Masal kimi və ya Azərbaycanın ikinci “Çin”i… – FOTOLAR

Masal kimi Masallı…

İlk dəfə idi ki, Masallı rayonuna səfər edirdim.

Düzdür, 2001-ci ildə də Masallıda olmuşdum, amma gecə vaxtı, cəmi 7-8 saatlıq. Həmin vaxt hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı ilə bağlı  Lənkəran şəhər təşkilatının konfransı keçirilirdi və Lənkəranda qalmağa yer olmadığı üçün konfransa gələn jurnalistləri gecə ilə Masallıdakı otelə (o dövr üçün ən müsair otel sayıla bilərdi) gətirdilər. Bunu nəzərə almasam, ilk dəfəydi ki, adı kimi masal olan Masallıda olurdum. “Masal” demişkən, yaxşı xatirimdədir, 1993-cü ilin lap əvvəlləri idi, Qarabağ müharibəsinin ən qızğın vaxtlarıydı. O zaman Xalq yazıçısı Anar başda ölmaqla ölkənin tanınmış ziyalıları, ədəbiyyat, incəsənət xadimləri-şəhid atası mərhum Xəlil Rza Uluturk, sonradan oğlu şəhid olan mərhum Xalq yazıçısı Sabir Əhmədli, Xalq şairləri-mərhum Qabil, Fikrət Qoca və digərləri bölgələrə səfərlər edir, yerli sakinlərlə görüşür, milli-vətənpərvərlik ruhunun artırılması işinə öz töhfələrini verirdilər.

Həmin səfərlərdən biri də Masallı rayonuna təşkil edilmişdi. Həmin səfər çərçivəsində Masallı sakinləri ilə keçirilən geniş toplantıda çıxış edən rəhmətlik Xəlil Rza Uluturk  rayonun adının təbii gözəlliklərinə “masal” sözündən götürüldüyünü, “masal”ın isə Türkiyə türklərinin ləhcəsi ilə “nağıl, nağılları aləmi” anlamı verdiyini bildirdi. Düzünü desəm, həmin vaxta kimi Masallının nə anlam daşıdığına fikir verməmişdim, amma düz 25 ildir ki, mərhum şairimizin sözləri qulaqlarımdan getmir və həqiqətən də, Masallı bu gün  adının haqqını verir, təbii gözəlliklərinə, yaşıllıqlarına, şəfalı yerlərinə, istirahət məkanlarına və inkişafına görə, sanki nağıllar aləminə bənzəyir…

***

Cənub və ya nicat  yolu…

Onu da xatırladım ki, sonuncu dəfə ümumən Cənub bölgəsində (Lənkəranda) 8-9 il öncə olmuşdum və ora gedib çatacan bir Allah bilir ki, yolboyu nə əzablar, əziyyətlər çəkmişdim…Ona yol demək də günah olardı, Bakıdan düz Lənkəranacan (ümumilikdə  Cənub-İran sərhəddinəcən) yeganə magistral yol çox bərbad, baxımsız vəziyyətdə, yamaqlar, çala-çuxurlar içindəydi və sairə…Bu yerdə qeyd edim ki, ölkə üzrə son illər avtoqəzaların demək olar ki, tən yarısı məhz bu yolun “payına” düşürdü…Ən ağır, ən facəvi, çoxsaylı insan ölümləri ilə nəticələnən yol qəzaları məhz bu yolda baş verirdi…Və bu məsələni də hər dəfə həm mediada, həm  parlament kulualarında ən çox Masallıdan olan millət vəkili Elmira Axundova və Lənkəranı təmsil edən millət vəkili Hadi Rəcəbli dilə gətirir, həyəcan təbili çalırdı…Onlar bu yolun dözülməz vəziyyətdə olduğunu, gediş-gəlişin az qala cəhənnəm əzabına çevrildiyini, həmçinin, ölkədə turizmin inkişafı yolunda böyük əngələ çevrildiyini (çünki Cənub zonası təbiətinə görə turizm üçün ən əlverişli məkanlardan biri sayılır) bildirdilər…Çox sevindirici və əlamətdar haldır ki, ölkə rəhbərliyi Cənub zonasından olan insanların, necə deyərlər, səsinə səs verərək, həmin yolun tam yenidənqurulması, daha doğrusu, ən müasir standartlara cavab verən alternativ yolun salınması üçün addımlar atdı. Ölkə başçısının imzaladığı sərəncamla Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisinə başlanıldı.

masal-yol

Məlumat üçün bildirim ki, mövcud övlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Sifarişçisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olan yolun podratçı şirkətləri Azərbaycanın “Evrascon-AzVirt” Birgə Müəssisəsi, Türkiyənin “Kolin İnşaat Sanayi Turizm və Ticarət”, həmçinin “Özgün Yapı Sənaye və Ticarət”, o cümlədən digər nüfuzlu xarici şirkətlərdir. Yolun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib. Yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri cari ildə yekunlaşdırılıb. Bu hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verilib. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırılıb.

Avtomobil yolunun 2011-2018-ci illərdə yeni istiqamət üzrə tikilən ümumi uzunluğu 173 kilometr olan Yenikənd-Astara hissəsində layihə üzrə bir sıra işlər həyata keçirilib. Layihənin Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol bataqlıq-göl ərazilərdən keçdiyi üçün burada torpaq xüsusi texnologiya ilə bərkidilib və yol yatağının tikintisi zamanı 1,2 milyon ton qaya-daş dolğusundan istifadə olunub.Ümumilikdə, magistral yolboyu 24 körpü, 66 yeraltı keçid, 25 yolötürücü və yol qovşağı, 4 tunel, 51 kilometr çiyinlərdə suaxıdıcı beton küvetlər tikilib, 5 istirahət parkı salınıb, 166 kilometr ayırıcı zolaqda dəmir-beton təhlükəsizlik və 140 kilometr çiyinlərdə metal mühafizə çəpərləri, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb və yol-cizgi xətləri çəkilib. Nəhayət,  bu ilin sentyabr ayının 18-də ölkə prezidenti cənab İlham Əliyevin Cənub rayonlarına səfərləri zamanı həmin alternativ və ödənişli yolunu açılış mərasimi keçirilib. Məlumatlara görə, avtomobil sahibləri ilin sonlarından ödəniş ödəməyə başlayacaqlar və hər kilometrə görə də cəmi 4 qəpik ödəyəcəklər.

Və qeyd edim ki, Masallıya da cəmi bir saat 45 dəqiqəyə çatdım, gözümü açdım ki, artıq Masallıdayam…Son dərəcədə komfort bir yol…

***

masallıda bakı prospekti

Masallının öz “Bakı”sı …

Rayonda səfərdə olarkən Masallıda “Bakı” adlı prospektin salınması xəbərini eşitdim və bunu öz gözlərimlə gördüm. Belə ki, həmin Cənub yolunun istifadə yerilməsi qarşılığında masallılar da “borclu” qalmaq istəmirlər və ona görə könhə Masallı-Lənkəran yolunu “Bakı” prospekti adlandırmağa qərar veriblər. Bu işin əsas təşəbbüsçüsü və dəstəkçisi isə ilk növbədə bu rayona 2011-ci ildən uğurla və əzmlə rəhbərlik edən icra başçısı Rafil Hüseynovdur. İcra Hakimiyyətinin işçiləri də, yerli sakinlər də yolun məhz Bakının ismi ilə adlandırılmasından qürur duyduqlarını, xüsusilə,  bu məsələdə bir ilkə imza atmalarından fəxr etdiklərini bildiriblər və əlavə ediblər ki, Bakı bütövlükdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin şərəf tarixdir.

masall-yol

Yeri gəlmişkən, sentyabrın 18-də ölkə başçısının Masallıya səfəri zamanı əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun da açılışı olub. Yolun yenidən qurulması isə ölkə prezidentinin bu il iyulun 23-də imzaladığı sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Ötən illər (2011-2018-ci illər) ərzində ümumilikdə Masallıda117 km yol yenidən qurulub və əsaslı şəkildə təmir olunub. Bunların da 75 km-i dövlət büdcəsindən ayrılmış vəsait (xüsusilə, ölkə başçısının sərəncamı ilə ayrılmış vəsaitlər hesabına), 42 km-i isə yerli (daxili) imkanlar hesabına təmir olunub, yenidən qurulub.

elmira-2

Elmira Axundova: “Masallı-Lənkəran yolunun bir hissəsinin doğma paytaxtımızın adı ilə adlandırılması çox sevindirici və  qürurvericidir”

Masallı rayonunu parlamentdə təmsil edən millət vəkili, Xalq yazıçısı Elmira Axundova da həm Bakı prospektinin salınmasının, həm Cənub zonasına gedən yolun istifadəyə verilməsinin, həm də Masalıda yolların təmir və bəpasının çox mühüm addımlar və bu məsələlərin həllində ölkə prezidentinin müstəsna xidmətləri olduğunu vurğulayıb. O, qeyd edib ki, həm Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun, həm 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi və istifadəsi bu bölgənin insanlarının rahatlığının təmin edilməsi, gediş-gəlişin daha da yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin və ölkə prezidentinin növbəti töhfələrindəndir:

“Biz bunlara görə Azərbaycan dövlətinə və cənab prezidentə öz dərin minnətdarlğımızı bildiririk. Eyni zamanda, təmsilçisi olduğum Masallıda Bakı adlı prospektin salınması, daha doğrusu, Lənkəran-Masallı yolunun bir hissəsinin doğma paytaxtımızın adı ilə asdlandırılması çox sevindirici və  qürurvericidir. Masallıda yolların müsair standartlara uyğun şəkildə qurulması, kənd, qəsəbə yollarının yenidən salınması insanlarımız, yerli sakinlər tərəfindən çox yüksək şəkildə qiymətləndirilir. Çünki, bu, ilk növbdə onların özlərinin rahatlğının təmin edilməsi deməkdir və bu işdə Masallı rayon rəhbərliyinin, icra başçısının da əməyi, zəhməti təqdirəlayiqdir”.

***

masal-bulvar

Dənizkənarı Bulvarın yeni adaşı – Viləş park-bulvar kompleksi…

…Sovetlər dövründən ta son illərə kimi bulvar deyiləndə gözümüz önünə yalnız Xəzərin sahilində, yəni, paytaxt Bakıdakı bulvar gəlirdi.Digər bölgələrdə bulvar-park komplekslərinin salınması təsəvvürə belə gətirilmirdi. Amma müstəqil dövlət olmanın üstünlüklərindən biri də budur ki, Azərbaycanda ağıla  və təsəvvürə gətirilməyən bir çox məsələlər, layihələr məhz son illərdə gerçəkləşdirilməyə başlanılıb. Bu da təbii ki, Azərbaycan dövlətinin gücü, iradəsi və iqtisadi inkişafı ilə birbaşa bağlı olan məsələdir, məhz onun göstəricisidir. Qeyd edim ki, Bakıdakı Dənizkənarı Bulvarın davamı olaraq, artıq bəzi bölgələrimizdə-dənizə və çaylara yaxın olan yaşayış məntəqələrimizdə də bulvar-park komplekslərinin yaradılmasına start verilib. Bunlar arasında  Masallıda salınan Viləş park-bulvar kompleksiningöstərmək olar.Artıq xeyli müddətdir ki, bulvarın tikintisi üzərində işlər sürətli şəkildə davam edir.

Hətta, bulvara xeyir-dua verənlər arasında ölkə prezidenti də var. Belə ki, bu ilin sentyabr ayının 18-də Masallı rayonunda səfərdə olan və bir çox açılışlarda iştirak edən  ölkə prezidenti Masallı bulvarındakı işlərin gedişatı ilə yaxından maraqlanıb, öz tapşırıq və göstərişlərini verib.Hətta, ən maraqlısı odur ki, ölkə prezidenti Masallıda bulvar salınmasını xəbər alan kimi, hərəkət istiqamətini (qrafikini) dəyişib və birbaşa bulvar salınan əraziyə gedib.

Rayon mərkəzində salınan bulvar təxminən iki kilometr uzunluğunda olacaq.Bulvar-park kompleksinin yaradılması yerli sakinlər, Masallı ziyalıları, o cümlədən, həmin bölgəni parlamentdə  təmsil edən millət vəkilləri tərəfindən də çox müsbət və razılıqla qarşılanır və qarşılanmaqdadır. Bulvar-park kompleksinin yaxın aylarda tamamlanması və istifadəyə verilməsi gözlənilir.

***

Azərbaycanın “Çin”i…

Hər bir dövlətin, millətin var olma, yaşam səbəblərindən biri də əhali artımı, demoqrafik təhlükəsizlik məsələsidir. Son statistik göstəricilərə görə, artıq Azərbaycan əhalisinin sayın 10 milyonun üzərindədir. Son illər əhali, uşaq doğumu sayında nisbi artım müşahidə olunmaqdadır. Və ən maraqlı və diqqətçəkən məqamlardan biri də odur ki, son illər ən çox arım, ən çox uşaq doğumu məhz Masallının payına düşür.  Masallı rayon İcra Hakimiyyətinin rəsmi veb-saytında rayonun əhalisi haqqında verilən məlumata əsasən 1 yanvar 2014-cü il tarixinə rayonun əhalisi 211.9 min (1 km²-ə 294 nəfər əhali düşür) nəfərdir. Amma Masallıda olarkən, bu rəqəmin son 4 ildə bir qədər də artdığı, rayon əhalisinin sayının 226 min keçdiyi məlum oldu. Masallılar özləri də bu artımdan məmnundurlar və təsadüfi deyil ki, özlərinin “Azərbaycanı Çin”i adlandırırlar…

***

Şikayətlərin, müraciətlərin sayı azalmaqdadır, çünki…

masalli-yeni-1

masalli-nemet

Ümumiyyətlə, Azərbaycanın bölgələri arasında inkişaf, tikinti-abadlıq,quruculuq işlərinə, yeni-yeni iş yerlərinin, müəssüsələrin açılmasına görə Masallı ön cərgədə addımlayan rayonlardandır. Bunu rayona ayaq basarsən ilk addımdan hiss etmək mümkündür. Rayonda ölkə prezidentinin də iştirakı ilə Masallı Sənaye Məhəlləsinin istifadəyə verilməsini, “ASAN XİDMƏT” Mərkəzinin regional ofisinin məhz Masallıda açılmasını, müasir standartlara cavab verən və göz oxşayan  Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun filalının yenə də Masallının payına düşməsini,  “Masallı – Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsinin işə düşməsini, yolların təmirini, hətta, kənd və qəsəbələrarası yoların bərpasının az qala100 faizə çatdırılmasını, insanlara asudə vaxtlarını və istirahətlərini təmin etmək üçün göz oxşayan parkların, yaşıllıqların, istirahət məkanlarının salınmasını və sairəni misal kimi qeyd etmək olar. Həmçinin, rayonda qazla və elektrik təminatı sahəsində demək olar ki, problem yoxdur. Qazlaşdırma tam başa çatmaq üzrədir.

Həmçinin, Cənub yolunun istifadəyə verilməsi ilə Masallıya turustlərin axını müşahidə olunmaqdadır. Son illər Masallıya gələn yerli və xarici turistlərin sayı 20 mini ötüb. Rayonda “İstisu” İstrahət və Sağlamlıq Mərkəzinin tam istifadəyə verilməsi ilə Masallıya dincləmək, istirahət etmək üçün gələnlərin sayının gələcəkdə daha da artacağı, bunun da nəticə etibarı ilə rayonun inkişafına, əhalinin sosial-iqtisadi güzarının daha yaxşılacağına müsbət töhfə verəcəyi qeyd olunur.

Eyni zamanda,70 illik sovetlər dönəmində olmayan bir hadisə bu il Masalıda yaşanıb. Belə ki, keçmiş sovetlər, o cümlədən, müstəqillik illərində Masallıda əkilib, becərilən torpaq sahələri 17 min hektarı keçməyib,  amma bu il bu rəqəm 18 minə çatıb ki, bu da Masallının tarixində mühüm hadisə hesab olunur. Maraqlı məqamlardan biri də odur ki, son zamanlar istər yerli İcra Hakimiyyətinə, istərsə də, rayonu təmsl edən millət vəkillərinə ünvanlanan şikayətlərin, müraciətlərin sayında azalma tendensiya hiss olunur. Xüsusilə də, gənclər arasında şikayət edənlərin sayının azaldığı hiss olunur ki, bu da Masallıda yeni iş yerlərinin açılması ilə əlaqələndirilir və bu istiqamətdə  də işlərin sürətləndirilməsi, daha yeni iş yerlərinin açılması nəzərdə tutulur…

***

masal-goz xestexanasi

Masal-rayon xestexanasi

masal-cihaz

Bölgələr üçün nümunə sayılacaq Masallı səhiyyəsi və ya…

Masallının son illərdəki ən böyük üstünlüklərindən biri və bəlkə də birinci rayon səhiyyəsinin ölkənin digər səhiyyə ocaqları ilə müqayisədə daha çox inkişaf etməsidir, desəm, yanılmaram. İkigünlük səfərim və müşahidələrim zamanı özüm bunun canlı şahidi oldum. Masallı səhiyyəsində böyük inkişaf, tərəqqi yaşanır. Ötən əsrin 90-ci illərində yaşanan məlum iqtisadi çətinliklərlə, həmçinin, səhiyyədə başlanılan islahatlarla əlaqədar bir çox bölgələrdə səhiyyə ocaqlarının sayının azalmasına, çoxlarının yerli-dibli ləğv olunmasına baxmayaraq, Masallıda olan səhiyyə ocaqları qorunub, saxlanılıb, hətta, inkişaf etdirilib, yeniləri əlavə olunub. Belə ki, bir çox bölgələrdə mərkəzi xəstəxanalar sağlmalıq mərkəzlərinə çeveilsələr də, Masallının Rayon Mərkəzi Xəstəxanasını qoruyub, saxlamaq mümkün olub.

Bununla yanaşı, rayon əksər kənd və qəsəbələrində tibb məntəqələri, poliklinikalar, xəstəxanlar, o cümldən, Boradigah qəsəbə, Kalinovka  kənd sahə xəstənaları, Rayon Mərkəzi Xəstxənası tam müasir standartlara cavab verən vəziyyətə gətirilib. Sanki yeni xəstəxanlar tikilib. Bununla yanaşı, ətrafda inkişaf səviyyəsinə görə, Masallıdan geri qalmayan Lənkəran şəhəri və Cəllabad rayonlarının olmasına baxmayaraq, müalicə, müayinə olunmaq üçün ən çox üz tutulan bölgə Masallı rayonudur, desəm, yenə də yanılmaram, başqalarının haqqını tapdalamaram…Nəinki  rayon əhalisindən, o cümlədən, ətraf bölgələrdən, hətta, Masallıdan məsafəcə qat-qat uzaq olan bölgələrdən bura müalicə-müayinə olunmağa gələnlər çoxluq təşkil edir. Bunu Rayon Mərkəzi Xəstəxanasında, o cümlədən, Ağciyər Xəstəlikləri Xəstəxanasında olarkən bir daha gördüm.

masal-mirrehim hekim

Mirrəhim Nəbiyev: “Öz işimdən, öz sənətimdən, öz taleyimdən çox razıyam”

Ağciyər Xəstəlikləri Xəstəxanasından söhbət düşmüşkün, bu xəstəxanı artıq 55 ilə yaxındır ki, mövcuddur. 1964-ci ildən fəaliyyət göstərən xəstəxana 35 çarpayılıqdır və orada olduğum ərəfədə 34 xəstəyə qulluq göstərilirdi, 34 nəfər vərəm xəstəliyindən müalicə olunurdu. Xəstəxanada da xəstələrin müalicə müayinəsi üçün hər cür şərait yaradılıb. Hətta, ölkənin bir çox xəstəxanlardında olmayan müasir tibbi avadanlıqlar məhz bu xəstəxanada var. Bunu söhbətində xəstəxanın gənc olmasına baxmayaraq, artıq böyük hörmət-izzət sahibinə çevrilmiş baş həkimi Mirrəhim həkim özü də dilə gətirdi. Qeyd etdi ki, elə aparatlar, elə cihazlar, tibbi avadanlıqlar var ki, onlar ancaq burada və bir də Respublika Ağciyər Xəstəliklərin İnstitutundadır. Xüsusilə, də bəlğəmin tam müəyyən olunması ilə bağlı ən müsair tibbi avadanlıq buradadır ki, bu da xəstəliklərin müalicəsi və müayinəsində çox böyük effektiv təsirini göstərir. Xəstəxanada hazırda 6  həkim, 13 orta tibbi işçisi fəaliyyət göstərir.

masal-aqciyer xest

Qeyd edim ki, digər xəstəliklərlə müqayisədə vərəm xəstəliyi ilə məşğul olan həkimlər arasında gənclər nisbətən azlıq təşkil edir. Amma Mirrəhim həkim öz işindən, öz sənətindən çox razıdır. Hətta, Sumqayıtda oxumasına, böyüməsinə baxmayaraq, öz doğma elində, Masallıda işləməyə üstünlük verib və buna görə də peşman deyil. Qeyd edir ki, artıq bir neçə il öncə ona etimad göstərilərək, xəstəxanaya baş həkim təyin edilib və bu baxımdan da çalışır ki, göstərilən etimadı doğrultsun:

“Öz işimdən, öz sənətimdən, öz taleyimdən çox razıyam. Heç zaman nəyəsə görə təəssüf, peşmançılıq hissi keçirməmişəm. Əgər xəstəxanamıza gələn xəstələr buradan şəfa tapıb, evlərinə, ocaqlarına dönürlərsə, bu, mənim, eləcə də, kollektivin ən böyük uğuru və xoşbəxtliyidir. Tərifləmək kimi də çıxmasın, xəstəxanamıza nəinki Masallıdan və ya Cənub bölgəsi rayonlarından, həmçinin, Xaçmazdan və digər rayonlarımızdan gələnlər var. Bu, onu göstərir ki, biz işimizin öhdəsindən gələ bilirik, insanlar buradan şəfa tapıb gedirlər. Bu, elə nəyə desən dəyər…”.

Aygün Quliyeva: Bunlar ömrünün ən gözəl səhifələridir

masal-boradigah

Boradigah qəsəbə sahə xəstəxanasında da gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Son dərəcədə müsair səviyyəli bir xəstəxana, heç deməzsən ki, kənd, qəsəbə xəstəxanasıdır. Şəhər xəstəxanları ilə müqayisə oluna bilər…Təmizlik, səliqə-səhman, xəstələrə, pasiyentlərə də qulluq öz yerində…Tarixi nə az-nə çox, 1906-ci ildən başlayan Boradigah xəstəxanası hazırda 15 çarpayılıqdır. Əvvəllər qəsəbədə iki xəstəxana 75 çarpayılıq ümumi xəstəxana, 25 çarpayılıq uşaq xəstəxanası olsa da, sonradan hər iki xəstəxana birləşdirilib və hazırda da 15 çarpayılıq Boradigah xəstəxanası qəsəbə, yaxın kənd sakinlərinin qulluğundadır. Xəstəxanada əvvəllər xeyli çətinliklər olsa da, rayon rəhbərliyinin, həmçinin, rayon Səhiyyə İdarəsinin, baş həkim Cəlil Nəzərovun yaxından köməyi və dəstəyi sayəsində xəstəxanada böyük işlər görülub, 2013-cü ildə təmirə dayandırılan xəstəxana 2014-ci ildə tamamilə yenilənib və son dərəcədə müsair vəziyyətə gətirilmiş halda istifadəyə verilib.

Xəstəxananın baş həkimi Aygün Quliyeva da artıq bir neçə ildir xəstəxanaya rəhbərlik etdiyini və öz işini sevdiyini bildirir. Qeyd edir ki, bunlar onun ömrünün ən gözəl səhifələridir:

masal-borad xestexanasi

“Xəstəxanamızı belə bir səviyyədə görmək mənim üçün böyük xoşbəxtlikdir. Burada insanlara qulluq etmək, onların müalicə və mayinəsini, hətta, cərrahi əməliyyatları uğurlu şəkildə aparmaq hər cür şərait var. Hazırda xəstəxanamızda çalışan həkimlərin sayı 14 nəfər, orta tibbi işçilərinin sayı 33 nəfərdir. Onlar hər biri öz işinin, öz sənətlərinin peşəkarlarıdır. Bunu xəstəxanamızla qısa tanışlıq zamanı özünüz də gözlərinizlə gördünüz,  şahid oldunuz…”.

masal-celil hekim

Cəlil Nəzərov: “Hər əməliyyatdan sonra sanki yenidən dünya gəlmişəm…”

Qeyd etdiyim kimi, Masallı səhiyyəsinin bu səviyyə yüksəldilməsində ölkə rəhbərliyinin, Səhiyyə Nazirliyinin, o cümlədən, keçmiş və indiki icra hakimiiyəti başçılarının, o cümlədən, 30 ildən çoxdur ki, ömrünü bu yolda, insanlara şəfa verməkdə şam kimi əridən Cəlil həkimin böyük xidmətləri var. Cəlil həkimdən də harada söz düşürdüsə, insanların üzündə bir səmimiyyət, bir razılıq,  bir məmnunluq hiss olunurdu. Onlar Cəlil həkimdən, onun gördüyü işlərdən ağızdolusu danışırdı. İxtisasca uroloq (böyrək həkimi-cərrah) olan Cəlil həkim 1987-ci ildən, Tibbi İniversitetini bitirəndən bu yana Masallı Rayon Mərkəzi Xəstəxanasında çalışmaqdadır. Hətta, dəfələrlə başqa yerlərdən, daha nüfuzlu tibbi ocaqlarından dəvətlər alsa da, öz elində-obasında qalıb, çalışmağı daha üstün tutub. Adi həkimlikdən şöbə müdirliyinə, 2003-ci ildən isə rayon səhiyyəsinin rəhbərliyinə ucalıb, öz əməyi, öz zəhməti, öz peşəkarlığı hesabına…Ötən illər ərzində müalicə, əməliyyat etdiyi xəstələrin sayını belə unudub. Deyir ki, bəlkə də ötən illər ərzindən mindən artıq cərrahi əməliyyat aparıb və onların arasında da nəinki masallılar, həmçinin, ərtaf bölgələrindən, hətta, Masallıdan qat-qat uzaq rayonlardan olan insanlar olub:

“Hər əməliyyatdan sonra sanki yenidən dünya gəlmişəm. Keçirdiyim hiss-həyəcan, gərginlik bir andaca yox olub, gedib…Çünki əməliyyatın uğurlu keçməsi məni yenidən dünyaya gətirib, məni yenidən yaşamağa, işləməyə ruhlandırıb. Heç zaman da deməmişəm, şikayətlənməmişəm ki, əşşi, bu, nə sənətiydi, gəldim…Əksinə, hər dəfəsində özümü xoşbəxt sanmışam və demişəm ki, nə yaxşı ki, bu sənəti, həkimliyi, uroloqluğu seçmişəm…Hər bir sənət sahibi, xüsusilə də, həkimliyi seçən hər bir şəxs daim oxumalı, mütaliə etməlidir. Dayanmamalıdır, ən müsair elmi-tibbi biliklərə yiyələnməlidir. Əgər bunu etmədisə, demək olar ki, o, bitmişdir, tükənmişdir…Buna yol vermək olmaz. Daim oxumaq, mütaliə etmək, biliklərini, dünyagörüşünü arrıtmaq lazımdır. O zaman ürəklə və şəstlə deyə bilərsən ki, mən əsl həkiməm”.

Cəlil həkim uroloq kimi yetişməsində akademik Südeyif İmamverdiyevin, o cümlədən, mərhum akademik  Mirməmməd Cavadzadənin böyük rolu olduğunu bildirib:

“Mənim müəllim Südeyif müəllim olub. Ona ömrüm böyu minnətdaram. Eyni zamdanda, təhsilimi başa vurub, yeni işlə başladıqdan az müddət sonra Urologiya İnstitutuna kursa göndərildim. O zaman həmin İnstituta Azərbaycanımızın fəxri olan Cavadzadə rəhbərlik edirdi. Onun da mənim üzərində əməyi, zəhməti olub. Allah o dünyasını versin, Südeyif müəllimə isə can sağlığı, uzun ömürlər, yeni-yeni uğurlar arzulayıram”.

Cəlil həkim baş həkim təyin edilən vaxt rayondakı xəstəxana və tibb məntəqəlrinin, xüsusilə, Mərkəzi Xəstəxananın çox ağır vəziyyətdə olduğunu qeyd edərək, ötən illər ərzində səhiyyədəki problemlərin aradan qaldırılması istiqamətində dövlət və rayon rəhbərliyi səviyyəsində böyük inqilabi addımlar atıldığını bildirir:

“Bu illər ərzində rayon səhiyyəsinin inkişafı üçün çox böyük işlər görülüb. Rayonda bütün xəstəxana və tibbi mətqələri ən müasir səviyyə çatdırılıb, ən müsair tibbi avadanlıqlarla təmin olunub, yeniləri tikilib. İndi əyləşdiyimiz bu xəstəxana 2013-cü ildə çox bərbad durumda idi. Hər yer uçulub, tökülürdü. Həmin vaxt digər xəstxənalar kimi Mərkəzi Xəstəxana da təmirə dayandı və 4 ildən sonra ən müsair vəziyyətdə istifadəyə verildi. Demək olar ki, əvvəlkindən əsər-əlamət qalmayıb. Lap gününü də dəqiq deyərəm ki, 2017-ci ilin oktyabrın 19-da  xəstəxanamız əsaslı təmirdən sonra istifadəyə verildi. Onu da bildirim ki, Masallı Rayon Mərkəzi Xəstəxanası birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub”.

Məlumat üçün qeyd edim ki, 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilmiş tibb ocağı 10 korpusdan ibarətdir. Bura uşaq xəstəlikləri, yoluxucu xəstəliklər, təcili yardım məntəqəsi, təsərrüfat, mətbəx korpusları, habelə Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Masallı rayon şöbəsinin korpusu, Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin korpusları daxildir. Xəstəxana keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün avadanlıqlarla, tibbi preparatlarla tam təmin olunub. Belə ki, KT, müasir rentgen, flüoroqrafiya, USM müayinə, exokardioqrafiya, hemodializ və ən müasir süni tənəffüs aparatları, cərrahiyyə stolları, yenidoğulmuşların reanimasiya otağında müasir tibbi avadanlıqlar, stomatoloji avadanlıqlar, elektrik sorucular, travmatoloji xəstələrin müayinə və müalicəsi üçün hərəkətli rentgen aparatı və s. tibbi avadanlıqlar xəstələrə yüksək səviyyədə tibbi yardım göstərməyə imkan verir.Tibb müəssisəsinin ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

masal-goz xestexanasi

Bununla yanaşı, 2008-ci ildə oktyabrın 7-də akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallı filialının açılışı olub.

“Açılışda çox hörmətli prezidentimiz İlham Əliyev və ölkənin birinci xanımı, birinci-vitse-prezident Mehriban Əliyeva iştirak edtdi. Bu, bizlərə, masallılara dövlətimizin diqqət və qayğısının daha bir bariz nümunəsi idi. Qeyd edim ki, Masallı şəhərinin mərkəzində,akademik Zərifə Əliyeva küçəsində yerləşən yeni səhiyyə müəssisəsinin ümumi sahəsi 850 kvadratmetrdir. Filialda 6 çarpayılıq 3 palata, əməliyyat otağı, laboratoriya, ambulator, qəbul və müayinə şöbələri, konfrans salonu var. Bu gün də, yaranmasından ötən 10 ildə də bu xəstəxana xəstələrin, pasiyentlərin şəfa tapmasında öz böyük rolunu oynamaqda, davam etdirməkdədir. Bunlar mənim həyatımın unudulmaz, qızıl hərflərlə yazılacaq səhifələridir. Bunları, inkişafı gördükcə ürəyim fərəhlənir, qürurlanıram”-deyə, Cəlil həkim sözlərinə əlavə edir.

Yeri gəlmişkən qeyd edim ki, Masallıda səhiyyə ilə bağlı müsbət tendensiyalardan biri də odur ki, burada digər bölgələrlə müqayisədə bir cavanlaşma hiss olunur. Yəni, əksər bölgələrdə həkimlərin daha çox 50-70 yaşlar arasında olmasına rəğmən,burada həkimlərin cavanlaşması, gənc həkimlərin sayının artım tempi müşahidə olunmaqdadır. Özü də böyük əksəriyyəti çox dərəcədə peşəkar, bacarıqlı, ilşini bilən həkimlərdir və onlara da böyük etimad var.

masal-reanimasiya-asif hekim

masal-fikret hekim

Bunlar arasında Əziz Eldaroğlunu, Eşqin Əliyevi, İlqar Məmmədovu, Fikrət Cəfərovu, Rahid Kərəmlini qeyd etmək olar. Onlar ən müsair tibbi avadanlıqlarla, aparatlarla işləməyi bacaran, xəstələrə yüksək səviyyəli qulluq göstərən və hörmət qazanan həkimlərdəndir. Eyni zamanda, doğum şöbəsinin müdiri Xalidə Sadıqova, başdan-ayağa həkimlərdən ibarət olan, həkimlər ailəsi kimi tanınan, şöhrətlənən Əliyevlər ailəsinin nümayəndəsi, baş həkimin müavini, son dərəcədə sadə, mədəni, sakit təbiətli, eyni zamanda, işinə məsuliyyətli, tələbkar insan Asif həkimin adlarını çəkmək olar (qeyd edim ki, Asif həkimin qardaşı Əlövsət Əliyev Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimidir, bir qardaşı isə Azərbaycan Tibbi Universitetinin professorudur. Həmçinin, övladlarından ikisi həkimdir).

Asif həkim də, Xalidə xanım eyni illərdən -1976-cı ildən Masallı Rayon Mərkəzi Xəstəxanasında çalışırlar. Bütövlükdə adlarını çəkdiyim və çəkmədiyim insanlar hər biri öz işinin, öz sənətinin əsl uzmanlarıdır. Bunu xəstələrlə, cərrahi əməliyyata, həmçinin, müayinə və müalicəyə gələn yerli və kənar  şəxslərlə söhbətlərdən də eşitmək olar, necə ki, oldu da…

Ümumilikdə Masallı rayonunda əhaliyə Mərkəzi rayon Xəstəxanası, Boradigah qəsəbə sahə xəstəxanası, Kalinovka kənd sahə xəstəxanası, Vərəm Əleyhinə Xəstəxana, Gigiyena-Epidemiologiya Mərkəzi, Dezinfeksiya stansiyası,  30 kənd həkim məntəqəsi, 28 tibb məntəqəsi tibbi xidmət göstərir.  Bir daha qeyd edim ki, Vərəm Əleyhinə Xəstəxana 35, Boradigah qəsəbə sahə xəstəxanası 15, Kalinovka kənd sahə xəstəxanası 15 çarpayılıqdır. Hər kənd sahə xəstəxanasında da 5 terapevtik, 5 pediatrik, 5 çarpayı isə doğuşa yardım xidməti üçün nəzərdə tutulub… Son statistik məlumatlara görə isə Masallıda işləyən həkimlərin ümumi sayı 197, orta tibbi işçilərinin ümumi sayı 437, kiçik tibbi işçiləri və sair işçilərin sayı ümumi sayı 349 nəfərdir və bütövlükdə  tibb işçilərin sayı 983-dür.

…Masallıdan müsbət təəssüratlarla ayrıldım və çox istərdim ki, bunlar davamlı olsun. Yəni, Masallıda yaşanan bu inkişaf, səhiyyədəki uğurlar yerində saymasın, davamı da gəlsin. Həmçinin, digər bölgələr Masallının təcrübəsindən öyrəsinlər,yaralansınlar.

Heç də ziyanlarına olmaz!

Kamil HƏMZƏOĞLU 

Bakı-Masallı-Bakı,

10-11 oktyabr 2018-ci il

Read Previous

Deputatların statusu ilə bağlı qanun dəyişdirilir…

Read Next

“Şerif”-“Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir