“Maliyyə tutumlu məsələlər, imtiyazlar məsələləri var ki…” – RAFAEL HÜSEYNOV

“Kinematoqrafiya haqqında” və “Yazılı abidələr haqqında” qanunlarımız olacaq

Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasının gündəliyinə 9 məsələ daxilib.

Etikxeber.az-ın xəbərinə görə,  bunlar Mədəniyyət komitəsində 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat, Mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyası üçün iş planı, o cümlədən, “Televiziya və radio yayımı haqqında” , “İctimai televiziya və radio yayımı haqqında” , “Teatr və teatr fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” , “Mədəniyyət haqqında”  və “Milli arxiv fondu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələridir.

İclasda, həmçinin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” Sazişin təsdiq edilməsi məsələsi də müzakirəyə çıxarılıb.

Qeyd edək ki, Mədəniyyət komitəsinin 2018-ci ilin payız sessiyası üçün iş planında bir neçə yeni qanun layihəsi nəzərdə tutulur. Həmin qanun layihələri isə bunlardır: “Kinematoqrafiya haqqında”, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Kabel şəbəkəsi  yayımı haqqında”

İclası açan MM-in Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov bildirib ki, ötən dövrdə komitə üzvlərinin sayı bir qədər də artıb.

raf-rafa

Millət vəkili, yazıçı Hüseynbala Mirələmov komitəyə üzv qəbul edilib.

Sonra Azərbaycan Parlamentinin yüz illiyi məsələsinə toxunan  R. Hüseynov bildirib ki, bu, Azərbaycan tarixin ən şərəfli səhifələrindəndir:

“Düz 100 il öncə Azərbaycanda parlamentarizmin əsası qoyuldu. 1918-ci ildə Azərbaycan Parlamenti yaradıldı və indi bu tarixdən 100 il keçir. Bu ayın 20-də də bu tarixi hadisə ilə bağlı Milli Məclisin təntənəli iclası keçiriləcək. Həmçinin, parlamentimizin 100 illiyi ilə bağlı komitəmizin də özünün bir cox tədbirləri olacaq”.

Komitə sədri sonra deyib ki, “Yazılı abidələr haqqında” qanun layihəsinin “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi ilə bağlı işlər yekunlaşdıqdan sonra müzakirələrə çıxarılması nəzərdə tutulur.

“Kinematoqrafiya haqqında” qanuna gəlincə komitə sədri deyib ki, bu yöndəki mövcud  qanun tam yeniləndirilib və yeni variant hazırlanıb:

“Ancaq burada maliyyə tutumlu məsələlər, bir sıra imtiyazlar məsələsi var. Bu məsələlərlə də bağlı Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi ilə bağlı danışıqlar, müzakirələr davam edir. Onların müsbət rəyi, razlığı olduqdan sonra bu qanun layihəsi müzakirələrə çıxarılacaq. Bu il həm də Azərbaycan kinosunun yaranmasının 120 ili tamam olur. Bu, böyük mədəniyyət hadisəsidir və belə bir əlamətdar tarixdə adıçəkilən qanunun qəbulu kinomuzun 120 illiyinə böyük töhfə olardı”.

R.Hüseynov “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin də hazırlanmasının və qəbulunun nəzərdə tutulduğunu bildirib.

Komitə sədri qeyd edib ki, bu sənədin hazırlanması ilə bağlı ilk öncə ictimai dinləmələrin keçirilməsi planlaşdırılır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bələdiyyələrdən yaşıllıqların uçotu barədə məlumat vermək tələb ediləcək

Read Next

Siqaretlə bağlı məsələni yaradıcılığa “tətbiq etmək” düzgün deyil – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir