“Manaf həm oxuyur, həm işləyirdi, işləməkdən də gözləri qıpqırmızı qızarardı…”-EVİN TƏK OĞLU, ATASINI VAXTSIZ İTİRƏN, ŞƏHİDLİYİNDƏN 8 AY KEÇƏN MANAF BƏHMƏNLİNİN ANASI SURAY BƏHMƏNOVA – FOTOLAR

Bu gün daha bir Şəhidimizin ailəsinə baş çəkdim, ailəsini ziyarət etdim…

Nur üzlümüz, evin tək oğlu, atasını vaxtsız itirən Bəhmənli Manaf Bəhmən oğlunun nur simalı anası Suray ananı və bacısı Mina xanımı…

İkinci Vətən Müharibəsinin İgidlərindən, Qəhrəmanlarından olan Şəhidimiz 1998-ci ilin yanvarın 2-də Rusiyada anadan olub…

Sonra ailəsi ilə Azərbaycana, doğma yurdlarına, Yevlaxa dönüblər…

Ailədə bir bacı, bir qardaş olublar…

Bacısı Mina evin böyük övladı, Manaf isə evin kiçik övladı olub…

Bacısı ilə birlikdə Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı tam orta məktəbə gediblər…

2012-ci ildə, fevralın 28-də atalarını çox vaxtsız-erkən itiriblər və həmin gündən ali təhsilli anaları Suray xanım onlara həm analıq, həm də atalıq edib…

2013-cü ildə bacısı Mina Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinə daxil olduğu üçün Bakıya köçüblər, 2020-ci ilin yanvarına qədər Yasamalda kirayələrdə yaşayıblar…

Şəhidimiz 2013-2015-ci illərdə xalasıgildə, Yevlaxda yaşayıb və orada təhsilini başa vurduqdan sonra, 2015-də bacısı kimi BDU-nun mexanika-riyaziyyat fakültəsinə daxil olub… Və ali təhsil aldığı gündən, birinci kursdan da AMEA-nın institutlarından birində mühafizəçi işləyib…

Həm oxuyub, həm işləyib… 2020-ci ildə də BDU-nu bitirib…BDU-nu bitirəndən də dərhal sonra əsgərliyə-hərbi xidmətə yollanıb…Hərbi xidmətini Daşkəşən-Murov istiqamətində yerinə yetirməyə başlayıb…

Və İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də Murov istiqamətində döyüşlərə atılıb…Və elə müharibənin ilk günündə də qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Ailəsinə, anasına isə həmin gün-axşam saatlarında Şəhidliyi xəbəri verilib və 28-də də nəşi Bakıya, Binəqədidəki-yeni köçdükləri (2020-ci ilin yanvarından) evlərinə gətirilib, Biləcəri qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb…

İgidimiz, Şəhidimiz ölümündən sonra dövlətimiz, Ali Baş Komandanımız tərəfindən medallarla – “Vətən uğrunda” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub…

Həmçinin, vaxtilə oxuduğu Yevlax şəhər 2 saylı məktəbdə adına guşə açılıb…

Amma çox təəssüflər olsun ki, BDU-nu bitirməyindən 10, Şəhidliyindən isə 8 ay keçməsinə baxmayaraq, Şəhidimizin diplomu hələ də ailəsinə, acılı, kədərli, həm də qürurlu anasına verilməyib…

İnanmaq istəyirik ki, bu laqeydlik tezliklə aradan qaldırılacaq və diplomu anasına, ailəsinə təqdim edilməklə, Şəhidimizin ruhu sevindirilmiş olacaq…

Şəhidimizin anasının dediklərindən:

“Oğlumu axırıncı dəfə Müharibədən, Şəhidliyindən bir həftə əvvəl görmüşdüm, yanına getmişdim…Bir az arıqlamışdı, soruşdum ki, niyə arıqlamısan, əlini qarınına vurdu ki, idman edirəm, hər gün gördüyün o dağı çiyinlərimdəki 35 kililoq yüklə qalxıram…Axırıncı dəfə telefon danışığımız isə sentyabrın 25-də oldu və hər şeyin yolunda, qaydasında olduğunu dedi…Və iki gün sonra Müharibə başladı və elə həmin gün də Şəhid oldu…28-də də nəşi torpağa tapşırıldı (Gözləri dolur)…

Mənimlə eyni gündə-yanvarın 2-də anadan oldu, atası ilə də eyni gündə, 28-də torpağa tapşırıldı (Göz yaşlarını saxlaya bilmir)…Ali məktəbə girdiyi gündən də işləməyə başladı, həm oxudu, həm də işlədi…İşləməkdən gözləri qıpqırmızı qızarardı, qan çanağına dönərdi…Çox böyük arzuları, xəyalları vardı, hamısı yarımçıq qaldı…”

“Manafın istədiyi qız vardı…Bir qrupda oxumuşdular…Hətta əsgərlikdən bir həftə qabaq Manafa dedim ki, istəyirsən, zəng edim, elçi gedim…Dedi ki, ana, özümüz danışmışıq, məni gözləyəcək, əsgərlikdən sonra nişanlanarıq (Gözləri dolur)…Oğlum Şəhid olandan sonra həmin qız bir neçə dəfə bizə gəlib…Çox yaxşı qızdır…Çox heyf ki, balamın toyunu da edə bilmədim, bu arzum da gözümdə qaldı…”-deyə, Şəhidimizin anası əlavə edir…

Şəhid anası ilə bir qədər də söhbətləşdikdən, dərdləşdikdən sonra bir daha başsağlığı diləklərimi çatdırıb, onlardan ayrıldım…

Sabah, mayın 28-də Şəhidimizin torpağa tapşırılmasından 8 ay keçir…

Düz 8 ay…8 ay keçir ayrılığından, Şəhidliyindən…

Nur içində yatsın, nur üzlü Şəhidimiz!

Məkanı cənnətlik, məzarı behiştlik olsun!

Ruhu qarşısında baş əyirəm!

Allah rəhmət etsin, anasına və bacısına səbr versin!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

27.05.2021, Binəqədi

Etikxeber.az

Read Previous

“Qardaşlıq və əməkdaşlığımızın regionumuzda sülh, sabitlik və rifahın ən böyük təminatı olduğuna inamım qətidir”-ƏRDOĞAN ƏLİYEVİ TƏBRİK ETDİ

Read Next

Azərbaycanda 28 May Respublika Günü-QEYD OLUNUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir