Məni tanımaya, qəbul etməyə bilərsiniz…Və ya Qızılhacılı haqqında-İKİNCİ (HƏM DƏ CAVAB) YAZIM…

QIZILHACILImın illərdir dilə gətirilməyən problemlərindən… yazdım…Problemlər kənarda qaldı, məni “yalançı” çıxarmağa cəhd etdilər…

Məni “yalançı” və “savadsız” çıxarmağa cəhd edən bəzi kənçi(li)lərim…

FB-də-“Goranboy” səhifəsində paylaşdığım-Qızılhacılı ilə bağlı tənqidi yazımın altına yazdıqlarınıza mütləq şəkildə cavab verməyi özümə borc bildim…

Təəssüf etdim ki, onlar vikipediyadan və ya hansısa “mənbə”dən götürdükləri məlumatları yazmaqla məni bir növ “yalançı” çıxarmaq istəyiblər…

Əvvəla, qeyd edim ki, mən bu günə qədər bilmədiyim məsələ və məsələlərlə bağlı nəinki yazı, status yazmışam, heç vaxt, heç bir zaman mübahisə belə etməmişəm, bilmədiyim zaman susmuşam, öyrənməyə çalışmışam və yazanda da ancaq faktlara söykənərək doğruları yazmışam, yazmağa çalışmışam…

İkincisi, istər ana, istər ata tərəfdən təmiz qızılhacılılıyam, yeddi arxa dönənim bu kənddəndir və kəndin keçmişi, dünəni…ilə də bağlı çox məsələlərdən xəbərim var…

Rəhmətlik atam 24 il rayonun rəhbər şəxslərindən, tanınmış simalarından olub, anam 40 ilə yaxın kənd xəstəxanasının tibb bacısı-baş tibb bacısı işləyib, özüm BDU-nun jurnalistika fakültəsini bitirmişəm, siyasi və jurnalistlik fəaliyyətimə 15-16 yaşlarımdan başlamışam və 32 ildir ki, bu fəaliyyətimi də davam etdirirəm…

Qızılhacılıya qəsəbə statusu verilməsi məsələsi iddia etdiyiniz kimi, heç də 1991-ci ildən başlamayıb…

1985-ci ilin yayıdı, 6-cı sinifi bitirmişdim…Bir gün küçəmizdə dayanmışdım, gördüm ki, bir nəfər 40-45 yaşlarında, əlində böyük dəftər, küçəmizdəki evlərə bir-bir baxıb, dəftərə nəsə yazır…

Təbii ki, maraq məni götürdü, soruşdum ki, nəyə baxarsız, nə yazırsınız, əsəbi halda dedi ki, evlərin qeydiyyatını aparıram, sayını qeydə alıram, “pasyolka” olacaq…

Sual etdim ki, “pasyolka” nədir…Kobud şəkildə cavab verdi ki, bilmirsənsə, onda soruşma və hələ məni tərs-tərs də süzdü…Bir qədər özümü itirdim və bu zaman bir az kənarda dayanan qonşumuz dedi ki, yəni, qəsəbə olacaq kəndimiz…Həmçinin, əlavə etdi ki, bizim də kəndə (özü əslən Ağstafadandır, kəndimizə gəlin gəlib) bu yaxınlarda qəsəbə statusu verilib…

Bunun üstündən bir müddət keçəndən sonra kəndimizin küçələrinə adlar verilməyə başlandı, hər bir ev nömrələndi, üstünə yazıldı, bizim küçəyə də məşhur Engelsin adı verildi…

Bilənlər-bilir ki, rayonlarda ancaq qəsəbə statusu olan bölgələrin küçələrinə adlar verilir…Əgər bütün kəndlərin küçələrinə adlar verilsəydi, heç başqa kəndləri demirəm, rayonumuz ən böyük kəndlərindən və bizimlə qonşu olan Cilli-Boluslu və Xanqərvəndə də bunlar şamil edilərdi…

Üçüncüsü, artıq orta məktəbi qurtaran dövrlərimizdə (1987-89-cu illərdə) bütün sənədlərdə, tərcümeyi-hallarda kənd yox, qəsəbə sözü yazılırdı…

Dördüncüsü, 1991-ci ildə artıq keçmiş SSRİ çökmək ərəfəsindəydi, Qarabağ, 20 Yanvar hadisələrindən sonra SSRİ-yə, ruslara, kommunistlərə, Leninə, Marksa, Engelsə və sair böyük nifrət vardı…Belə olan halda, həmin adamların adları necə küçələrə verilə bilərdi, özü də məhz 1991-ci ildə? SSRİ-nin tərkibində olsaq da, artıq bu, mümkün deyildi…

Bu, məsələnin birinci tərəfi…İkinci tərəfinə-mərhum, korifey sənətkarımız Şahmar Ələkbərovla bağlı məsələyə gələk…

Mən məlum yazımda yazmamışam ki, əsilli-nəcabətli qızılhacılılıdır, yazmışam ki, burada böyüyüb, boya-başa çatıb…Onun Qızılhacıldan olduğunu uşaqlıqdan eşitmişdim, deyilənlərə görə, atası işi-vəzifəsi ilə əlaqədar bizim rayona-kəndə gəlib, hətta könhə, 1 saylı məktəb tərəfdə kiminsə evində uzun illər yaşayıblar…

Sonra bunu rəhmətlik özü-öz dili dedi, müsahibəsi zamanı dilə gətirdi…1988-ci ilin sonları, 1989-cu ilin əvvəllərində “Mübariz” qəzetində ( keçmiş Qasım İsmayılov rayon Partiya Komitəsinin orqanında) rəhmətliyin müsahibəsi getmişdi… Deyəsən, rayonumuza qastrol səfərinə gəlmişdi, müsahibə zamanı qızılhacılılı olmağı ilə fəxr etdiyini, kəndimiz üçün yaddaqalan bir iş görməyə çalışdığını bildirmişdi…İndi öz gözlərimə, oxuduqlarıma inanım, yoxsa…

1992-ci ilin aprelin sonları, mayın əvvəlləri idi, kəndə gəlmişdim, həmin vaxt rayonumuzda gərginlik yaşanırdı, alçaq ermənilər yenə dinc dayanmırdı (hələ məşhur “Goranboy əməliyyatı” olmamışdı), həm də Yaqub Məmmədovun hakimiyyət dövrüydü…Vəziyyətlə əlaqədar Goranboydan olan bir neçə ziyalı AzTV-nin efirinə çıxarılmışdı, o cümlədən, Şahmar Ələkbərovun qardaşı hərbçi-polkovnik, uzun illər Tibbi Universitetinin hərbi kafedrasıının müdiri işləmiş Müzəffər Ələkbərov…

Qeyd edim ki, o, mərhum Heydər Əliyevin qardaşı, rəhmətlik Aqil Əliyevin və yaxın qohumumuz, kəndimizin məşhur simalarından olan İsgəndər Nuriyevin ən yaxın dostlarından idi…Əgər Goranboydan, Qızılhacılıdan deyildisə, niyə goranboyluların, qızılhacılıların adından danışrıdı?

Sonuncu fakt: 2011-ci ildə yenə kəndimizə, məzuniyyətə gəlmişdim ailəmlə…Elə oldu ki, rayon xəstəxanasında cərrahiyyə əməliyyatı keçirəsi oldum, müayinə zamanı ürəyimdə də müəyyən problemlər olduğu üzə çıxdı və Bakıya döndükdən sonra bir nəfərin məsləhəti ilə məşhur Kordiologiya İnstitutuna, həkim yanına getdim…

Müayinə zamanı həkimim soruşdu ki, hansı rayondansınız, dedim ki, Goranboydan, Qızılhacılıdan…Güldü…Mən də dərhal maraqlandım ki, nəyə görə soruşur, dedi ki, ləhcəniz doğma gəldi, mənim də əslim Qızıhacılıdandır, məşhur ələkbərovlardanam…Utandığımdan daha soruşmadım ki, Müzəffərin, yoxsa, Şahmarın qızısan…Hə, əzizlərim, indi gördüklərimə, şahidi olduqlarıma inanım, yoxsa…

Həm də ona təəssüf etdim ki, şərh yazan əzizlərim Qızılhacılının bircə probleminə belə toxunmayıb…Öz işləridir, nə deyə bilərəm, təki güllük-gülstanlıq olsun…Amma vallahi də, billahi də “güllük-gülüstan”lığın “g”-dan belə əsər-əlamət yoxdur…

Məni qəbul etməyə də bilərsiniz, bu da sizin haqqınızdır…Amma…Bu gün yüzlərlə qızılhacılılı, o cümlədən, minlərlə goranboylu Bakımızda, paytaxtımızda yaşayır, içlərində pulluları, imkanlıları, tanınmışları, vəzifəliləri, adlı-sanlıları, titulluları az deyil, olsun, fəxrimizdir…

Amma qeyri-təvazökarlıq, özündənrazılıq kimi səslənməsin: Goranboyu, Qızılhacılını Bakıda, baş şəhərimzdə aktiv şəkildə- layiqincə təmsil edən, ölkədə tanınan 3-5 ziyalıdan biri də mənəm…Bəlkə kimsə məni öz doğma kəndimdə tanımaya bilər, amma az qala ölkənin yarısı, siyasi və ziyalı elitası məni yaxşı tanıyır…

Bunları da Allahımın və öz ağlımın, qabiliyyətimin, valideynlərimin xeyir-duası sayəsində əldə etmişəm, nə “əmim”, nə də “daydayım” olub…

Həm də məhz dövlətim və dövlətçiliyimiz ( əsl-peşəkar media da onun bir tərkib hissəsidir) qarşısında xidmətlərimə görə, iki il ərzində (ümumilikdə son beş il ərzində) ölkə Prezidenti tərəfindən iki dəfə təltiflənmişəm…2015-ci ildə “Tərəqqi” medalı almışam, 2017-ci ildə “Jurnalistlər binası”ndan haqq etdiyim mənzillə təltiflənmişəm…Bunlar da “ala gözlərimə” aşiq olunduğu üçün verilməyib, əməyimə, zəhmətimə, peşəkarlığıma görə, verilib…

Hə, o qədər də sadəlövh deyiləm və yaxşı fərqindəyəm ki, tarixi Qızılhacılının problemlərinin həlli kompleks yanaşma tələb edir, bu-nə bələdiyyəlik, nə yerli icralıq məsələdir…Bunun üçün Maliyyə, Təhsil, Mədəniyyət, Səhiyyə nazirlikləri, “Azəravtoyol” və digər qurumlar qərar verməli, qalaqlanan problemlərin həlli istiqamətində konkret, əməli addımlar atmalıdırlar…

Nə isə, hər kəsə, məni qəbul edənlərə də, etməyənlərə də uğurlar olsun!

Böyük sevgilərlə,

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

21:09

Etikxeber.az saytının baş redaktoru və “525-ci qəzet”in parlament müxbiri

Read Previous

“Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir…”-İLHAM ƏLİYEVDƏN NÖVBƏTİ SƏRT SÖZLƏR – FOTOLAR -YENİLƏNİB – (2)

Read Next

“Artıq xəstə süni nəfəs aparatından ayrılıb, beyindaxili qanama dayandırılıb…Nisbətən yaxşılaşma müşahidə edilsə də, hazırda vəziyyəti orta-ağır olaraq qalır…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir