Media Şəhidlərimiz…

Müharibə həm də informasiya cəbhəsində aparılır.

İnformasiya cəbhəsinin iştirakçısı olan jurnalistlər, operatorlar, fotoqraflar həm də ön cəbhədə, atəş altında peşə borcunu yerinə yetirirlər.

İnformasiya cəbhəsinin əsgərləri istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi dövründə istər düşmənin törətdiyi təxribatlar və hücumlarla bağlı, istərsə də cəbhə xəttindəki vəziyyətlə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət və yük düşüb.

Azərbaycan mediasının nümayəndələri ən qaynar döyüş bölgələrindən mütəmadi olaraq informasiyalar və reportajlar yayımlayıblar.

Həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində Azərbaycan mediası informasiya cəbhəsində öz üzərinə düşən missiyanı şərəflə yerinə yetirməyə çalışıb. Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onlar arasında xidməti vəzifələrini yerinə yetirərkən həlak olan, şəhidlik zirvəsinə yüksələn jurnalistlər də var.

Hələ münaqişənin ilk illərində qadın jurnalistimiz Salatın Əsgərova şəhid olub. Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərov 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirib. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verib. 1992-ci il noyabrın 6-da Salatın Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

1991-ci il il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər tərəfindən vurulan vertolyotda olan 4 media nümayəndəsi həyatını itirib. 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olan Alı Mustafayev Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. Alı Mustafayev 1991-ci ildə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülmüşdü. Həmin vertolyotda olan operator Fəxrəddin Şahbazov şəhid olub. 1950-ci ildə anadan olub, 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb.

Fəxrəddin Şahbazov qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında ermənilər tərəfindən vurulan vertolyotda peşəkar jurnalist və dövlət xadimi Osman Mirzəyev də vardı. 1937-ci ildə dünyaya göz açan. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verib. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından olub 1990-cı ilin sentyabrında O. Mirzəyev Azərbaycan Respublikası Prezident Aparatının şöbə müdiri vəzifəsinə təyin olunmuşdu.

Vurulan vertolyotda həyatını itirənlər arasında AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı. 1992-ci ildə də mediamızın şəhidləri oldu. Onlardan Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanıb. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın imicini bütün dünyaya tanıdıb. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib. Bu, həm də onun öləndən sonra da yaşayacağına işarə idi. Çingiz Mustafayev 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır. Həmin ildə şəhidlik zirvəsinə yüksələn Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakülətisini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb.

1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa Kərimov da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa Kərimov döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb. Minanın aramızdan apardığı həmkarlarımız 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatsa da, mənfur düşmənin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minalar müharibədən sonra 100-lə insanın həyatına son qoyub. Mina təhlükəsi ilə həyatını itirən insanlarımız arasında hərbçilər, mülki şəxslərlə yanaşı, media təmsilçiləri də var.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) və Azərbaycan Televiziyasının əməkdaşı – operator Sirac Abışov məhz yağı düşmənin təxribatı nəticəsində həyatını itirən şəhidlərimizdəndir. Hər iki media təmsilçisi 2021-ci il iyunun 4-də işğaldan azad olunmuş Kəlbəcərdə öz vəzifələrini yerinə yetirərkən tank əleyhinə mina partlayışı zamanı həyatlarını itirərək, şəhidlik zirvəsinə ucalıblar. Qeyd edək ki, Məhərrəm İbrahimov (Əlioğlu) 1982-ci il iyun ayının 1-də Bakıda dünyaya gəlib. AZƏRTAC-ın xüsusi müxbiri vəzifəsində çalışıb. İki oğul övladı yadigar qalıb. AzTV-nin operatoru Sirac Abışov isə 1989-cu il avqustun 29-da Qubadlıda anadan olub. 2013-cü ildən 2018-ci ilə qədər APA TV-də çalışan Sirac Abışov 2019-cu ildən AzTV-də işləməyə başlayıb.

Ailəli idi, bir övladı var. Bu gün ölkəmizdə torpaqlarımızın uğrunda şəhid olan şəhidlərimiz kimi, media şəhidlərinin də xatirəsi ehtiram və hörmətlə yad edilir. İndi həmin qəhrəmanların adına küçələr, prospektlər, məktəblər, parklar var.

Şəhidlər ölməzdir və hər zaman xalqın qan yaddaşında xatirələri ilə yaşayırlar.

Azərbaycan mediasının təmsilçiləri də öz şəhid həmkarlarını daim hörmət və ehtiramla yad edirlər.

Fuad HÜSEYNZADƏ

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Öncə Vətəndir” layihəsi çərçivəsində hazırlanıb.

Etikxeber.az

Read Previous

Rusiyaya qarşı yeni sanksiya siyahısı açıqlanacaq-BU GÜN

Read Next

21 yeni yoluxma-2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir