“Məmurlar deputatlarla danışanda üslüblarına diqqət etsinlər: Bundan sonra onların adlarını da çəkəcəyəm”-QƏNİRƏ PAŞAYEVA SƏRT DANIŞDI, MALİYYƏ NAZİRİ CAVAB VERDİ – YENİLƏNİB

Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, burada bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır.

“Çünki bəzi məsələləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, bunu 3 dəfə qaldırmısınız, daha qaldırmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələni qaldıracağımı hansısa məmur müəyyən etmir, seçicilərim müəyyən edir. Seçicim mənə müraciət edir ki, I Qarabağ müharibəsi qazisidir, əlində məhkəmə kağızı var, amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq, niyə baxılmır? Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inansın”-deyən komitə sədri Göytəpə arxeoloji parkının qurulmamasından da şikayət edib:

“Halbuki bununla bağlı Prezidentin sərəncamı var.”

Komitə sədri sonra bildirib ki, dövlət məmuru öncə insanla, vətəndaşla danışmağı öyrənməlidir:

“Deputatla danışanda üslüblarına diqqət etsinlər. Bundan sonra onların adlarını da çəkəcəyəm”.

12:38

***

“Göytəpə arxeoloji kompleksinin yaradılması ilə bağlı məsələ Qənirə Paşayeva tərəfindən qaldırılıb”.

Bunu isə Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Prezidentin 2012-ci il sərəncamı ilə Göytəpə arxeoloji parkı yaradılıb:

“Həmin parkın layihələndirilməsi üçün AMEA-ya 300 min manat vəsait ayrılıb. Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı layihə hazırlanıb. Sözügedən məsələyə dair Qənirə Paşayevaya məlumat verilib. Lakin bundan sonra hər hansı qərar qəbul edilməyib. Növbəti ildə baxılması üçün bu məsələ nəzərə alına bilər”.

Nazir sonra vurğulayıb ki, kinoya ayrılan vəsaitin aşağı olması ilə bağlı məsələ qaldırılıb:

“2020-ci ildə Mədəniyyət nazirliyinə 5 milyon manat vəsait ayrılıb, 2021-ci ildə isə 6,5 milyon manat vəsait nəzərdə tutulub. Bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə ünvanlamaq olar. Kinemotoqrafiyanın inkişafı üçün yeni layihə hazırlanıb. Bir neçə dəfə Maliyyə Nazirliyinə bu layihə təqdim edilib. Biz bunu qəbul etməmişik, çünki hansısa yenilik görməmişik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qaldırılan bütün məsələlərə cavab verilir, deputatların da hüququdur ki, məsələləri yenidən qaldırsınlar…”-SAMİR ŞƏRİFOV İRADLARA BELƏ CAVAB VERDİ

Read Next

“Özbaşınalıq baş alıb gedir…Rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbələrinin səlahiyyətləri “ASAN”-a verilsin”-MÜŞFİQ CƏFƏROVDAN İRAD VƏ ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir