Məşhur idman gimnastları yenidən Bakıda bir araya gələcək

Məşhur idman gimnastları yenidən Bakıda bir araya gələcəklər. Bu dəfə Milli Gimnastika Arenası öz qapılarını məhz idman gimnastlarının üzünə açacaq.

Etikxeber.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, martın 16-dan 19-dək Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku mərhələsi keçiriləcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu kubokda 23 ölkədən, ümumilikdə 90 kişi, 46 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günündə təsnifat mərhələsi, son 2 gündə isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

2015-ci ildən etibarən Bakıda gimnastikanın bütün Olimpiya növləri üzrə dünya kuboku mərhələlərinin keçirilməsi artıq ənənəyə çevrilib. İrimiqyaslı beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili əlbəttə, ölkədə gimnastika növlərinin inkişafına böyük təkan verir və gimnastika sevərlərin sayını ildən-ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil ediləcək kubokda arenaya toplaşacaq tamaşaçılar tanınmış idman gimnastlarının təqdimatında güc, zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olacaqlar. Yarış boyunca keçiriləcək əyləncəli fləşmoblar, maraqlı müsabiqələr gimnastika sevərlərə fərqli gün yaşadacaq.

Məşhur kişi idmançıları arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiadanın gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə üçqat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (Özbəkistan) kimi məşhur gimnastlar yer alır.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Avropa Oyunlarının beşqat mükafatçısı, Olimpiya Oyunlarının finalçısı Oleq Stepko, Murad Ağarzayev, Timur Bayramov, Bense Talas, qadın idman gimnastlarının turnirində Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.

Etikxeber.az

Read Previous

“Azəriqaz” yenə İsmayıllını qazsız qoyur

Read Next

Statistika Komitəsi: Dəniz nəqliyyatı ilə daşınan yüklərin 94,1 faizini tranzit yüklər təşkil edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir