Maliyyə Monitorinqi Xidməti 4 nəfərin adını “qara siyahı”ya saldı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin fevralın 22-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

MBNP-dən Etikxeber.az-a verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Məlumata görə, 4 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxslər Bassam Əhməd Əl-Həsri, İyad Nəzmi Salih Xəlil, Qalib Abdullah Əl-Zahidi, Nayif Salih Səlim Əl-Qaysidir.

Qeyd edək ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidirlər.

Etikxeber.az

Read Previous

“İLK ALQIŞIN ƏKS-SƏDASI” – Akademik yazır

Read Next

Sabiq deputatdan komitə sədrinə etiraz: “İnsanların hissləri ilə oynamaq olmaz”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir