbulla yenidən rektor oldu və… – TƏYİNATLAR – YENİLƏNİB (4)

Read Next

Afaq Məsud da “Şöhrət”ləndi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir