“Bu, çox ciddi məsələdir…” – BAHAR MURADOVA

Əli Əhmədov: İnsanlar sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar

Fevralın 13-də  Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüş keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin (MM) İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova, YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər. Tədbirdə sosial mediada təhqirlərin və digər bu kimi xoşagəlməz halların qarşısının alınması yollarının tapılması istiqamətində müzakirələr aparılıb.

MM-in İnsan hüquqları komitəsinin sədri, vitse-spiker B. Muradova bildirib ki,bu gün dünyanın yaratdığı texnoloji yenilik dünya üçün ciddi problemə çevrilib. O qeyd edib ki, internet üzərindən təhqirlər, mənəvi terror cəmiyyət üçün ciddi problem yaradır.

B.Muradova vurğulayıb ki, Azərbaycanda bu problemlərin qarşısını almaq üçün qanunvericilik əsaslarında imkanlar var və qanunvericilik bazası bütün beynəlxalq təşkilatların standartlarına uyğundur: “Lakin, əfsuslar olsun ki, qanun çərçivəsindən çıxma geniş miqyas alıb. Bütün dünyada belədir. Bu, çox ciddi məsələdir. Qanunlar internetdə baş verən bu eybəcərliklərin qarşısını almaqda acizdir. Biz qanunlara hər hansı məhdudlaşdırıcı maddələr əlavə etmək niyyətində deyilik. İnsani kriteriyaları nəzərə alıb bu problemlə mübarizə aparmalıyıq”.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri A. Quliyev öz növbəsində bildirib ki, sosial şəbəkələr vasitəsilə milli mənəvi dəyərlərimiz mənəvi terrora məruz qalır:

“Sosial şəbəkələrdə dövlət, hakimiyyət orqanlarını gözdən salmağa çalışırlar. Bunu düşünülmüş siyasi məqsədlərlə edirlər. Sosial şəbəkələrdə söyüş adi hala çevrilib. Müzakirələr aparmalıyıq və elə bir yol tapmalıyıq ki, insanlar söyüşə məruz qalmasın”.

Digər çıxışçılar da sosial şəbəkənin yaratdığı mənfi təzahürlərdən danışıblar və bu istiqamətdə maarifləndirmə işinin gücləndiriməsinin vacibliyini vurğulayıblar.

trend_yap_bahar

“İnternetin inkişafının müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Bu gün insanlar sosial şəbəkələrdə təhqirlərə, mənəvi terrora məruz qalırlar”.  

Bunu isə YAP-ın icra katibi Ə. Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, əsas problem odur ki, sosial şəbəkələrdə özünü qanuni yolla müdafiə etmək imkanları da yoxdur:

“İstənilən adamı istənilən formada təhqir etmək, mənəvi terrora məruz qoymaq çox asandır, lakin bundan özünümüdafiə mexanizmi yoxdur. Bu bir bəla olaraq bütün dünyada geniş vüsət alıb. Bu problem cəmiyyətdə bir gərginlik yaradır. Bu problem tək Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Ancaq Azərbaycanda bu hal eybəcər formadadır”.

İcra katibi qeyd edib ki, ayrı-ayrı ölkələrdə bu problemin qarşısını almaq üçün yollar axtarılır, texniki və hüquqi baxımdan cəhdlər edilir:

“Azərbaycanda da bu problemin qarşısını almaq üçün hüquqi normalar var, ancaq bunun tətbiq edilməsi mexanizmi mövcud deyil. Bəzi ölkələr bu problemin qarşısını almaq üçün internetin məhdudlaşdırılmasına da gedirlər. Mən internetin məhdudlaşdırılmasının tamamilə əleyhinəyəm, ancaq biz müzakirələr aparıb texniki və hüquqi tənzimləmə yollarını tapmalıyıq ki, bu eybəcərliklərin qarşısı alınsın”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“İlham Əliyevin müsahibəsi bir çox mühüm cəhətlərlə yadda qaldı” – DEPUTAT

Read Next

“Sosial şəbəkələrin bağlanılması imicimizə müsbət heç nə gətirməz” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir