“Mehdiyev AMEA-ya prezident təyin olunanda çoxları fikirləşirdi ki…Dövlət məmurları, deputatlar, iş adamları, zənginlər həvəslə elmi adlara yiyələnməyə çalışırlar… Elə bil onlara vəyh gəlib…”-SABİQ DEPUTATDAN SƏRT SÖZLƏR

Tarix boyu insanları, dünyanı böyük bəlalardan, acılardan elm qurtarmışdır.

Hazırda planetimizdə fəlakətli vəziyyət yaradan koronavirusla mübarizənin ön cəbhəsində dayanan elə elmdir.

Bəlkə də, dünya alimlərinin nailiyyətləri, kəşfləri, tədqiqatları olmasaydı, itkilərin miqyası ölçüyə gəlməzdi.

Pandemiyanın pik vaxtında dostlarımdan olan bir tibb alimini telefonla aradım:

-Vəziyyət nə yerdədir? Çoxmu qalıb virusa qarşı dərmanın hazırlanmasına? Milli elmimiz nə düşünür?

-Gedin, milyonlar verib ölkəyə gətirilən futbolçulardan, böyük pullar qarşılığında hansısa tədbirlərimizdə də bir-iki ağız oxuyan xarici müğənnilərdən soruşun. Bizə 500-600 manst məvacib verirlər, amma çox şey istəyirlər-deyən alimin cavabı məni heç təəccübləndirmədi.

Elmimizin durumu hər kəsə bəllidir. Vaxtilə bir çox sferalarda, xüsusilə də neft-kimya sahəsində ciddi araşdırmalar aparan, uğurlara imza atan elmimizdə bir durğunluq, hətta geriləmə var. Durub desəm ki, dövlətin elmə diqqəti azdır, doğru olmaz.

Hökumət elmi qızıla tutmasa da,onun inkşafına, irəliləməsinə xeyli vəsait ayırır. Axı, bir də ki, elm özü qazanc gətirməlidir. İnkşaf etmiş dövlətlərdə, elmi mərkəzlərin, institutların qazancı yüz milyonlarla, milyardlarla ölçülür. Böyük maddi-texniki imkanlara, potensiala malik Azərbaycan Milli Elmlər Akademiyası isə dövlətdən pul umur,onun hesabına yaşayır.

Problemin kökündə ilk növbədə köhnə idarəçilik üsulu durur. Bizim Akademiya hələ də Sovetlər dönəmindəki qaydalarla idarə olunur. Orada hər şey sosializmi xatırladır. Elə onun indiki rəhbərinin özü də. Prezident Administrasiyasının keçmiş rəhbəri, illərdir akademik titulunu daşıyan Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunanda çoxları fikirləşirdi ki, bu adam işə başlayan kimi, qollarını çırmalayıb islahatlara başlayacaq.

Yanıldılar. Heç nə dəyişməyir. Ramiz Mehdiyevin özünə yaxın insanları və həyat yoldaşını Akademiyada hansısa vəzifəyə təyin etməkdən başqa yaddaqalan fəaliyyəti yoxdur…

Qəribədir, Azərbaycanda son illərdə müxtəlif elmi adlara malik insanların sayı həndəsi silsilə ilə artsa da, dünya səviyyəsinə çıxarılacaq nə bir sanballı kəşfimiz, nə də tədqiqatımız var.

Soyadlarına elmi titullar əlavə etmək ölkəmızdə sanki bir dəbə, moda fəryadına çevrilmişdir. Dövlət məmurları, deputatlar, iş adamları, zənginlər də həvəslə belə adlara yiyələnməyə çalışırlar. Elə bil onlara vəyh gəlib.

Bir oğul istəyirəm ki, onların elmi irsini (?) araşdırıb ortaya qoysun. Onda kimin alim, kimin şöhrət düşkünü olduğu üzə çıxar.

Bütün elmlərin mahiyyəti varlıqları, gerçəkliyi doğru şəkildə öyrənməkdir. Bu çox zəhmət tələb edən bir işdir. İstedad, dərin savad, elmə sevgi tələb edən bir işdir.

Şöhrət düşkünü bunun öhdəsindən əsla gələ bilməz. Nə isə…

Bir yerdə kiçik insların böyük kölgələri varsa, deməli,o yerdə günəş qürub edir.

Elmimizin çırağını sönməyə qoymayaq!

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az


Read Previous

“İran din qardaşları deyərək, Fələstinə görə sərgilədiyi mövqeyin eynisini 1 milyondan artıq müsəlman-şiəni yurd-yuvasından didərgin salan, minlərlə müsəlmanı Xocalının timsalında dəhşətli soyqırıma məruz qoyan, bir müsəlman dövlətinin ərazisinin 20 faizini işğal edən Ermənistana qarşı da sərgiləsin”-QƏNİRƏ PAŞAYEVADAN İRANA ÇAĞIRIŞ

Read Next

Təhsil kreditləri, uşaq pulu, internet, məcburi təyinat, banklar, təhsil haqqı-REKLAM, RƏQBƏT MƏCƏLLƏSİ VƏ… – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir